“Bugünkü qələbəmizdə sizin keçdiyiniz şərəfli yolun öz payı var” – Komitə sədri veteranlara müraciət etdi

“Hər il qeyd etdiyimiz bu qələbə minlərlə həmvətənimiz, Azərbaycanın mərd övladlarının faşizm ideyasına qarşı canlarını sipər edərək, qurban verməsi hesabına qazanılıb. Azərbaycanlı igidlərdən təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Ümumilikdə 600 000 azərbaycanlımız İkinci Dünya Müharibəsində şərəflə döyüşüb, təxminən yarısı döyüşlərdə həlak olub, 170 mindən çox azərbaycanlı orden və medallarla təltif edilib, 130 nəfər həmyerlimiz isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Eyni zamanda xalqımızın arxa cəbhədə də misilsiz xidmətləri olub, Sovet ordusunun müharibə ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışaraq qələbənin əldə olunmasına mislisiz töhfələr veriblər”.

“AzPolitika.info” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 9 may - faşizm üzərində Qələbə Günü münasibəti ilə müharibə veteranlarına müraciətində bildirib.

Millət vəkili qeyd edib ki, bu böyük qələbəyə insan amili ilə yanaşı təbii resurslarımızın da böyük qatqısı olub. ”Demək olar, Bakı nefti müharibənin taleyini həll edən mühüm amil olub. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış Sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Azərbaycan övladlarının həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri qəhrəmanlıqları, tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında xüsusi yeri olacaq”, - deyə deputat müraciətində vurğulayıb.

Komitə sədri daha sonra Ümummilli lider Heydər Əliyevin Böyük Vətən Müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqindən sitat gətirib: “Bu Qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, neftimiz o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovet İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi...”

Sadiq Qurbanov təəssüflə qeyd edir ki, müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyü tərəfindən Ermənistanın Azərbaycana hərbi təcavüzünün daha geniş miqyas aldığı bir vaxtda, müharibə veteranlarının döyüş təcrübəsindən və xüsusən, mənəvi yardımından istifadə etmək əvəzinə, xalqımızın Böyük Vətən Müharibəsində yazdığı qəhrəmanlıq səlnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərilirdi: “1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 9 May - Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibəti birdəfəlik aradan qaldırdı. 9 May - Qələbə Günü rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə başladı. Müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanlar yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması sayəsində müharibə veteranlarına mənzil, avtomobil verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə çevrildi”.

Millət vəkili daha sonra müharibə veteranlarına diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. O, faşizm üzərində tarixi qələbənin ildönümünün hər il respublikamızda təntənəli şəkildə qeyd olunmasını xatırladıb: “Prezident İlham Əliyev hər il Qələbə günündə görkəmli sərkərdə, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır. Hələ 2005-ci ildə Heydər Əliyev Fondunda keçirilən Böyük Vətən müharibəsində Qələbənin 60 illik yubileyinə həsr olunmuş mərasimdə Prezident İlham Əliyev demişdi: “"İstəyirəm biləsiniz ki, mən veteranlara bundan sonra da böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olub, böyük yol keçmisiniz. Azərbaycan üçün, dövlətimizin inkişafı üçün böyük töhfələr vermisiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusilə, vəzifəli şəxs sizə böyük diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə olan bütün məmurlara da tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar, lazımi işləri görsünlər ki, siz rahat yaşayasınız. Sizin buna haqqınız çatır. Siz Azərbaycan xalqının rifahı naminə fədakarcasına çalışmısınız"”.

S. Qurbanov onu da deyir ki, 30 ilə yaxın idi biz bu qələbəni 8 may tarixində Şuşanın işğalına görə tam coşqu ilə keçirə bilmirdik.

“Amma müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün edərək, faşist ideyaların daşıyıcısı Ermənistan ordusunu darmadağın edib, hərbi kapitulyasiyasına nail oldu. Bəşəriyyətə haqqın, ədalətin bərpası üçün, böyük dövlətlərin yanlış siyasətinə “dur!” deyə biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi. 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün xalqımız üçün Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA qoyulduğu gündür. Bu tarixi qələbəmizdə sizin keçdiyiniz şərəflı yolun da öz payı var. Azərbaycan xalqı bu yolu daima xatırlayacaq və tarixinin qızıl səhifələrində əks etdirəcək”, -deyə millət vəkilinin müharibə veteranlarına müraciətində qeyd olunur.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar