Menu

İŞİD Kobanidən çəkilir, İraqda hücuma keçir

18.10.2014, 09:36
İŞİD Kobanidən çəkilir, İraqda hücuma keçir

Əsəd qüvvələri Suriyada İŞİD qərargahını ələ keçirdi, qruplaşma 1294 itki verdi və ilk sınaq uçuşlarını həyata keçirir

Kobanidə bir ay davam edən döyüşlərdən sonra geri çəkilən İŞİD indi də İraqda hücumlarının sayını artırıb. Bağdada yaxın bölgələrini ələ keçirən İŞİD-in paytaxt Bağdada və müqəddəs Nəcəf şəhərinə yaxınlaşdığı bildirilir. Ənbar vilayətinin Ramadi şəhərində isə küçəyə çıxmaq qadağan edilib.

Ənbar vilayəti məclisinin sədri Sabah Kərhut şəhər sakinləri və avtomobillər üçün tətbiq olunan küçəyə çıxma qadağasının İŞİD-in hücum təhlükəsinə qarşı tətbiq olunduğunu bildirib. Hazırda Ramadi şəhəri İraq ordusunun nəzarətində olsa da, şəhərin cənub, şimal və qərb hissələrində İŞİD qüvvələrinin hücumları qeydə alınır.

İŞİD Bağdad yolunda

Oktyabrın 15-də Ramadi şəhərinə hücum edən İŞİD qüvvələri artıq paytaxt Bağdadın lap yaxınlığında sayılırlar. Doğrudur, 15 oktyabr hücumları geri oturdulub, ancaq Ramadi yaxınlığındakı Hit qəsəbəsini ələ keçirən İŞİD-çilər Hadisə qəsəbəsini mühasirəyə alıb. Bölgəyə son bir həftədə dərman, qida və sair gündəlik tələbat məhsulları gətirilmir.

Ramadi ələ keçirilsə, İŞİD Bağdada hücum etməyə başlayacaq. Hələlik İraq rəsmiləri Bağdad üçün heç bir təhlükənin olmadığını iddia etsələr də, İŞİD-in hər gün irəliləməsi və İraq ordusunun ciddi müqavimət göstərə bilməməsi Bağdad üçün təhlükə riskinin yüksək olduğunu göstərir.

Bombardmanlar effekt vermir

Sentyabrın əvvəlindən başlayaraq ABŞ ordusu və müttəfiq aviasiyası İraqda İŞİD mövqelərini bombalasalar da, ABŞ hökumətinin də etiraf etdiyi kimi bombardmanlar effekt vermir. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib ki, İŞİD-in irəliləməsinə baxmayaraq hələlik Bağdad üçün ciddi təhlükə yoxdur. İŞİD qüvvələrinin döyüş xətti ilə İraq paytaxtı arasındakı məsafə hazırda 40 kilometr təşkil edir.

Hazırda Kobani şəhərinin 20 faizi İŞİD yaraqlılarının əlində olsa da, ümumilikdə İŞİD-çilər geri çəkilir. Suriya kürdlərinin Demokratik Birlik Partiyasının (PYD) sədri Saleh Müslim bildirib ki, koalisiya qüvvələrinin hava zərbələri İŞİD-in geri çəkilməsinə ciddi təsir göstərib. Eyni zamanda kürd mənbələri son bir ayda davam edən döyüşlər zamanı 1294 İŞİD yaraqlısının öldürüldüyünü açıqlayıblar.

İŞİD-çilər öz basdırdığı minaya düşdü

İŞİD yaraqlıları Mosul-Zumar yolunda minaya düşüblər."əl-Cəzirə"nin xəbərinə görə, İŞİD-in Mosul-Zumar yolu üzərində Misri kəndi yaxınlığında körpüyə basdırdığı minalar qruplaşmaya aid maşın karvanı keçərkən parlayıb. Partlayış nəticəsində 20 İŞİD üzvünün öldüyü, 30 nəfərin isə yaralandığı bildirilir.

Bir müddət diqqətdən kənarda qalan Suriya prezidenti Bəşər Əsəd nəzarətində olan qüvvələr ölkənin şimal-şərqində yerləşən Deyr əz-Zor şəhərində hücuma keçərək İŞİD qüvvələrinin yerli qərargahını ələ keçirib. Livanın “əl-Məyadin” telekanalının məlumatına görə, hökumət qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində İŞİD qərargahı ələ keçirilərək dağıdılıb. Hücum zamanı çoxu Suriya vətəndaşı olmaqla xeyli sayda İŞİD döyüşçüləri öldürülüb.

Məlumatda qeyd olunur ki, Deyr əz-Zorda yerləşən hərbi hava bazası hökumət qüvvələrinin bu bölgədə son qalası hesab olunurdu. Rəkkadakı hərbi hava bazasını ələ keçirdikdən sonra İŞİD bu Deyr əz-Zoru ələ keçirməklə bölgədəki mövqelərini daha da gücləndirməyə çalışıb. Ancaq hökumət qüvvələri hərbi hava qüvvələrinin də fəal dəstəyi ilə həyata keçirilən əməliyyatla Deyr əz-Zordakı İŞİD qərargahını ələ keçirib. Hazırda Əsəd qüvvələri bölgədə hücum əməliyyatlarını davam etdirir.

İŞİD-in aviasiyası

İŞİD Hələbin şimalında ələ keçirdiyi hərbi hava bazasında ilk təlim uçuşları həyata keçirib. Bu barədə Suriya insan haqları izləmə təşkilatı məlumat yayıb. Məlumatda bildirilir ki, İŞİD-in ələ keçirdiyi bazada 3 təyyarə ilə təlim uçuşları həyata keçirilib. Şahidlərin məlumatına istinad edən təşkilatın rəhbəri Rami Əbdürrəhman bildirib ki, İŞİD-in əlində olan hərbi təyyarələrdə Səddam Hüseyn ordusunda hərbi təyyarəçi olmuş zabitlər İŞİD üzvlərinə təlim keçirlər.

R.Əbdürrəhman bildirib ki, şahidlər İŞİD-in əlində olan hərbi bazadan dəfələrlə hərbi təyyarələrin havaya qalxdığını görüblər.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol