2014-cü il oktyabrın 1-ə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 37 305,3 milyon ABŞ dollarına bərabər olub.

Bu haqda ARDNF bugünkü açıqlamasında məlumat verib.

ARDNF bildirir ki, ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən onun aktivləri 3,98% artib.

Ancaq "Turan" bir fakta diqqət yetirir ki, cari il iyul ayının 1-nə Neft Fondunun aktivləri 37 622,4 milyon dollar idi. Deməli, III rüb ərzində Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb.

Rüb ərzində isə Fondun gəlirləri 3 638,3 milyon, xərcləri isə 2 878,1 milyon təşkil edib.

2013-cü il oktyabrın 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 4,9% artaraq 35 809,2 milyon ABŞ dollarına bərabər olmuşdu.

ARDNF-in rəsmi məlumatına görə, 2013-cü il ərzində Neft Fondunun büdcə gəlirləri 13 600,5 milyon manat, büdcə xərcləri 12 302,7 milyon manat təşkil etmişdi.

2012-ci ildə isə ARDNF-ın büdcə gəlirləri 13 673,7 milyon manat, büdcə xərcləri 10 573,6 milyon manat təşkil etmişdi.

Qeyd edək ki, ARDNF-ə daxilolmaların pik həddi 2011-ci ildə qeydə alınıb – 15 628,3 milyon manat. Yəni bu məlumatlardan göründüyü kimi, 2011-ci ildən başlayaraq Neft Fondunun gəlirləri azalmağa başlayıb. Ən yüksək azalma tempi 2012-ci ildə olub – birdən birə Fonda daxilolmalar 2 milyard manat azalıb. Bu, “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın kəskin azalması fonunda baş vermişdi.