Açıq Cəmiyyət Partiyasının (ACP) Nəsimi rayon təşkilatının sədri Ağa Abdullaoğlu vəzifəsindən istefa verib. Bu barədə Modern.az-a məlumat verən A.Abdullaoğlu istefası ilə bağlı ACP sədri Sülhəddin Əkbəri xəbərdar etdiyini deyib.
Keçmiş təşkilat sədri buna səbəb kimi Rəsul Quliyevin partiyadan ayrıldığını göstərib: “ACP lideri Rəsul Quliyev partiyadan istefa verdikdən sonra mən də partiyadan ayrılmağı düşündüm. Rəsul Quliyevlə xeyli müddətdir ki, yaxın münasibətlərimiz var. 1995-ci ildən başlayaraq onun rəhbərlik partiyalarda çalışmışam. İstefa verməyimin səbəbi də Rəsul Quliyevin partiyadan ayrılması olub. İndi də Rəsul Quliyev haradadırsa, biz də onun yanında olacağıq”.
Xatırladaq ki, ACP-dən ötən ay partiyanın lideri Rəsul Quliyev, Ali məclisin sədri Zəminə Dünyamalıyeva və Ali Məclis sədrinin müavini Solmaz Ələsgərova istefa veriblər.
Hazırda ACP rəhbərliyində cəmi 2 tanınmış "Rəsulçu" qalıb. Bunlar ACP sədrinin müavini Vaqif Mahmudov və Ali Məclis sədrinin müavini Faiq Rzayevdir. V.Mahmudov isə istefa verməsə də hələ seçkidən xeyli əvvəl kənara çəkilib.


Şərhlər