TOY QADAĞASI NƏ VAXTA QƏDƏR DAVAM EDƏCƏK? – Və ya toy məclisləri açıq havada keçirilə bilərmi?

Hazırda koronavirus pandemiyasıyla bağlı gündəlik həyatımızda hələ də qalmaqda davam edən məhdudiyyətlər sırasında açıq havada maska taxmaq tələbindən sonra ikinci ən çox narazılıq doğuran və artıq mənasız görünən məsələ toylara qoyulan qadağadır.

Çünki hər işdə olduğu kimi, bu qadağada da hansısa məntiq olmalıdır, lakin bu məsələdə onu tapmaq olmur. İnsanlar haqlı olaraq, restoran, kafe, çayxana işlədiyi halda toylara qəti və birmənalı qadağa qoyulmasını anlamaqda çətinlik çəkirlər. Çünki Bakıda və digər iri şəhərlərimizdə fəaliyyətinə icazə verilən elə restoranlar, kafelər var ki, bir gündə bir neçə toyun adamı qədər müştəri qəbul edib, yola salır.

Elə pandemiya gələndən həyatımıza girən Operativ Qərargahın başbilənləri də getdikləri restoranlardakı durumu görmürlərmi? Restoran, kafe və çayxanaların böyük əksəriyyəti pandemiya ilə bağlı sanitar normalara riayət etmirlər və buna baxmayaraq, onların çoxu gün ərzində insanla dolub-daşır. Əksəriyyətinə də siqaret tüstüsünün yaratdığı dumandan baş soxmaq olmur.

“Makdonalds” və digər bu tip obyektlərdə isə saatlarla yüzlərlə insan həm masa arxasında, həm də yemək növbəsində bir-birinə yaxın məsafədə durur, heç bir normaya da riayət edilmir. Bəs, müvafiq orqanların buna reaksiyası nədir? Heç nə. Hərdən 3-5 restoranı cərimələməklə işi bitmiş sayırlar.

Yaxşı, belə olan halda eyni münasibəti şadlıq evlərinə də göstərmək olmazmı? Olmazmı ki, onlara da müəyyən qonaq sayı limiti və vaxt qoyulmaqla işləmələrinə icazə verilsin? Şərtlərə riayət etməyənlərsə qoy cərimələnsin. Onsuz da bizimki cərimədən gəlib. Heç olmasa cərimə ödəyən də bilər ki, ödədiyi pul dövlətə getdi, daha indiki kimi polis rəisinə, icra nümayəndəsinə, daha kimlərə rüşvət verib, sonra da qorxa-qorxa, gizlənpaç oynayırmış kimi övladına məclis keçirməz. Axı indiki halda yenə varlanan rəislər, məmurlar, xərcləri artan, ziyan görənsə kasıb-küsub olur...

Havalar isinir, qarşıdan yay gəlir. Digər yandan peyvəndləmə prosesi rəsmi məlumatlara görə, sürətlənir, yoluxma sayı da azalmaqdadır. Həmçinin, rəsmi statistikaya düşməsə də, əslində əhalinin əhəmiyyətli bir hissəsi artıq xəstəliyi keçirib və müəyyən immunitetə malikdir. Eləcə də insanlar getdikcə koronavirus təhlükəsini daha yaxşı anlayırlar və qorunmağa çalışırlar.

Bütün bunları nəzərə alsaq, fikrimizcə, açıq havada, məhdud sayda qonağın iştirakı ilə və bir neçə saatlıq toy mərasimlərinin keçirilməsinə icazə vermək mümkündür...

Təbii ki, bütün digər nisbətən kütləvi tədbirlər, insanların bir yerə toplaşması kimi, toylar da virusun yayılmasına, yoluxmanın artmasına səbəb ola bilər. Lakin yuxarıda qeyd etdiyimiz şərtlər nəzərə alınmaqla, bu məclislərə icazə verilsə, onların yaratdığı təhlükə ictimai nəqliyyatdakı sıxlığın yaratdığı təhlükə ilə müqayisədə heç 10 faiz də təşkil etməz.

Həmçinin, toylara, şadlıq evlərinə də məktəb, restoran, çayxana, ictimai nəqliyyat və s. kimi məkanlara tətbiq olunan qaydalar tətbiq oluna bilər. Yəni şadlıq evləri də sadaladığımız obyektlər kimi yoluxma sayı artdıqda, nisbətən kritik durum yarandıqda qapadıla, vəziyyət düzəldikdə isə açıla bilər.

Restoranlar, digər iaşə obyektləri yoluxma səviyyəsinə uyğun olaraq, açılıb-bağlana bilirsə, niyə eyni yanaşma şadlıq evlərinə də şamil olunmasın? Təbii ki, bu, mümkündür və xüsusilə də açıq havada toyların keçirilməsinə icazə verilməsi o qədər də təhlükəli görünmür.

Sadəcə, Operativ Qərargah zəhmət çəkib elə şərtlər, standartlar müəyyən etməlidir ki, həmin məclislər virusun kütləvi yayılmasına səbəb olmasın, müvafiq nəzarət orqanları isə öz funksiyalarını doğru-dürüst yerinə yetirməlidir.

Bu məsələnin sosial-iqtisadi tərəfi kənardan görünəndən qat-qat daha dərin və əhəmiyyətlidir. Məsələn, şadlıq evlərinin sayını orada çalışanların sayına vursaq, kifayət qədər böyük rəqəm alınır. Hələ həmin obyektləri ərzaqla və digər ləvazimatlarla təmin edən özəl sektoru da nəzərə alsaq, bu, yüz minlərlə iş yeri deməkdir. Bir ildən çoxdur ki, onsuz da uzun zamandır narkoman kimi “neft iynəsi” üstündə oturan Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru boğulur, iş yerləri qapanır, gəlirlər azalır və s.

Ona görə də istənilən sahədə sanitar normalara riayət olunması şərtilə yumşalmaya, belə demək mümkünsə, açılıma getmək iqtisadiyyatın yavaş-yavaş da olsa özünə gəlməsinə, əhalinin sosial durumunun qismən stabilləşməsinə kömək edər.

Məsələnin sağlamlıqla bağlı tərəfinə gəlincə, bu, bir ildən çoxdur təkcə fiziki deyil, həm də mənəvi sıxıntı keçirən əhalinin psixoloji durumuna da müsbət təsir göstərər. Axı sağlamlıq təkcə “korona”dan qorunmaqla məhdudlaşmır. Bunun fiziki hərəkətsizlikdən, psixoloji sarsıntıdan, sıxıntıdan yaranan digər fəsadları, yaratdığı ağır xəstəliklər var ki, onlar virusdan heç də az təhlükəli və ziyanlı deyillər. Durmadan artan intihar statistikasında, boşanmalarda, ailə-məişət zorakılığında korona qapanmasının rolu azdırmı?

Təbii ki, bütün bu qeyd etdiklərimizlə nəzarətsiz, pərakəndə şəkildə tam yumşalmaya gedilməli olduğunu iddia etmirik. Lakin toylar da daxil olmaqla,(mütləq məhdudlaşdırıcı şərtlər tətbiq etməklə) müəyyən sahələrdə yumşalmalar qaçılmaz və zəruri görünür.

Hər halda, açıq havada, məhdud sayda qonağın iştirakı ilə və bir neçə saatlıq toy mərasimlərinin keçirilməsinə icazə verilməsi təklifini hökumətin nəzərdən keçirməli olduğunu düşünürük...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Helime 2021-05-10 07:56:30

Baki kulekler sheheridir. Achiq havada toy etmekmeselesi o qederde real gorunmur. Bele fikir ireli surulur ki , toylar achiq mekanlarda kechirilsin. Bu real deyil.ya kulek esib, stollarin ustundekilerini uchurdacaq, ya da sakit havada agcaqanaqlar insanlari "yeyecek"..

Mahal 2021-05-09 22:34:08

É.M milyonlarla insanın əsəbləri ilə oynama.....

esger 2021-05-09 20:35:28

İnanın bu mövcud qapalı şadlıq sarayların açılmasından başqa mən yazılarda başqa təklif görmədim. Belə təsurat yaranır bu saray sahibləırinin təklifin deputatlar dəstəkləyir, yada bu onların və vəzifəli şəxslərin obyektləridir.

esger 2021-05-09 20:31:08

Deputatlar toylardan danışarkən,fikirləşmir ki şadlıq saraylar icazə verilən kimi tələbatı ödəmiyəçək.Qiymətlər təbii qalxacaq , yeni kasıb ailələr əziyyət çekəcər.İcra hakimiyyətlər də yatır. Heç olmasa hər rayonda acıq yerlərdə modul tipli toyxanalarquraşdırılsı bütün qaydalara uyğun və imkansız ailələr onlardan istifadə etsin.

Eko 2021-05-09 19:39:35

Dûshmanlarin ishidi , millet artimi olmasin !!!

E.M 2021-05-09 17:40:47

Bu məqalə şadlıq evlərinin sahiblərinin sifarişi ola bilər. Əsas sağlamlıqdır. Evlənmək istəyən belə də evlənir

Son yazılar