Ermənistanda seçkiqabağı dövrdə gərginliyin artması ordunun təminatı barədə söhbətləri yenidən gündəmə gətirib. “And içirəm ki, mən ali baş komandan olsaydım, bu situasiyada özümü güllələyərdim” fikrini səsləndirən Serj Sarqsyana, “Bəs sən niyə özünü güllələməmisən” ritorik sualı ilə cavab verən Paşinyan sabiq Prezidentə onu da xatırladıb ki, Ermənistanın son 10 ildə aldığı silah-sursatın 75 faizi məhz son üç ildə, yəni yeni hökumətin vaxtında alınıb.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Kavkazskiy uzel” onlayn qəzeti bu mövzuyla bağlı araşdırma dərc edib. Məqalədə Paşinyanın dövründə Ermənistan ordusunun real vəziyyəti araşdırılıb. Bu araşdırmanı Rusiya mediasında son zamanlar Paşinyana qarşı aparılan kampaniyanın və əvvəlki hakimiyyətə verilən dəstəyin tərkib hissəsi hesab etmək olar.
Araşdırmada Stokholm Sülh Tədqiqat İnstitutunun (SIPRI) Ermənistanın hərbi xərclərilə bağlı müxtəlif illərdəki məlumatları müqayisə olunaraq, real vəziyyətin heç də Paşinyanın dediyi kimi olmadığı bildirilib: “2018-ci ildən bəri Ermənistana silah idxalı son 10 ilə nisbətdə 63% yox, 55% olub. Ancaq bu, əsas deyil, əsas odur ki, Paşinyanın dediklərinin hamısı yalan olmasa da tamamilə manipulyasiyadır.”
“Kavkazskiy uzel” Ermənistanda silah tədarükünün əsasən “məxməri inqilab”dan əvvəl qeyri-rəsmi şəkildə həyata keçirildiyini vurğulayaraq buna misal kimi “İskəndər” raketlərini göstərib: “Artıq 2015-ci ilin sonunda Ermənistanda “İskəndər”lər var idi, daha sonra 2016-cı il paradında raketlər nümayiş olundu və bu məsələylə bağlı danışıqlar 2015-ci ildən, 200 milyon dollarlıq silah tədarükü barədə müqavilə imzalanandan bəri davam edir. “İskəndər”lər baha olsa da, Ermənistan bu silahları Rusiyadan endirimli qiymətlə alıb. 2019-cu ildəki xərclərin çoxu aviasiya sahəsinə (190 milyon dollar), yəni ordunun ehtiyac duymadığı və müharibədə də istifadə olunmayan “Su-30”-ların gətirilməsinə sərf olunub. Onları nəzərə almasaq, Paşinyanın dövründə hava müdafiəsi və raketlər üçün cəmi 58 milyon dollar sərf olunub”.
Araşdırmada həmçinin, 2018-ci il dövlət büdcəsinin icrasına nəzər salınaraq həmin ildə hərbi büdcənin əhəmiyyətli dərəcədə azaldıldığı və nəzərdə tutulan xərclərin çoxunun yerinə yetirilmədiyi vurğulanıb: “Paşinyan generalların evləri və cipləri haqqında danışmağı çox sevir. Reallıq isə budur ki, Paşinyanın müavinlərinə və hökumətin bir hissəsinə verdiyi bonuslar və əlavə haqlar öz dövründəki bütün silah alışları ilə müqayisə edilə bilər. Misal üçün, son 3 il ərzində “Su-30”-lara 190 milyon xərclənmişdisə, dövlət aparatına, xüsusilə rəhbərliyə xərclənən məbləğ 220 milyon dollar təşkil edirdi. Bütün bunlardan Paşinyanın ordu üçün heç bir şey etmədiyi və ona yalnız zərər verdiyi qənaətinə gəlmək olar.”
Güntəkin NİZAM
“AzPolitika.info”


Şərhlər
Ruslar bilir ki, Paşinyan hakimiyyətə gəlsə ermənistanda bir dənə də rus əsgəri qalmayacaq.Onların müdafiə etdiyi sarkisyan köçəryan terrorçu qrupu türməyə düşəcək.