TƏHSİL VƏ ELM SAHƏSİNDƏ HƏLLİ VACİB PROBLEMLƏR - Hansı qərarlar veriləcək?

Maliyyə naziri Samir Şərifov parlamentin dünən keçirilən iclasında bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu yaxınlarda təhsil sahəsi ilə bağlı bir çox vacib qərarların qəbul edilməsi nəzərdə tutulur.

“Elm və təhsil xərcləri hökumətin prioritetlərindən biridir. İldən-ilə dövlət tərəfindən təhsil sahəsinə ayrılan vəsaitin həcmi artırılır”,-deyə nazir əlavə edib.

Təshilə ayrılan vəsaitlər artırılmalıdır

Son illər təhsil və elm sahəsində müəyyən islahatlar aparılsa da, sektorda həllini gözləyən problemlərin sayı da kifayət qədərdir. Məsələn, ali məktəblərdə müstəqil idarəetmənin təmin edilməməsi, təhsil haqlarının yüksək olması, sovet ənənəsinin davam etdiyi peşə təhsilinin sıradan çıxması, uşaq bağçalarının icra hakimiyyətlərinin balansında qalması, inkişaf etmiş ölkələrin təhsil sisteminə inteqrasiya problemlərinin mövcudluğu, elm ocaqlarımızın yeni ldeyalar istehsal edə bilməməsi, xaricdə təhsil üzrə dövlət proqramının dayandırılması və s. problemləri sadalamaq olar.

Təhsil sektoruna büdcədən hər il ayrılan vəsaitin az olması islahatların genişləndirilməsinə mane olan başlıca faktorlardandır. Doğrudur, ildən- ilə təhsil xərclərinin ÜDM-də və büdcədə çəkisi artır, amma bu yetərli deyil. Məsələn, bu il təhsil xərclərinə 3 milyard 277,7 milyon manat vəsait ayrılıb ki, bu da 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8,0 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 85,5 milyon manat və ya 49,5 faiz çoxdur.

2021-ci ildə təhsil xərcləri büdcədə xüsusi çəkisi 11,5 faiz, proqnozlaşdırılan ÜDM-də isə 4,3 faiz olacaq. Yeniliklərdən biri əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını təmin etmək və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsindən 80 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Təhsil haqları azaldılmalı, təhsil kreditləri əlçatan olmalıdır

Həllini gözləyən problemlərə ayrı-ayrılıqda nəzər salsaq, ilk sırada dövlət və özəl ali məktəblərdə təhsil haqlarının kifayət qədər yüksək olduğunu göstərmək olar. Orta aylıq əmək haqqının 709 manat olduğu Azərbaycanda ortalama 2-6 min manat təhsil haqları müəyyənləşdirmək, aztəminatlı təbəqənin Konstitusiyada nəzərdə tutulan təhsil hüququndan məhrum edir. Təsadüfi deyil ki, məhz təhsil haqlarının yüksək olması səbəbindən hər il minlərlə gənc qəbul olduğu ali məktəblərdə oxumaqdan imtina edir və ya təhsilini dayandırır.

Dövlət təhsil kreditləri təklif edir, amma onu əldə etmək kifayət qədər mürəkkəb prosedur tələb edir. Əvvala, valideynlərinin dayanıqlı işinin olması balıca şərtdir ki, əksər ailələr bunu ödəyə bilmir. Bundan başqa, faiz dərəcələrinin yüksək olması, müvəkkil bankların prosesə o qədər də həvəs göstərməməsi, kreditin qaytarılma şərtlərinin ağırlığı, dövlət dəstəyi mexanizminin olmaması da bu maliyyə qaynağından istifadəni çətinləşdirir.

Dövlətin maddi durumu aşağı olan ailələrə daha bir imkan yaradıb. Bu, pandemiya ilində imtiyazlı kateqoriyadan olan, yaxud işsiz valideynlərin övladlarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsini nəzərdə tutur. Bu məqsədlə dövlət 30 milyon manatdan çox vəsait xərcləyib. Amma əvvəla, bu kiçik bir zümrəni əhatə edir. İkincisi isə işsiz valdeynlərin müvafiq qurumlardan sosial statusunu təsdiq etdirməsi uzun, yorucu prosesdən keçir.

Peşə təhsili yenidən qurulmalıdır

Peşə təhsilinə gəldikdə, Azərbaycanda bu sahə hələ də əmək bazarına inteqrasiya olunmayıb. Hər il 10 mindən artıq gənc hələ də müasir tələblərə uyğun kadr hazıərlığı həyata keçirə bilməyən peşə təlim məktəblərinə, texnikumlara üz tutur.

Amma bu təhsil qurumlarının maddi-texniki bazası nisbətən yenilənsə də, nə peşəkar kadr hazırlığı həyata keçirə biləcək pedeqoji heyəti var, nə də müasir peşələrin tədrisinə imkan verən proqramlara, kitablara, texniki vasitələrə sahibdirlər. Halbuki peşə məktəbləri əmək bazarına ixtisaslı kadrların hazırlanmasında başlıca rol oynamalıdırlar. Təəssüf ki, ölkədə şirkətlər, sənaye müəssisələri də bu sektora yatrım qoymur, özəl peşə hazırlıq kurslarının açılmasına, yaxud, dövlət təhsil müəssisələrinin təkmilləşdirilməsinə yardım etmirlər.

Ona görə də Azərbaycanda peşə təhsilinın yenidən qurulmasına ciddi ehtiyac var. Bu baxımdan 2021-ci il 19 fevral tarixində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsil sahəsində əməkdaşlığa dair Protokol” mühüm əhəmiyyət daşıyır. Protokol əsasında peşə təhsili üzrə əməkdaşlığın genişləndirilməs, yaxın zamanda Azərbaycanda Türkiyə Respublikasının təcrübəsinə əsaslanan iki yeni peşə təhsil müəssisəsinin yaradılması nəzərdə tutulub. Bunlar mühüm əhəmiyyət daşısa da, problemin həlli üçün belə peşə təhsil müəssisələrinin sayının xeyli artırılması lazımdır.

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa edilməlidir

Tələbələrin nüfuzlu xarici universitetlərdə təhsilini təşkil edən dövlət proqramının icrası isə 6 il əvvəl yarımçıq dayandırılıb. Hökumət maliyyələşmədən imtina edib. Halbuki Dövlət Neft Fondunun maliyyələşdirdiyi proqramla 5 mindən artıq gəncin Qərb ölkələlərində təhsil alması nəzrədə tutulmuşdu və 3500-dən bir qədər artıq tələbə bu imkandan istifadə edə bilmişdi.

Bu proqramın yenidən maliyyələşdirilməsinə ciddi ehtiyac var. Azərbaycanın yetərli maliyyə imkanları mövcuddur ki, gənc nəsli müasir texnoloji biliklərə yiyələnmiş yüksək ixtisaslı kadrlara çevirsin, onların potensialından ölkə bəhrələnsin.

Məktəbəqədər təlim-tərbiyyə müəssisələri Təhsil Nazirliyinə qaytarımalıdır

Məktəbəqədər təhsil də kifayət qədər ciddi böhran məngənəsindədir. Əvvəla, təhsilin ilkin mərhələsinin hansı səbəbdən yerli icra hakimiyyətlərinin balansına verilməsi başadüşülən deyil. Yerli idarəetmə qurmlarının bu sahəni keyfiyyətli idarəetməsi üçün heç bir bazası yoxdur. Ancaq maliyyələşmə, təminat, kadr və nəzarət məsələləri həyata keçirilir. Halbuki məktəbəqədər təlim-tərbiyyə müəssisələri təhsilin ilk pilləsini həyata keçirir və bu sahə birbaşa Təhsil Nazirliyinin idarəçiliyində olmalıdır.

İkinci ən vacib problem bağçaların sayının hədsiz azlığıdır. Məsələn, statsitik məlumatlara görə, əhalinin üçdə birinin məskunlaşdığı Bakı şəhərində uşaqların yalnız 30 faizi bağçaya gedir. Rayonlarda bu göstəricinin daha aşağı olmasına şübhə yoxur. Yaxşı olardı, maliyyə naziri Samir Şərifovun anons etdiyi vacib qərarladan biri də məkətəbəqədər təlim-tərbiyyə müəssisələrini əhatə etsin.

Ümid edək ki, təhsil sektorunun burada qeyd olunan və olunmayan əksər problemlərinin həlli ilə bağlı vacib qərarlar qəbul olunacaq. O cümlədən, təhsil işçilərinin maddi təminatının yükəsldilməsi, yerdəyişmə, qəbul, idarəetmə və s. sahələrdə olan bürokratik əngəllər də birdəfəlik aradan qaldırılacaq. Məsələn, ötən ay korrupsiya cinayətlərinə görə həbs edilmiş Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun birinci müavini və "sağ əli" olmuş Qüdrət Əliyev kimi kadrlara ehtiyac olmayacaq. Q. Əliyev hazırda Şəmkir təhsilinə rəhbərlik edir.

AMEA ləğv edilməli, elm sahəsinə ayrılan xərclər artırılmalıdır

Azərbaycanın elm sahəsini mübağiləsiz ölkənin ən geridə qalmış sahəsi adlandırmaq mümkündür. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmə heç bir töhfəsi olmayan quruma, gerçək yaradıcı insanların önündə maneəyə çevriilib.

Elm ictimaiyyətinin 16 mindən artıq üzvünü təmsil edən bu qurum Ramiz Mehdiyevin rəhbərliyi dövründə daha ağrılı günlərini yaşayır. Çünki intriqalalar, çəkişmələr, siyasi manipulyasiya cəhdləri AMEA-nı elmdən tamamilə uzaqlaşdırıb.

Akademiyanın rəsmi saytı Mehdiyevin siyasi qalmaqallarda özünümüdafiə tribunasına çevrilib. İnstitutlar, tədiqat müəssisələri isə ciddi əhəmiyyət daşımıyan hesabatları, statistik iş məlumatları ilə ayları, illəri əvəzləyir, elmi işçilər qəpik-quruş maaşla keçinməyə çalışır. 2021-ci ildə bu sahəyə ayrılan 183,3 milyon manatın 116 milyonu onun tabeliyində olan 46 elmi tədqiqat müəssisələrinin və təşkilatlarının maliyyələşdirilməsinə yönəldilib.

Mütəxəssislər bildirirlər ki, AMEA ləğv edilməlidir, onun tabeliyindəki institutlar, elmi - tədqiqat müəssiələri, texnologiya parkı və s. qurumlar universitetlərin tərkibinə verilməlidir. Bu sahəyə ayrılan vəsaitlər bir neçə dəfə artırılmalı, gənc nəslin elmə marağının stimullaşdırılması üçün inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan innovativ islahatlar həyata keçirilməlidir. Azərbaycanın bu islahatlara son dərəcə böyük ehtiyacı var.

E. Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar