Qara dənizdə iki həftəyədək çəkəcək donanma təlimləri başlanır. "AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, təlimlərə bir sıra Qara dəniz ölkələri, NATO müttəfiqləri və tərəfdaşlar qoşulub. Ümumilikdə 5 min əsgər, 32 gəmi, 40 təyyarə və 18 xüsusi əməliyyat və dalğıc komandalarının iştirakı gözlənilir.
Bu təlimlər Rusiyanın Ukrayna yaxınlığındakı mübahisəli ərazilərdə ortaya çıxan problemləri cavabsız qoymayacağı xəbərdarlığı ilə bir dönəmə düşür. Ötən həftə Britaniya hərbi gəmisi ilə insident yaşanmışdı. İllik “Sea Breeze” təlimi iyunun 28-dən iyulun 10-dək 32 ölkənin iştirakıyla gerçəkləşəcək. Bu il dəniz, quru və hava komponentlərinin iştirakıyla təlimlərə Ukrayna və Birləşmiş Ştatlar ev sahibliyi edir.
Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ və müttəfiqlərini Qara dənizdə hərbi təlimlər keçirməməyə çağırıb, belə manevrlərin təsadüfi insident riskini artırdığını, – Ukraynanı cəsarətləndirdiyini bəyan edib.
Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba isə ötən həftə deyib ki, Britaniya gəmisi ilə bağlı insident Rusiyanın Qara dəniz və Azov dənizində aqressiv və provokativ siyasətinin Ukrayna və müttəfiqlərinə davamlı təhdid yaratdığını göstərir. Kuleba NATO və alyansa üzv olmaq istəyən Ukrayna arasında Qara dənizdə daha böyük əməkdaşlığa çağırıb.
Rusiya isə iyunun 23-də bəyan edib ki, Britaniyanın "HMS Defender" gəmisinin yoluna atəş açaraq, bomba ataraq onu Krımın Sevastopol şəhəri yaxınlığından uzaqlaşmağa məcbur etmək istəyib. Britaniyanın Müdafiə Nazirliyi "HMS Defender"-ə atəş açılmadığını, Rusiyanın ərazidə əvvəlcədən elan olunmuş artilleriya təlimi apardığını bildirib. Britaniya Ukraynaya aid və beynəlxalq sularda naviqasiya azadlığından istifadə etdiyini bəyan edib.
Moskva bu insidentə cavab olaraq Ukraynanın Krım yarımadası ətrafında iddia etdiyi ərazi sularına girən hərbi gəmilərə atəş açmağa hazır olduğunu bildirib.
Xatırladaq ki, Rusiya Krımı 2014-cü ilin martında tutub, amma beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.
"AzPolitika.info"


Şərhlər
Rusiyanı lənətə gəlsin!