“MOSKVA ÇALIŞACAQ Kİ, XANKƏNDİNDƏ İDARƏ OLUNAN REJİM QURSUN” – “Rusiyanın “beşinci kolon”u üçün sonun başlanğıcı çatıb”

44 günlük müharibədən sonra siyasi böhranla üzləşən Ermənistanda növbədənkənar seçkilərdən qalib çıxan Nikol Paşinyanın hansı addımları atacağı maraqla gözlənilir.

“AzPolitika.info” Ermənistanda bundan sonra nələrin baş verəcəyi, seçkinin nəticələrinin regiona hansı təsirlərinin olacağı ilə bağlı Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə söhbətləşib.

- Sülhəddin bəy, bir çox mütəxəssislərin proqnozlaşdırdığı kimi, Nikol Paşinyanın partiyası növbədənkənar seçkidə qalib gəldi, Robert Koçaryanın rəhbərlik etdiyi revanşist qüvvələrsə məğlub oldu. Sizcə, bundan sonra Ermənistanın siyasi yönü necə olacaq?

- Ermənistandakı seçkidə proqnoz etdiyimiz nəticələrin əldə edildiyini görürəm. Mən qeyd edirdim ki, ağır şərtlərə və şəraitə baxmayaraq, Nikol Paşinyanın səsləri azalsa da, onun partiyası seçkidən əsas qalib qüvvə kimi çıxacaq. Belə də oldu. Rusiyanın Ermənistandakı “beşinci kolon”u və “Qarabağ klanı”nın səylərinə baxmayaraq, Paşinyan böyük fərqlə qalib gəldi. Hesab edirəm ki, bu seçkiləri lokal, regional və qlobal münasibətlər baxımından qiymətləndirmək yerinə düşərdi. Lokal kontekstdə yanaşdıqda aydın olur ki, Ermənistan xalqının böyük hissəsi müharibəni deyil, sülhü, revanşizmi deyil, iqtisadi inkişafı və rifahı seçir. Yəni erməni xalqının bu seçimi onun köhnə siyasəti deyil, inqilabın davamlı olmasını istədiyini göstərir. Bu, müharibədən sonra Ermənistanda yaranan ağır siyasi böhrandan çıxmaq üçün bir fürsətdir. Böhran artıq Ermənistanda sistem xarakteri daşıyır. Bundan çıxmaq üçün ilk növbədə güclü komanda lazımdır. Bu mənada düşünürəm ki, Ermənistan siyasi rəhbərliyi ilk növbədə siyasi böhrandan çıxmağa cəhd edəcək. Bunun üçün ilk olaraq yeni hökumətin təşkili və parlamentdə etimad qazanması addımı atılmalıdır.

Erməni müxalifəti isə Rusiyanın dəstəyini almasına baxmayaraq, ağır vəziyyətdədir. Böyük hesabla uduzub. Üstəlik, seçkinin nəticələri beynəlxalq qurumlar tərəfindən təqdir edilir. MDB-dən olan seçkiləri müşahidə missiyası seçki prosesini müsbət qiymətləndirib, Moskva Dmitri Peskovun dili ilə Paşinyanın qələbə qazandığını elan edib. Avropa Birliyi, ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumlar da seçkilərə müsbət yanaşıb. Aydındır ki, Koçaryana parlamentdə müxalifətçilik rolu tapşırılacaq. Koçaryan bu rolu oynayıb-oynamayacağı haqda qərar verməlidir. Onun ilk açıqlaması tərəddüd etdiyini göstərir. Buna baxmayaraq, orada hər hansı yeni siyasi böhranın yaranacağını gözləmirəm. Siyasi proseslər tədricən Paşinyanın nəzarətinə keçəcək. Bir sözlə, Ermənistanda siyasi böhrandan çıxış gözlənilir. Bunun üçün Paşinyan həm daxildə, həm də regional və beynəlxalq münasibətlər müstəvisində aktiv siyasət aparmalıdır. Aktiv regional siyasət isə 10 noyabrda imzalanan üçtərəfli razılaşmanın digər müddəalarının həyata keçirilməsi ilə başlanmalıdır.

Burada Azərbaycanı narahat edən çoxsaylı məsələlər var. Onların ən əsasları Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılması, sərhədlərin demarkasiya və delimitasiyası, Zəngəzur dəhlizi, minalanmış ərazilərin xəritələrinin Bakıya verilməsidir. Bundan sonra Azərbaycanla sülh sazişinin imzalanması, normallaşma və sərhədlərin açılması. Yalnız bütün bunlar təmin olunduqdan sonra Ermənistan regional inteqrasiyaya qoşula, iqtisadi inkişaf baxımından onun qarşısında perspektivlər açıla bilər. Bunu Nikol Paşinyan anlayır.

Seçkinin nəticələrini qlobal proseslər kontekstində götürdükdə deyə bilərik ki, beynəlxalq birlik regionda yaranan vəziyyətlə razılaşıb. Hətta razı olmayan qüvvələr belə yeni durumla və Ermənistanda yaranan vəziyyətlə hesablaşmalı və bu prosesə dəstək verməli olacaq. Sözsüz ki, destruktiv qüvvələr də olacaq. Amma məncə, artıq regionda bir dövr qapanır və yeni dövrün qapıları açılır. Burada əsas oyunçular ABŞ, Böyük Britaniya, Çin, Avropa Birliyi, Rusiyadır. Sözsüz ki, Türkiyə və İran kimi qonşu ölkələr də buraya aiddir. Bu baxımdan Ermənistanın yeni hökuməti bir-birilə bağlı komponentlər olan lokal, regional və beynəlxalq səviyyədə siyasət aparmalıdır. Əks təqdirdə, Ermənistan hökumətinin uğur qazanacağı çox çətin görünür.

- Rusiyaya daha sıx bağlı olan qüvvələr seçkini uduzdu. Sizcə, bundan sonra Kreml Ermənistanla bağlı hansı addımları atacaq?

- Aydın məsələdir ki, Rusiya Ermənistanda öz mövqeyini gücləndirməyə çalışacaq. Ruslar bilir ki, erməni xalqının böyük hissəsi Paşinyanla birlikdə demokratik inkişaf, azad dünyaya inteqrasiya yolunu seçib. Erməni xalqı bu seçimini 2018-ci ildə etmişdi və bu qədər ağır məğlubiyyətə baxmayaraq, indi də həmin yolu seçdiyini bir daha təsdiq etdi. Görünür bu, erməni xalqının dayanıqlı və davamlı seçimidir. Rusiya bu seçimlə barışmalı olacaq. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanda güclü mövqeyi var və bu, əsasən strateji sahələrlə - müdafiə, hərbi təhlükəsizlik, kəşfiyyat, əks-kəşfiyyat sektoru və s. ilə əlaqəlidir. Eyni zamanda, “beşinci kolon” dövlət və hakimiyyət strukturlarında ciddi mövqeyə malikdir. Rusiya bu imkanlarından və yeni hakimiyyətin Moskvadan asılılığından maksimum istifadə edəcək. Hazırda Ermənistanın müstəqil siyasət apararaq, özünün müdafiə və təhlükəsizlik sektorunu qurmaq imkanı yoxdur. Ona görə də, indiki erməni hakimiyyəti müdafiə və təhlükəsizlik məsələlərinə görə Moskvadan asılı durumdadır. İndi Ermənistan məcburdur ki, İran və Türkiyə ilə sərhədlərini ruslar qoruduğu kimi, Azərbaycanla sərhədlərinin qorunmasını da ruslara həvalə etsin. Rusiya da bunda maraqlıdır. Çünki Rusiya bununla həm Ermənistana, həm də Azərbaycana təsirini artırır. Hazırda bizimlə Ermənistanın sərhədinə ruslar əlavə qüvvələr gətirir. Bunu da belə əsaslandırır ki, sərhəddə gərginlik yaranıb və gərginliyi azaltmaq üçün ortada ya beynəlxalq sülhməramlı qüvvələr, ya da Rusiya ordusu yerləşməlidir. Belə olan halda, Rusiyanın delimitasiya və demarkasiya prosesinin sürətlə getməsində maraqlı olub-olmayacağı sualı ortaya çıxır. Çünki sərhədlərin demarkasiyası başa çatmalıdır ki, dövlətlər arasında sülh sazişi bağlana bilsin. Məncə, Rusiyanın davranışlarına diqqət etməliyik.

Azərbaycana gəldikdə, qeyd etməliyəm ki, Türkiyə ilə Azərbaycan arasında Şuşa Müttəfiqlik Bəyannaməsi imzalandıqdan sonra vəziyyət Rusiya baxımından daha da mürəkkəbləşib. Azərbaycanda onun güclənmək imkanları məhduddur. O baxımdan Rusiyanın getdikcə həm Qafqaz regionunda, həm də Ermənistanla Azərbaycanda manevr imkanları daralıb - Ermənistandakı hakim qüvvənin Qərb yönümlü olması, Azərbayanda isə torpaqlarımızı işğaldan azad edərək böyük bir ərazini nəzarət altına almağımız və Türkiyə ilə ittifaq sazişi imzalamağımız səbəbindən.

Bildiyiniz kimi, Şuşa Bəyannaməsi strateji xarakter daşıyır. Bundan sonra bu çərçivə sənədi əsasında çoxsaylı sazişlər və müqavilələr imzalanacaq. O baxımdan Rusiyanın həm Ermənistanda, həm də Azərbaycanda vəziyyəti getdikcə pisləşəcək. Bu da istər-istəməz həm Azərbaycan, həm də Ermənistanla münasibətlərdə gərginliyə səbəb olacaq.

- Demək istəyirsiniz ki, bundan sonra regionda əsas destruktiv rolu Rusiya oynayacaq?

- Şübhəsiz. Rusiyanın gözləntiləri özünü doğrultmayıb. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik sənədi imzalaması əhəmiyyətli addımdır. Nəzərə alın ki, strateji müttəfiqlik dedikdə söhbət bütün sahələrdə yaxınlaşmadan gedir. Bura hərbi sahədən tutmuş idman və mədəniyyətə qədər bütün məsələlər daxildir.

Ermənistanda isə Rusiyanın arzu etmədiyi siyasi qüvvə hakimiyyətini qoruya bilib.

- İki gün əvvəl Xankəndində ermənilər küçələrə çıxaraq, Araik Arutyunyanın istefasını tələb edib. Arutyunyansa buna cavab olaraq, mitinq keçirib. Sizcə, Qarabağdakı ermənilərin Arutyunyana qarşı səfərbər edilməsində Rusiyanın rolu varmı?

- Təbii ki, Rusiyanın Ermənistana təsiri məlumdur. Dağlıq Qarabağın işğal altında qalan hissəsində bu təsir daha da güclüdür. Rusiya Qarabağı ehtiyat platforması hesab edir. Düşünür ki, Azərbaycan və Ermənistanın mərkəzi hökumətləri ilə münasibətləri gərginləşərsə, burada möhkəmlənməklə həm Ermənistana, həm də Azərbaycana təsir alətini saxlasın. Bu təsir aləti onsuz da onun əlində var idi. Yeni şəraitdə isə bu alətin təkmilləşdirilməsi prosesi gedir. Rusiya Ermənistanda rejimi dəyişə bilmədi, indi çalışacaq ki, heç olmasa Xankəndində Moskvadan idarə olunan rejim qursun. Bu seçkilərdə Araik Arutyunyan Nikol Paşinyanı dəstəklədi. İndi ruslar istəmir ki, İrəvanın uzantısı Rusiyanın nəzarəti altında olan bölgədə hakimiyyətdə olsun.

- İndiki halda Robert Koçaryan və onun komandasının perspektivini necə görürsünüz?

- Bütövlükdə götürsək, Rusiyanın keçmiş koloniyalarının yerində yaranan müstəqil dövlətlərdəki “beşinci kolon”ları son mərhələyə daxil olub. Onlar üçün sonun başlanğıcıdır. Əslində, 2021-ci il Putin rejimi, habelə onun keçmiş SSRİ respublikalarındakı uzantıları üçün ən ağır mərhələdir. Bu mənada təbii poses gedir, nəsil dəyişikliyi müşahidə edilir. Putin nəslinin hətta heç bir dəyişiklik olmasa belə, təbii-bioloji yolla sıradan çıxması müşahidə olunacaq, regionda vəziyyət tədricən dəyişəcək.

Cənubi Qafqazın üç müstəqil dövlətini götürək. Gürcüstanın mərkəzi hökuməti və onun nəzarət etdiyi ərazi birbaşa azad dünya və Avropa Birliyinə, NATO-ya inteqrasiya yolunu tutub. Ermənistandakı seçkilərlə hakimiyyətini qoruyan rejim mahiyyət və təbiət etibarı ilə qərbyönlüdür, lakin məlum səbəblərdən Rusiyanın strateji nəzarəti altına düşüb. Azərbaycan isə Türkiyə ilə strateji müttəfiqlik sənədi imzalamaqla dolayısı yolla seçimini edir. Yəni NATO üzvü olan ölkəni özünə strateji müttəfiq etməklə, bir növ yumşaq seçim etmiş oldu.

Rusiya bunların hamısını görür. Heç də təsadüfi deyil ki, bugünlərdə Putinin II Dünya Müharibəsinin başlamasının 80 illiyinə həsr olunan məqaləsi yayımlanıb. Məqalədə Putin Avropa Birliyinə açıq təklif edib ki, gəlin Avropa Birliyi və Avrasiya İttifaqını brləşdirək, Atlantik okeanından Sakit okeana qədər vahid əməkdaşlıq və təhlükəsizlik məkanı yaradaq. Yəni Putin yeni geopolitik gediş edib. O, anlayır ki, kollektiv qərbi bir yerə toplamağı bacaran Baydenin Avropa səfəri uğurlu alınıb, NATO qlobal müdafiə və təhlükəsizlik şəbəkəsinə çevrilir. Rusiyanın strateji perspektivdə şansı yoxdur. Buna görə də son gedişini edərək, Avropa Birliyini kollektiv qərbdən qoparmağa çalışır.

- Əksər mütəxəssislər hesab edir ki, Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün Bakı, Tiflis və İrəvan qarşılıqlı addımlar atmalıdır. Bu, nə dərəcədə doğru yanaşmadır və ümumiyyətlə belə bir ssenari realdırmı?

- Bəli, artıq hər üç Cənubi Qafqaz ölkəsi problem və çətinliklərə baxmayaraq birgə addımlar atmalı, regional inteqrasiyanı gücləndirməlidir. Bunun da yolu Ermənistan və Azərbaycan arasında sülh razılaşmasının imzalanması, kommunikasiyaların açılmasından keçir. Region ölkələri altılıq formatında cəlb olunmalıdır. Eyni zamanda, region kollektiv qərblə əməkdaşlığa başlamalıdır. Bunun üçün ciddi əsaslar da var. Mənə elə gəlir ki, burada həlledici rolu İrəvan və Bakı arasında sülh razılaşmasının əldə edilməsi oynayacaq. Bu prosesdə Türkiyənin təmsil etdiyi kollektiv qərb çox ciddi rol oynaya bilər. Yeri gəlmişkən, ABŞ-ın da Gürcüstan üzərindən oynadığı rolu nəzərə almamaq mümkün deyil. Söhbət Azərbaycanın əlində olan 15 diversantın Ağdamın minalanmış ərazilərinin xəritəsi ilə dəyişdirilməsindən gedir. ABŞ eyni rolu Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında da oynaya bilər. Bu, həm regionu kollektiv qərbə yaxınlaşdırar, həm də Rusiyanın regiondakı fəaliyyətini balanslaşdırar.

Etiraf etmək lazımdır ki, hələlik bütövlükdə Türkiyə Rusiya ilə münasibətləri balanslaşdırmaq üçün yetərli imkanlara və resurslara malik deyil. Türkiyə Azərbaycanda belə, yenicə sistemli şəkildə yerləşmək və güclənmək imkanı qazanıb. Buna da Rusiyanın içimizdəki “beşinci kolon”u ciddi şəkildə mane olmağa çalışacaq. Ona görə də, Şuşa Bəyannaməsindən irəli gələn digər müqavilələr tezliklə imzalanmalıdır. Ələlxüsus gömrük ittifaqı, vahid iqtisadi zonanın yaradılması və ən vacibi - hərbi müttəfiqlik sazişi. Bu sənədlər imzalanmalıdır ki, Rusiya yeni şəraitlə razılaşmalı olsun.

Nəhayət, burada əsas məsələ həm də Paşinyanın nə dərəcədə rasional davranacağıdır. Destruktiv qüvvələrin oyuncağına çevrilsə və ikibaşlı oyuna getsə, gələcəkdə problem yaranacaq. Yox, əgər məqsədyönlü siyasət aparacaqsa, qərblə işləyəcəksə, bunun müsbət tərəfləri də olacaq. Türkiyə və Böyük Britaniya Azərbaycanla sıx şəkildə işlədiyi kimi, ABŞ və Fransa da Ermənistanla sıx formada işləyərək iki dövləti bir araya gətirməklə sülh sazişi imzaladarsa, bu halda proseslər daha sürətlə gedər. Belədə bölgədə Rusiyaya ehtiyac da, Ermənistanın qorxuları da aradan qalxar. Sülh sazişi imzalandıqdan, Ermənistanla Azərbaycan və Türkiyə münasibətləri normal hala gəldikdən sonra Ermənistanın qorxusu aradan qalxacaq. O zaman Ermənistanda Rusiyaya ehtiyac hiss edilməyəcək. Əsas məsələ budur. Elə bir şərait yaratmaq lazımdır ki, regionda Rusiyaya olan ehtiyac aradan qalxsın.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

azpolitika.info-ya 2021-06-23 19:07:48

Bu meqalede qeyd olunub : Putinin II Dünya Müharibəsinin başlamasının 80 illiyinə həsr olunan məqaləsi yayımlanıb. Məqalədə Putin Avropa Birliyinə açıq təklif edib ki, gəlin Avropa Birliyi və Avrasiya İttifaqını brləşdirək, Atlantik okeanından Sakit okeana qədər vahid əməkdaşlıq və təhlükəsizlik məkanı yaradaq. Yəni Putin yeni geopo litik gediş edib. O, anlayır ki,kollektiv qərbi bir yerə toplamağı bacaran Baydenin Avropa səfəri uğurlu alınıb, NATO qlobal müdafiə və təhlükəsizlik şəbəkəsinə çevrilir. Rusiyanın strateji perspektivdə şansı yoxdur. Buna görə də son gedişini edərək, Avropa Birliyini kollektiv qərbdən qoparmağa çalışır. Hormetli azpolitika.info redaksiyasinin jurnalistleri, siz yaxshi bilirsiniz ki, Avrasiya Ittifaqi olkelerinde DIKTATURA REJIMI movcuddur ve korrupsiya , rushvet , anti - demokratik sistem esasinda , bu olkelerin hokumetleri fealiyyet gosterirler ve hiyleger , riyakar Putin , heyasizliqla , bele bir ABSURD TEKLIF VERIB Avropa Birliyine, chunki, ANLAMAQ ISTEMIR ki , DIKTATURA REJIMI ile DEMOKRATIYA SIYASI SISTEM , HECH BIR VAXT BIRLESHE BILMEZ ve BIRGE - VAHID , BEYNALXALQ HUQUQ QANUNLARINA UYQUN , FEALIYYET QEYRI - MUMKUNDUR , chunki, DIKTATURA REJIMI QEBUL ETMIR DEMOKRATIK SIYASI SISTEMI . MIN RIYAKAR HOQQADAN ve TEXRIBATLARDAN TECRUBESI OLAN ..........Putin, DINC OTURMAQ ISTEMIR , Rusiya XALQININ ACINACAQLI MADDI VEZIYYETINI YAXSHILASHDIRMAQ BAREDE ESLA DUSHUNMUR , rus dilinde bir ifade var : ........putinu NAPLEVAT na NAROD , emu NADO, VEZDE i VSYUDU SOZDAVAT PROVOKATSII , KONFLIKTI i OCHAQI NAPRYAJENIYA , VMESHIVATSYA VO VNUTRENNIYE DELA DRUQIX STRAN.........

Xalq 2021-06-23 18:03:50

bütün bizi maraqlandıran suallara cavab verildi.Sülhəddin bəyə və Rasim bəyə təşəkkürlər!

Son yazılar