Menu

Türkiyənin BMT TŞ-yə seçilməməsi ilə bağlı şok iddia

18.10.2014, 19:05
Türkiyənin BMT TŞ-yə seçilməməsi ilə bağlı şok iddia

Türkiyənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməməsi və yalnız 60 ölkənin dəstəyini alması Qərb mətbuatının diqqətini çəkib. Amerikanın “Newsweek” jurnalı yazıb ki, Türkiyənin BMT TŞ-yə seçilməməsində Suriya və Misir kampaniya aparıb.

O da məlum olub ki, nüfuzlu quruma seçilməklə bağlı Ankara daha əvvəldən geniş diplomatik iş aparıb və 160 ölkə Türkiyənin namizədliyini dəstəkləyəcəyinə dair söz verib. Ancaq səsvermə günü hər şey əksinə olub və yalnız 60 ölkə Türkiyənin namizədliyini dəstəkləyib. Jurnalın iddiasına görə, belə bir nəticənin əldə olunmasında Türkiyənin uğursuz xarici siyasəti və Misir, Səudiyyə Ərəbistanı, Suriya və digər dövlətlərin apardığı kampaniya rol oynayıb.

Xəbərdə o da bildirilir ki, səsvermədə 132 səslə seçilən İspaniyanın qarşısında 60 səs alaraq uduzan Türkiyə hökuməti bu seçkilərə daha əvvəldən hazırlaşıb. Hətta jurnala danışan bir Türkiyə diplomatı səsvermədən bir gün əvvəl 160 ölkədən dəstək məktubu aldıqlarını bildirib.Türkiyənin seçilməsinə əminlik o qədər güclü olub ki, səsvermədən öncə “Waldorf Astoria” otelində təşkil olunan qəbulda iştirak edən hər kəs Türkiyənin TŞ üzvlüyünə seçiləcəyini bildirib. Ancaq seçki zamanı tamamilə fərqli və Ankara üçün üzücü bir nəticə çıxıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu seçkinin nəticələrini şərh edərkən bildirib ki, Ankaranın dəyərlərə söykənən siyasətindən narahat olanlar var. Eyni zamanda nazir bildirib ki, ölkəsi seçkilərdə səs qazanmaq üçün siyasi xəttindən imtina etmək fikrində deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol