RUSİYA TƏKLƏNİR VƏ QICIQLANIR - MDB ölkələri yeni hərbi-siyasi güc mərkəzinə yönəlir...

Azərbaycanın 44 günlük savaşda qazandığı tarixi hərbi zəfər çox şeyi dəyişib. İndi Azərbaycan Cənubi Qafqazda əsas söz sahibidir. Bu regionun gələcək inkişaf perspektivləri rəsmi Bakının siyasi iradəsinə bağlıdır.

Təbii ki, bu reallıq MDB məkanında bəzi dövlətlərin mövqelərinə və siyasi qərarlarına birbaşa təsir edir. Artıq həmin dövlətlər anlayırlar ki, Cənubi Qafqaz yeni iqtisadi-ticari zonaya və önəmli nəqliyyat-kommunikasiya şəbəkəsinin yaranacağı bölgəyə çevriləcək. Bu səbəbdən də, Azərbaycanla daha fərqli keyfiyyətdə münasibətlərin qurulması barədə düşünmək ehtiyacı yaranıb.

Xüsusilə də, MDB məkanında hərbi-siyasi gərginliyin artdığı bir mühitdə postsovet ölkələri üçün alternativ əməkdaşlıq istiqamətlərinin açılması olduqca vacibdir. Çünki hazırda Rusiyanın orbitində qalmaq, Kremlin hegemonluğuna girov düşmək bir çox MDB məkanı dövlətini təhlükəli proseslərə sürükləyə bilər. Və bu, postsovet ölkələrində istər-istəməz narahatlıq doğurur.

Rusiyanın aqressivliyi artmaqda davam edir. Kreml öz müttəfiqlərinə münasibətdə diqtə üslubunu əsas əməkdaşlıq faktoruna çevirib. MDB dövlətlərinin dünya ilə daha sıx inteqrasiyasına əngəl törədir, onları öz təsir dairəsində tutmağa çalışır.

Ancaq Ukrayna ətrafında baş verənlər, ABŞ-Rusiya qarşıdurmasının təhlükəli görüntülər alması, Kremlin sıxışdırılması prosesinə NATO-nun da qoşulması situasiyanın ciddi şəkildə dəyişməsinə yol açmağa başlayıb. İndi bəzi dövlətlər Rusiyanın təsir dairəsindən çıxmaq şansı qazandıra biləcək alternativ əməkdaşlıq və müttəfiqlik barədə düşünməyə meyl göstərirlər. Yəni, bəzi MDB ölkələri Rusiyadan daha təhlükəsiz şərtlər altında uzaqlaşmağın yollarını axtarırlar. Və bu, Rusiyanın ətrafında mərkəzdənqaçma prosesinin başlaya biləcəyindən xəbər verir.

Maraqlıdır ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakı səfərində də bunu təsdiqləyə biləcək əlamətlər müşahidə olundu. Batkanı Azərbaycanın hərbi zəfərindən sonra Bakıya rəsmi səfər etmiş ilk dövlət başçısı hesab etmək olar. Və onun bu səfəri əslində, MDB məkanında da yeni dövrün başladığına yönəlik önəmli mesajdır.

İkigünlük səfər zamanı Prezident Aleksandr Lukaşenko və Prezident İlham Əliyev arasında önəmli mövzuların müzakirə edildiyi bildirilir. Əsas diqqətin qarşılıqlı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsinə yönəldildiyi vurğulanır.

Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib: "Keçən il pandemiyaya baxmayaraq, bizim əmtəə dövriyyəmiz artıb, Azərbaycandan Belarusa ixrac da artıb. Ona görə bu gün sənaye kooperasiyası ilə bağlı məsələləri də daha ətraflı müzakirə edəcəyik".

Rəsmi Bakı Azərbaycan-Belarus münasibətlərindən olduqca məmnundur. İki ölkə arasında iqtisadi əməkdaşlığın güclənməsində və ticarət dövriyyəsinin artmasında birbaşa maraqlıdır. Çünki dövlətlər arasında qarşılıqlı münasibətlərin səviyyəsini məhz iqtisadi-ticari əməkdaşlıq faktorları müəyyən edir. Və bu baxımdan, Belarus da Azərbaycan üçün olduqca önəmli tərəfdaşdır.

Belarus prezidenti Aleksandr Lukaşenkonun açıqlamasının məzmunu da bunu təsdiqləyir: "Həqiqətən, Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu, yalnız ilk addımdır. Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam, Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir. Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var".

Batkanın açıqlamasında bəzilərini, xüsusilə də, Rusiya və Ermənistanı narazı sala biləcək məqamlar da var. Onun "Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb" deməsi həm Rusiyada, həm də Ermənistanda fərqli də yozula bilər. Çünki Azərbaycanın milli arzusunun reallaşması Ermənistanın hazırda yaşadığı hərbi məğlubiyyət sancılarını yol açıb. "Böyük addım" eyhamını isə Rusiya sülhməramlı qüvvələrinin bölgədə qalmasının yaratdığı problemlər ilə paralelləşdirmək olar. Yəni, ümumi proses məhz Rusiya sülhməramlı qüvvələri bölgəni tərk etdikdən sonra yekunlaşmış olacaq.

Digər tərəfdən, Batkanın işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasından danışması və Belarusun Azərbaycanın dostu olmasını xüsusi olaraq, vurğulaması da Rusiya və Ermənistanda narahatlıq doğura biləcək məqamlardır.

Belarus prezidenti bununla Ermənistanın işğalçı dövlət olduğuna eyham vurmuş olur. Azərbaycanla dostluğun isə Kremldə qıcıq yaratdığı qətiyyən şübhə doğurmur. Və bu, Batkanın açıqlama verərkən mesajlarının haralara gedə biləcəyini də əvvəlcədən hesaba qatdığını düşünməyə əsas verir.

Məsələ ondadır ki, Belarus 44 günlük savaş dövründə Azərbaycanı dəstəklədiyini qətiyyən gizlətməmişdi. Halbuki, Belarus KTMT çərçivəsində Rusiya və Ermənistanın hərbi müttəfiqi sayılır. Və buna baxmayaraq, rəsmi Minsk öz hərbi müttəfiqini müdafiə etməyə cəhd belə, göstərmədi.

Bu baxımdan, KTMT çərçivəsində hərbi müttəfiqliyin sadəcə, formal xarakter daşıdığı qətiyyən şübhə doğurmur. Azərbaycan Belarus üçün Ermənistandan hətta Rusiyadan belə, daha əhəmiyyətli tərəfdaşdır. Bir neçə il əvvəl Rusiya Belarusa iqtisadi embarqolar tətbiq edib, dövlət borcunu ödəmək üçün aqressiv təzyiqlər göstərmişdi. Belə çətin dövrdə məhz rəsmi Bakı Kremlin qıcıqlana biləcəyinə əhəmiyyət vermədən Belarusun yardımına yetişmişdi. Belarusa Rusiyaya olan borcun ödənilməsi məqsədilə faizsiz iri məbləğli kredit vermişdi. Və nəticədə Belarus Kremlin aqressiv təzyiqlərindən yayına bilmişdi.

Təbii ki, Batka bütün bunları qətiyyən unutmayıb. Kimin səmimi dost, kiminsə formal münasibətlər ilə öz maraqlarını təmin etməyə çalışdığını çox gözəl anlayır. Eyni zamanda, Batka cəmisi bir neçə ay əvvəl Rusiyanın onu hakimiyyətdən devirmək üçün hansı planlar qurduğunu da nəzərə almamış deyil. O, Rusiyadan Belarusa təlimatlardan başqa heç nə verilməyəcəyinə də əmindir.

Ona görə də, Azərbaycanın savaşda qalib gəldikdən sonra yeni iqtisadi-ticari cazibə mərkəzinə çevrilməsi Belarusun da maraqlarına cavab verir. Hər halda, Belarus indi yeni və daha etibarlı, həm də perspektivli iqtisadi-ticari tərəfdaş qazanmaq şansına sahibdir.

Ancaq Azərbaycan ilə tərəfdaşlığın Belarusa vəd etdiyi perspektivlər yalnız bunlarla məhdudlaşmır. Azərbaycanla etibarlı tərəfdalıq Belarusa Türkiyə ilə daha sıx əməkdaşlıq imkanları da açır. Bu isə Belarus üçün enerji resurslarıyla zəngin Türk dünyası ilə yanaşı, həm də dünyaya fərqli "pəncərə" deməkdir. Və rəsmi Minsk belə bir imkanı artıq onilliklərdir ki, axtarmaqdadır.

Düzdür, 2018-ci ildə Batka bu problemi məxfi şəkildə Ukrayna üzərindən həll etməyə çalışırdı. Ancaq ABŞ və Qərb Belarusu Rusiya ilə qarşıdurmaya çəkmək istədiyindən nəticə əldə olunmadı. İndi Azərbaycan və Türkiyə üzərindən dünyaya açılmaq şansı daha perspektivli görünür. Üstəlik, bu dəfə məxfi anlaşmalara da qətiyyən ehtiyac yoxdur. Şəffaf dövlətlərarası anlaşmalar Batkanın beynəlxalq blokadadan çıxmaq arzularını reallığa çevirən bilər.

Göründüyü kimi, Azərbaycan Belarus üçün yeni iqtisadi-ticari cazibə mərkəzinə çevrilməyə başlayıb. Rusiyada nə qədər qıcıqlansalar da, Azərbaycanla tərəfdaşlıq, NATO ölkəsi Türkiyə ilə əməkdaşlıq perspektivləri Belarusa yeni inkişaf imkanları vəd edir. Kremlin təzyiqlərindən böyük ölçüdə xilas olmaq şansı verir. Və bu, savaşdan sonra Cənubi Qafqazda geopolitik şərtlərin dəyişməsindən qaynaqlanan ön önəmli məqamlardan biridir.

Onu da qeyd edək ki, hazırda Rusiyanın ətrafında başlayan mərkəzdənqaçma prosesi yalnız bununla məhdudlaşmır. İndi Qazaxıstan və Özbəkistan da Rusiyanın olmadığı alternativ tərəfdaşlıq mərkəzlərinə ümid bəsləyir. Belə ki, Özbəkistan Türk Şurası çərçivəsində iqtisadi-ticari əməkdaşlığın gücləndirilməsində israr edir. Qazaxıstan isə ümumiyyətlə, daha geniş ortaqlıq vəd edən Türk Dövlətləri Birliyinin yaradılmasına tərəfdardır. Yəni, bu, o deməkdir ki, KTMT üzvü olan Qazaxıstan və Özbəkistan da Rusiyadan uzaqlaşaraq, Azərbaycan və Türkiyə ətrafında mərkəzləşməyə üstünlük verirlər.

Nəhayət, bu sıraya Azərbaycan və Türkiyə ilə xüsusi münasibətlərə can atan Ukraynanı da əlavə etdikdə olduqca maraqlı şituasiyanın yaranmaqda olduğu nəzərə çarpır. Rusiyadan uzaqlaşmaq üçün ciddi səbəbləri olan dövlətlər Azərbaycan və Türkiyənin ətrafına toplaşmağa üstünlük verirlər. Yəni, belə anlaşılır ki, Rusiya öz aqressiv siyasəti ucbatından tədricən təklənməyə başlayıb. Əvəzində isə Azərbaycan və Türkiyənin ortaq liderliyi altında yeni siyasi-iqtisadi cazibə mərkəzi yaranmaqdadır. Bu proses yaxın gələcəkdə dünyaya yeni hərbi-siyasi güc mərkəzi də qazandıra bilər.(musavat.com)

635x100

Şərhlər

Ağasəf 2021-04-16 16:27:20

Turan eller var olsun

Xalq 2021-04-16 14:48:22

məncə isə lukoşenko putinin təlimatlarını gətirib!

t.ədalət 2021-04-16 10:55:09

İşğalçı Putindən hamı qaçır

t.ədalət 2021-04-16 10:53:07

Rusiya da Dağlıq Qarabağda bizi təkləyir.Rüstəm Muradovun nəzarəıt etdiyi sahələrdə,o cümlədən Laçında ermənilər evləri yandırır,ağacları kəsir.ermənilərin törətdiyi bu cinayətlərə Putinin regiona göndərdiyi tabasranets R.Muradov dəstək verir.....

Son yazılar