Azərbaycanla Ermənistan arasında danışıqlar bu gün də nəticəsiz qalıb
Bəlli olduğu kimi Azərbaycan tərəfinin Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində öz dövlət sərhədini bərpa etməsi gərginliyə səbəb olub. Belə ki, yüksək dağlıq ərazilərdə qarın əriməsi və hava şəraitinin yumşalması ilə Azərbaycan sərhədçiləri ölkəmizə aid olan Qaragöl dövlət qoruğu ətrafında mövqe tutublar. Erməni tərəfi isə bunu “Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirərək hay-küy qaldırıb, təxribatçı bəyanatlar səsləndirib.
Artıq Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət bildirib. Bəyan edib ki, sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilir, Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.
XİN-in bəyanatında o da bildirilir ki, mayın 12-dən etibarən Dövlət Sərhəd Xidmətinin rəhbərliyi həmin əraziyə ezam olunub, Ermənistan tərəfinin nümayəndələri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində addımlar atılır.
“Azadlıq” radiosunun erməni xidməti isə xəbər verir ki, Ermənistanın Sünik vilayətinin sərhədyanı Xndzoresk kəndində aparılan danışıqlar mayın 12-si gecə saatlarında başa çatıb. 6 saatdan çox davam edən danışıqlarda erməni tərəfindən Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, habelə yüksək rütbəli Rusiya hərbçiləri iştirak ediblər. Digər təfərrüatlar açıqlanmır.
Sünik qubernatoru Melikset Poqosyan təkcə danışıqların aparılması faktını təsdiq etməklə kifayətlənib.

"AzPolitika.info" -nun məlumatına görə, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan danışıqların bu gün saat 15.00-a qədər davam etdiyini, hələlik bir nəticə əldə olunmadığını bildirib. O, danışıqlara Rusiya hərbi bazasının nümayəndələrinin də qatıldığını bildirib.
Dövlət Sərhəd Xidməti (DSX) də Azərbaycan və Ermənistan sərhədində baş verənlərə münasibət bildirib. DSX-nın Mətbuat Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.
"Son günlər bu istiqamətdə baş verənlərlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe bildirilib. Hazırda Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır", - deyə Mətbuat Mərkəzindən qeyd olunub.
Virtualaz.org -ın məlumatına görə, hazırda mübahisə və gərginlik predmetinə çevrilmiş, yüksək dağlıq ərazilərdə, İşıqlı dağında, dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşən Qaragöl gölünü də əhatə edən ərazilər əslində Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə yaradılan Qaragöl Dövlət Qoruğunun ərazisidir.
Göl Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda Böyük işıqlı dağının (3548 m) şimal ətəyində, şimal-qərbdən Dəmirdaş və Kicik İşıqlı (3452 m) dağı ilə, şimaldan Canqutaran (2790 m) dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunub. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı süxurlar içərisindədir. (Mənbə: Laçın rayon İcra Hakimiyyətinin rəsmi saytı)
Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 kv.km-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 milyon kub metrdir. Gölün suyunun şəffaflığı 4,6 metrdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirdi.
Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə qədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Ətraf ərazilərdə qarın qalınlığı isə 40-45 sm-ə kimi olur. 1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Gorus rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həmdə onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu.

İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olub. Lakin 90-cı illərin əvvəllərindən etibarən Qaragöl və ətraf ərazilər Ermənistanın işğalı altına düşüb. İşğal dövründə Qaragöl Dövlət Qoruğunun ərazisi talanıb, bitki örtüyünə ciddi ziyan vurulub.
İndi Ermənistan iddia edir ki, gölün 30 faizi bu ölkənin ərazisinə daxildir, Azərbaycan sərhədçiləri isə gölü tamamilə nəzarət altına alıblar. Habelə İşıqlı zirvəsini nəzarətə götürüblər və oradan Ermənistan ərazisinin bir çox hissəsi, o cümlədən Sisyan aerodromu tam nəzarət altında qalır .
Elman
"AzPolitika.info"

Şərhlər
Yaşasın Ali Baş Komandan Yaşasın müzəffər Azerbaycan Ordusu
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusu tarixi torpaqlarımızı, ərazi bütövlüyümüzü bərpa edir! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Qaragöl, bizimdir, Qarabağ bizimdir, Ermənistan-İrəvan-bizimdir! Dərbənd bizimdir, Təbriz bizimdir!
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. ermənistan isə həmişə olduğu kimi hay küy salıb çirkin kampaniya aparır.