BAKURLAR VƏ BAKURAKERT ŞƏHƏRİ...

İlhami Cəfərsoy

Ermənilərin iddialarına görə Bakı şəhərinin qədim adı Bakurakert olmuşdur. Düzdür, Azərbaycanda Bakurakert şəhəri var idi. Ancaq həmin şəhər Abşeronda yox, Midiyada yerləşirdi. Musa Xorenli yazır ki, Parfiya mənşəli var Artaş Bakurakert şəhərində öldü (Хоренский 1808.s.266).

Rusiyanın Qafqaz canişini Paskeviçin tapşırığı ilə ermənilər yunan və latın tarixçilərinin əsərlərini ələk-vələk elədilər. Məlum oldu ki, həmin şəhər Cənubi Qafqazda yox, Güney Azərbaycanda Mərənd şəhəri yaxınlığında olmuşdur (Шопен 1852.s.85; Шопен 1866.s.54).

Nəinki Bakı, Bakur da, kert də türk sözləridir. Bakur mis (Хабичев 1975. S. 47, 48), kert kəsmək, yonmaq deməkdir. Orta əsrlərdə qalalar kərtilmiş, yəni yonulmuş daşlardan tikilirdi. Buna uyğun olaraq Azərbaycan dilinin ləhcələrində kərtmək, çərtmək, qırtmaq feilləri vardır. Yeni doğulan oğlan və qız uşaqlarının bələkdə ikən nişanlanma mərasiminə göbəkkərtmə deyilir.

Aşxalusun göbəyindən çıxanlar düşünə bilərlər ki, qrabar dilində qırt sözü vardır. Kiçik zadəgan uşaqlarına qırtzer deyirdilər. Onda zəhmət olsa da, mənim “H`Ayların və armenlərin mənşəyi” kitabımı vərəqləsinlər. Zərrəcə şübhələri qalsa, akademik Marrın qrabar dilinin etimologiyasına həsr olunan kitabını oxusunlar (Марр 1903. giriş).

Bakur və ya Çin Bakur qədim dünyanın cəsur türk nəsillərindən biridir. Onlar aralarında yaranan düşmənçiliyə görə iki yerə bölünmüş, bir hissəsi Daryal dərəsindən ötərək İveriyaya, bir hissəsi Parfiyaya gəlib çıxmışdır (Армения и Рим 1843.s.201; Кероп Патканов 1883.s.252).

Mərənd yaxınlığındakı Bakurakert şəhərini parfiyalı bakurlar salmışdır. İveriyaya gələnlər yerli tayfaları səfərbər edib sasaniləri ölkədən qovdular. Yunanları məğlubiyyətə uğradaraq Van gölü yaxınlığında Baqrevan qalasını tikib orada möhkəmləndilər.

Baqrevan şəhərində xristianlıqdan qabaq Baqır adlı məbəd var idi. Xristianlıqdan sonra o məbədi uçurub, bünövrəsi üzərində kilsə tikdilər. Ermənilərin iddialarına görə Bakurakert onların böyük şəhəri, Baqrevan müqəddəs məbədi olmuşdur (Никита Эмин 1864.s.65).

Əgər Bakur türk nəslidirsə, özü də bunu biz yox, ermənilərin öz mətnşünası Kerop Patkanov deyirsə (Кероп Патканов 1883.s.253), Baqrevan necə erməni şəhəri ola bilər.

Çin Bakurlar İveriyaya gələndə - eranın II əsrində Urbat qalasında və ətrafındakı kəndlərdə yurd saldılar. Ona görə də bəzən onları ermənilər Orbelian, gürcülər Orbeliani adlandırırlar (Армения и Рим 1843.s.201, 252).

Şahzadə Vaxuşti yazır ki, Çin Bakur nəslinin patriarxları əvvəl İveriyanın vilayət hakimləri, sonra çarları oldular. Fasilələrlə ölkəni 213-cü ildən 570-ci ilə qədər idarə etdilər (Хаханов 1897.s.50; Хаханов 1898.s.67; Кипшидзе 1918.s.42).

Çin Bakur nəslinin zadəganları xristianlıq dövründə kilsələr, monastırlar tikdirmiş, Qorq Aslanın zamanında V əsrin II yarısında Ucarma şəhərində oturub, Kaxetini, Kuxetini, bəzən də Marqvi və Takveri vilayətlərini idarə etmişdir (Джуаншериани 1986.s.81,83,91,95,97).

Xüsusilə maraqlıdır ki, Bakur nəslinin bir qolu Bərdə şəhərində oturub, sasanilərin vassalı kimi Aran ölkəsini idarə edirdi. Sasanilərin Aran hakimi Varaz Bakur İveriyanın türk əsilli çarı Qorq Aslanın dayısı idi (Джуаншериани 1986.s.63).

Bakur nəslinin İveriyada varlığı 1117-ci ilə qədər davam etdi. Həmin ildə İudeya mənşəli baqrationlar Tiflisi tutdular. Əsirlərin gözlərini çıxartdılar. Sağ qalanlar Gəncəyə Şəmsəddin Eldənizin yanına qaçdılar (Джуаншериани 1986.s.98).

Bakur nəslinin patriarxlarından biri xristianlıq dövründə Sunik yepiskopu, biri Albaniya katolikosu olmuşdur (Армения и Рим 1843.s.325; Егише 1971.s.166; Albaniya tarixi 1993.s.175,177).

Albaniyanın və Sunik mahalının Bakur nəslindən olan yepiskopları ermənilərə yox, İveriya katolikosu Kuriona meyl edirdilər (Малахия Орманян 1913.s.45). Kurion Kür nəslinin patriarxı deməkdir. Kür nəsli də Bakur övladları kimi türk idi. Onlar Albaniyada xristianlıqdan qabaq yaşayırdılar. Biz elə bilirik ki, Kür, Araz adicə iki çayın adıdır.

Bakur etnonimi misə totemik münasibətlə bağlı olaraq yaranmışdır. Çünki hələ dəmirin kəşfindən qabaq insanlar silahları misdən; bürüncdən hazırlayırdılar.

Karaçay, balkar, kumık, başqurd, kolt dillərində bakur, baqır qırmızı mis deməkdir (Хабичев 1975.s.47,48; Тимонина 1978.s.11). Buna uyğun olaraq Azərbaycan dilində paxır sözü vardır. Mis qazanların qalayı gedib altının qırmızı misi görünəndə deyirik, qazanın paxırı çıxıb.

Yunus İmrənin şeirlərində baqır sözü mis mənasında işlənmişdir (Yunus İmrə 2004.s.308).

Bakur nəslinin bir qolu da Şimali Qafqazda yaşayırdı. Onlar monqollardan qaçaraq Polşaya gedib çıxdılar. Yüz ildən artıq orada yaşadılar. Öz hərbi dəstələri ilə Polşa krallarının yürüşlərində iştirak etdilər. III Sigizmundun zamanında Rusiyaya qayıtdılar.

Rusiya zadəganlarının şəcərə kitablarında onların nəsli Bakurinski adlanır. Göstərilir ki, suvorovlar, kutuzovlar kimi onlar da türk mənşəlidir (Баскаков 1979.s.222). Ancaq onlardan bizə nə?

AMEA-nın humanitar bölməsi bir nəfər magistrantı təhsil almaq üçün İngiltərəyə göndərmişdi. O, təhsilini başa vurub Azərbaycana qayıtmadı. Dedi ki, Britaniyanın kiçik elmi işçiləri bizim akademiklərdən çox əməkhaqqı alırlar.

Gəlin düşünək. Bu cür təqaüdlə, maaşla Bakur övladlarını Bakurinski eləmirik ki!? Nəticədə Bakını Bakurakertə çevirmirik ki!? 

635x100

Şərhlər

Pərviz Əliyev 2021-05-09 17:35:46

İlham bəy təşəkkür edirəm. Gerçəkləri yazıb ortaya çıxardığımız üçün.

Xalq 2021-04-26 19:20:36

İlhami müəllim! Çox sağ olun!

Son yazılar