ABUTALIBOVUN DAVAMÇILARI... - Azərbaycanda psixi problemləri olan nə qədər məmur, deputat var?

Şəmkirin həbs olunan icra başçısının çıxışlarını, hərəkətlərini əks etdirən videolara baxdıqca, adamın təkcə şəmkirlilərə yox, bütünlükdə millətə yazığı gəlir. Şəmkir kimi böyük bir rayonun belə qeyri-adekvat, anormal, isterik mahiyyətə malik, açıq-aşkar psixi problemləri olduğu sezilən şəxsə tapşırılmasına soyuqqanlı yanaşmaq olmur.

Əslində, böyük yaxud kiçikliyindən asılı olmayaraq, hansısa ərazi inzibati vahidinin, yaxud təşkilatın, kollektivin idarəçiliyi tapşırılan şəxsin peşəkarlıq, idarəçilik, dürüstlük, təcrübə və s. göstəricilərilə yanaşı, mütləq psixi baxımdan nə dərəcədə sağlam olması da nəzərə alınmalıdır. Ancaq illərin təcrübəsi göstərir ki, sadaladığımız kriteriyalar əksər hallarda ikinci plana keçib və üzə daha çox talançılıq, yalançılıq, yaltaqlıq qabiliyyəti olanlar çıxarılıb. Belələrininsə, həm də psixi problemlərinin olması təbiidir...

Uzun illərdir ki, nəinki savadı, idarəçilik bacarığı sarıdan, hətta əməlli-başlı əqli, psixi problemləri olan xeyli məmur, deputat, siyasətçi və s. barədə tragikomik səhnələrin şahidi oluruq. Biri Azərbaycan dilində danışa bilmir, birinin nənəsi, dayısı, daha nəyi ermənidir, biri özünü dəliliyə, gicliyə qoyub, bir məktəb direktoru başına xırda-xırda bayraqlar sancıb rəqs edir, sonra elə həmin vəziyyətdə də qəssablıq edib, ət doğrayır, 20 ilin ağsaqqal deputatı heç olmasa qatıldığı onlayn iclasın bitməsini gözləyə, “nəfsini beşcə dəqiqəlik saxlaya” bilmir, “seksual manyak” kimi davranır, başqa bir depuatat içib efirə çıxır, yaxud general, hətta “milli qəhrəman” adı verilən, 20 ildir briqada, korpus komandiri kimi minlərlə əsgər və zabitin taleyinə görə cavabdeh olan digər biri sən demə küçədə məişət zəminində qətl törədən, deməli ciddi psixi problemləri olan adi qatilmiş, həbs olunan icra başçılarından biri özünü və ailəsini qaçqın yataqxanasında qeydiyyata saldırıb ki, guya orada yaşayırmış və bundan başqa mülkü-filan yoxmuş və daha nələr nələr...

Bu tamaşanın hələlik son aktyoru isə yenicə həbs olunan Alimpaşa Məmmədovdur. Adam elə bil Hacıbala Abutalıbovun nisbətən cavan variantıdır, az qalır çaşıb Alimpaşa Abutalıbov yazasan – açıq görünür ki, psixi problemləri var, necə deyərlər, özü çalır, özü də oynayır, çığır-bağırla şeir deyir, sonra da özü özünə əl çalır. Camaat da canının dərdindən ona qoşulub çapan çalır və bir yandan da əlini göyə tutub düşünür ki, “Ay Allah, gör bizi kimlərin ümidinə buraxmısan...”.

Məsələnin bir də təhlükəsizlik tərəfi var. Özlərini psixi xəstə kimi aparan, açıq şizofreniya əlamətləri sezilən şəxslərin yüksək vəzifələrə təyin olunması onların ümidinə buraxılan inzibati ərazilər, həmin ərazilərdə yaşayan insanlar, əgər hansısa nazirlikdə, yaxud digər icra orqanında rəhbərdirlərsə, rəhbərlik etdikləri sahələr və kollektivlər üçün təhlükə mənbəyidir.

Təəssüf ki, Azərbaycanda irili-xırdalı minlərlə bu cür həm anormal, həm də artistlik bacarığı, istedadı olan məmur var. Bunların ən istedadlısı və “parlaq karyeraya” malik olanı, bəlkə də “xaç atası” isə əlbəttə ki, Hacıbala Abutalıbovdur. Adam uzun illər boyu törətdiyi əməlləri asanlıqla ört-basdır etdi - hansı rollara girmədi, nələr demədi, hansı oyunlardan çıxmadı?

Nəticə nə oldu – bu gün onun “sağ əli” sayılan Rasim Quliyev həbsdə, özü isə azadlıqda, öz kefində-damağındaır.

Ancaq məsələn, Alimpaşa Məmmədovda bu fərasət olmadı – Abutalıbovun ayaqqabılarını geyinsə də, yerişini yeriyə bilmədi. Yenə Alimpaşa Məmmədova gəldikdə, onu hər nə qədər Fazil Məmmədovun, onun, bunun adamı kimi təqdim etsələr də, əslində o və onun kimilər Azərbaycanda uzun illər mövcud olmuş və ümid edək ki, sonuna çıxmağa çalışılan "köhnə qvardiyanın" idarəçilik sisteminin məhsullarıdır...

Bütün sadaladığımız və sadalamadığımız bu adamları birləşdirən bir dəyişməz “dəyər” var – nə yolla olursa olsun pul, var-dövlət, qazanc əldə etmək hərisliyi!

Özü də açıq-aşkar görünən psixi qüsurları qətiyyən oğurluq, fırıldaqçılıq, haqsızlıq, özbaşınalıq etmələrinə, varlanmalarına mane olmur, əksinə, çirkin mahiyyətlərini gizlətməyə, pərdələməyə imkan yaradır. Təəssüf ki, hələ də bir çoxları üçün məlum canlılar kimi özündən yuxarıda duranların şalvarının balağına sürtünmək, onlardan sığal-tumar, tərif, ənam gözləmək, yaltaqlıq, məddahlıq etmək, öz mənliyini, şərəfini 5 qəpiyə satmaq, özündən aşağıda duranları isə əzmək, təhqir etmək, şərləmək, tutdurmaq, haqqını yemək və digər naqislikləri törətmək su içmək kimi asan bir şeydir...

Və nə qədər acınacaqlı olsa da, belələrinin yalnız işdən qovulandan, həbs, ifşa olunandan sonra paxırları üzə çıxarılır, dövlət, hüquq-mühafizə orqanları, cəmiyyət, həm də mətbuat olaraq bu adamların əməllərinə vaxtında qiymət vermirik - görəsən niyə, elə Alimpaşa Məmmədov demişkən, “nədən belə olmalıdı ki?...”.

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Kələntər 2021-05-01 18:07:31

Bu psixi xəstələri kürsüyə ...

Aydın 2021-04-30 18:52:54

Mümkünsə hesablansın nə qədər yüksək vəzifəli məmur alkoqolikdir. Nə qədər psixi asılılıgı olan vəzifədədir? Hərislər, manyaklar , cinayətkar nə qədərdir?

Mubariz 2021-04-30 13:25:10

Vallah belə görürəm Sixlər ,Bizlər psixi xəstəyik ,onlar normal adamlardılar ,ona görə də vəzifə veriblər ,taladıblar

Həmid 2021-04-30 13:09:04

Cavabı: izrailə getsəniz aeroportdan Təl-Əvivə gedəndə yolun sağ tərəfində çox nəhəng lövhəyə ibrit dilində bir şüar yazılıb. Bu ölkəyə gələnlərə müraciətdir.Qısa mənası belədir ki, bizə qızıl pulla deyil, qızıl başla gəlin. Bizdə isə bunun əksinədir. Nə qədər bu münasibət dəyişməyib belə olacaq.

Vətəndaş 2021-04-30 12:29:36

Belələrini bəsləyənlər nəyin hesabına buna yol veriblər.Araşdıran varmı?

hatəm 2021-04-30 11:26:20

Psixi problemləri olan adamların sayı getdikcə artır. Bunu hər gün rast gəlib görürük. İstər işdə, istər qonşuluqda, istər küçədə və.s. bu kimi adamlar artıq üstünlük təşkil etməkdədir. Bu nə ilə əlaqədardır? Yəqin mütəxəssislər səbəbini bilir. Hər addımda rəhmətlik Ağabəy Sultanovun pasiyentlərinə rast gəlirik.Dəhşətdir.Görəsən bunun sonu olacaqmı?

Cammat 2021-04-30 10:37:24

.....ALLAH bunlara, onların havadarlarına nəhlət eləsin.

Son yazılar