Menu

Paytaxta giriş-çıxışda ciddi problem yaranıb - "Mall"-a dönüş üçün ayrıca işıqfor qoyulduğundan...

25.06.2021, 15:41
Paytaxta giriş-çıxışda ciddi problem yaranıb - "Mall"-a dönüş üçün ayrıca işıqfor qoyulduğundan...

İyunun 10-dan iri ticarət mərkəzlərinin və "Mall"-arın fəaliyyətinə icazə verildikdən sonra paytaxta Bibiheybət istiqamətindən daxil olmaqda problemlər yaranıb. 

Belə ki, Dənizkənarı Bulvarın "Azneft" dairəsinə yaxın hissədə fəaliyyətə başlayan "Dəniz Mall" ticarət və əyləncə kompleksininə giriş üçün işıqfor quraşdırılıb. Nəticədə hər 30 saniyədən bir şəhərə daxil olan hərəkət zolağında nəqliyyatın hərəkəti dayandırılır, əks istiqamətdən ticarət mərkəzinə daxil olanların dönməsinə şərait yaradılır. Nəticədə süni tıxac yaranır, günün pik saatlarında bu tıxacın uzunluğu bir neçə kilometrə çatır.

Məsələ burasındadır ki, qoyulan işıqforun yaratdığı dönmə imkanından ancaq taksilər və sərnişinləri kompleksin qarşısına düşürüb geri qayıdan avtomobillər istifadə edə bilər. Çünki ticarət mərkəzinin qarşısında yalnız taksi dayanacağı var, avtomobilləri park etmək üçün parkinq nəzərdə tutulmayıb. "Mall"-ın yeraltı avtomobil dayanacağı isə yoxdur.

"Azneft"-dən həmin istiqamətə də yol ayrıcı verilib. Nəticədə üç cərgəli yolun bir hissəsi ancaq "Mall"-a dönmək üçün nəzərdə tutulduğundan qalan iki yolda daim sıxlıq müşahidə olunur. Beləliklə, "Mall"-a giriş-çıxış üçün qoyulan işıqfor sürücülərə və sərnişinlərə ciddi problemlər yaradır. Bəzən saatlarla qızmar havada tıxacda dayanıb gözləmək lazım gəlir.

Əraziyə diqqət etdikdə sözügedən işıqfora əslində ehtiyac olmadığı məlum olur. Belə ki, "Mall"-n düz qarşısında yerləşən "Dalğa" Plazanın böyük avtomobil dayanacağı var. Ticarət mərkəzinə, habelə bulvara gələn sakinlər maşınlarını orada rahat park edə bilirlər. Daha sonra "Azneft" dairəsində çoxçıxışlı yeraltı keçid tikilib, ondan istifadə etməklə də "Mall"-a asanlıqla gedib-qayıtımaq mümkündür. Bu zaman həmin işıqforun quraşdırılması hansı ehtiyacdan doğub, bu, müəmmalıdır. Şəhərin əsas giriş-çıxış yolunu bir ticarət mərkəzinə görə 30 saniyədən bir bağlamaq insanlara əziyyət verməkdən başqa bir işə yaramır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidəki vəziyyətlə yerində tanış olub müvafiq qurumlara məlumat verəcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol