Kriminal aləm üzvlərinin "Portofino"dakı cinayəti araşdırıldı- Həbs edilən şəxslər ağır cəza aldı

Bakıda hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb. Onlar arasında daha əvvəl də məhkumluq həyatı yaşamış, kriminal aləm üzvü olan şəxslər var.

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə suçlanan Kamran Babayev, Əhməd Əlizadə, Ceyhun Niftəliyev, İlham Ramazanov və Kənan Sayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Təqsirləndirilən şəxslər Rafiq İsrafilovu hədələməkdə və ondan pul tələb etməkdə təqsirləndirilirlər. Təqsirləndirilən şəxslərin kriminal aləmə yaxınlığı olduğu bildirilir.

Onlara qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) 234-cü (narkotik) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər özlərini bu maddələrlə qətiyyən təqsirli bilmirlər. Məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Ceyhun Niftəliyev ifadə verib. O deyib ki, digər təqsirləndirilən şəxslərlə dostdur.

Hadisənin hansı səbəbdən baş verməsini danışan Ceyhun bildirib ki, söhbət qətiyyən kimisə hədələməkdən getmir. Onun dediyinə görə, tanışı Cəmil bu işdə zərərçəkmiş kimi tanınan Rafiq İsrafilova verdiyi pulu ala bilmirmiş. Məsələ də elə buradan başlayıb.

"Rafiq İsrafilov Cəmilə pul borclu olub. Cəmil də mənə pul verəcəkdi. Dedi ki, Rafiq onun pulunu vermir. Buna görə də o da mənə pul verə bilmir. Mən də Rafiqlə danışdım. Dedim ki, pulu versin, çünki mənə də təcili lazımdır. Rafiq dedi ki, 2-3 günə cavab verəcək. Bundan başqa, söhbətimiz, görüşümüz olmayıb. Hadisə günü də biz çayxanada idik. Həmişə bir yerdə olan dostlarıq. Rafiq gəldi, biz olan kabinetə keçdi. Heç nə danışmadıq, bir neçə dəqiqə sonra polislər içəri girdi. Bizi Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Nə mən, nə də bu uşaqlar Rafiqi hədələyib. Hətta bunların söhbətdən xəbəri olmayıb. Sonra bildim ki, Rafiq bizdən şikayət edib"- deyə təqsirləndirilən şəxs ifadəsində bildirib.

Hakim Ceyhun Niftəliyevdən soruşub ki, üzərində bıçaq gəzdirməsinin və Rafiqlə danışan zaman cibindən çıxardığı bıçağı masanın üzərinə qoymasının səbəbi nə olub?

Suala cavabında Ceyhun bildirib ki, cibində bıçaq olsa da onu Rafiqə göstərməyib, masanın üzərinə qoymayıb.

Digər təqsirləndirilən Kənan Sayılov dindirilən zaman hadisədən xəbərsiz olduğunu, zərərçəkmiş Rafiq İsrafilovu heç vaxt görmədiyini deyib.

"Zəngləşib uşaqlarla "Portofino" çay evində görüşdük. Ceyhun, İlham və mən söhbət edirdik. Mənim daha əvvəl görmədiyim, tanımadığım bir nəfər kabinetə gəldi. Onun arxasınca da polislər. Mən polisdə bildim ki, bu adam Rafiqdir və bizdən şikayət edib",- deyə təqsirləndirilən şəxs bildirib.

Məhkəmədə təqsirləndirilən İlham Ramazanov da ifadə verib. O da Kənan Sayılov kimi eyni məzmunlu ifadə verib. Deyib ki, çay evində olan zaman bir nəfər onların yanına gəlib. Sonra polis əməkdaşları gələrək onları Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar.

İlham Ramazanov zərərçəkmişi tanımadığını və heç bir zaman görmədiyini deyib. Ramazanov saxlanılan zaman üzərində bıçaq olmasını etiraf edib.

Xatırladaq ki, İlham Ramazanovun adı bizə daha əvvəl baş verən silahlı insidentdən məlumdur. Həmin hadisə 2017-ci il yanvarın 7-də Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 134 ünvanında yerləşən "Nənəmin Təndiri" restoranının yaxınlığında baş vermişdi. Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunmuşdu. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmasa da, bir neçə nəfər həbs edilmişdi. Onlardan biri də İlham Ramazanov idi. Ramazanov xuliqanlıqda ittiham edilərək 2 ilə yaxın azadlıqdan məhrum edilmişdi. Cəzasını çəkdikdən sonra azadlığa buraxılan Ramazanov 2017-ci ildə baş verən hadisədən əvvəl də məhkumluq həyatı yaşayıb.

Məhkəmə yekunda təqsirləndirilən şəxsləri törətdikləri əməklə günahkar bilib.

Hakim Mahnud Ağalarovun sədrliyi ilə elan edikən hökmə əsasən Kamran Babayev 8 il 6 ay, Əhməd Əlizadə 5 il, Ceyhun Niftəliyev 7 il 6 ay, İlham Ramazanov və Kənan Sayılovun cinayət isə hərəsi 7 il müddətinə azadlıqdan məhrum ediliblər.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar