“Görən səsim çatacaqmı, Laçın dağlara, dağlara?!...”

Ayşən Aslan-Məmmədli, 

Bakı Dövlət Universiteninin müəllimi, “Qarabağa dönüş” ictimai birliyinin “Beynəlxalq məsələlər” şöbəsinin əməkdaşı

Uşaq vaxtı atamın maşınında yol gedərkən mərhum sənətkarımız Məhəbbət Kazımovun yanıqlı səslə oxuduğu bu ifanı daha çox dinləyərdik: 

Bu il yenə gedəmmədik, bizim dağlara, dağlara…

Görən gedib çatacaqmı, səsim dağlara, dağlara?!...

Nə gizlədim, atam “can a dağlar” deyib kövrəlsə də mənə çatmazdı. Mən Laçından heç bir yaşımı tamam etməmişdən əvvəl çıxmaq məcburiyyətində olmuşam axı… Həm də atam həmişə deyir ki, Laçının gözəlliyini duymaq üçün o əvəzsiz diyarı, cənnət guşəni mütləq görmək lazımdır.

Bu gün Laçının işğal tarixindən 29 il ötür…

Hələ kiçik yaşlarımdan anamdan eşidərdim: “Uşaqlar da, mən də təsadüfdən sağ qalmışıq”. Niyəsini anlamazdım. Sonralar o dəhşətli gecəni bacılarım da xatırlayıb, həyəcanlı şəkildə danışanda səbəbini başa düşdüm. Bacım deyir, anamın səsi hələ də qulaqlarımdadı: “Allahım, mənim gözümün qabağında balalarıma heç nə olmasın, körpədilər, qıyma...”

Bacım danışır ki: “...Kəndimiz mənfur düşmənlərlə sərhəddə olduğundan vəziyyət gərginləşməyə başlayandan atəş səsləri demək olar ki, hər gün eşidilirdi. Ancaq o gün eşidilən səs digərlərindən fərqli idi. Həmin gün doğulub 5 yaşa çatdığım evimizdən məcburən çıxırdıq... Qapımıza bir maşın yaxınlaşdı, vacib olan əşyalarımızı maşına yüklədilər. Mənim üçün isə ən vacib əşyalarım - oyuncaqlarım qalmışdı. Ağlaya-ağlaya oyuncaqlarımı yığdığım qutunu götürməyimizi istədim, dedilər yer yoxdur, qalsın evdə, onsuz da qayıdacağıq... Bizi də maşına əyləşdirdilər. Mən arxamızca adını “Xallı” deyə çağırdığımız itimin hələ də mənə baxmasını unuda bilmirəm. Mən ağlayıb elə hey “Xallı qaldı, onu istəyirəm”, - deyirdim...

Atam könüllü müdafiə polkunda olduğundan bizi - anam, bacılarım və məni ata nənəmgilin kəndinə - Güləbirdə əmim və dayım gətirəsi oldu. Yolda bütün maşınları Ermənistandan artilleriya, top atəşinə tuturdular, ona görə də sürücülər məcburən maşınların işığını söndürdülər. Atəşdən biri bizim qarşımızdakı maşına düşdü. Maşın gözümüzün qabağında yandı. Dedilər ki, 24 yaşlı cavan oğlan yanıb, anası qışqırmaq istəyirdi, amma ətrafındakı insanlar onun ağzını əlləri ilə yumurdular, çünki ermənilər səs gələn tərəfə atırdılar. İşıq olmazdı! Səs salmaq olmazdı! Bir uşağın qaranlıqda qorxusunu azalda biləcək iki şey birdən əlindən alınmışdı…

Sonra “Tikanlı zəmi” deyilən yerə, oradan da meşəyə qaçdıq. Qaranlıq meşədə hara getdiyimizi bilmirdik. Qəfildən təbiətin fəryadı uşaqların fəryadına qarışdı - dəhşətli bir yağış başladı. Əmim və dayım bizi, hamilə anam isə ən kiçik bacımı qucağına almışdı. Bizim əynimiz nazik idi, çox üşüyürdük. Anamın qucağında 11 aylıq balaca bacım bükülmüş yorğan isə tamam su idi. Güclü yağış yun yorğanı daha da ağırlaşdırmışdı. Amma anam yenə də şükr edirdi. Çünki ermənilər yağış səbəbindən atəş etməyi dayandırdılar. Palçıqlı meşədən geri qayıtmağı bacardıq və təsadüfi bir maşınla Güləbirdə çatdıq. Halsız, taqətsiz vəziyyətdə idik. O kənddə də işığı, qazı tamam kəsmişdilər, 1 stəkan isti çay belə tapmaq mümkün olmadı ki, körpə bacıma içirdələr... Səhər açılanda Ağdamın Quzanlı kəndində yerləşən ana nənəmin evinə gəldik.

Babamın qəbri isə Laçında, Zabux kəndində qaldı. Elə mənim uşaqlığım da orda qaldı…”

Qələbəmizdən sonra tez-tez qulağımda Ulu Öndərin qətiyyətlə dediyi sözlər səslənir: “Laçın dağları bizə əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik!” 

Yaşıllığı, meşələri, başı dumanları dağları, özünəməxsus gözəl təbiəti, torpağı, bulaqları, çayları, mərd insanları ilə fərqlənən Laçın diyarımız doğma sakinlərinin yolunu gözləyir. Yeni çəkilən yollar bizi rahatlıqla o gözəllikləri görməyə aparacaq. Və bacım da orada qoyub gəldiyimiz oyuncaqlarını, uşaqlıq xatirələrini elə oradaca gedib tapacaq… Axı oyuncaqlarını da götürməkçün ağlayanda anam ona demişdi ki, “qoy qalsın, onsuz da qayıdacağıq!”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar