Oktyabrın 21-də danışıqların yeni mərhələsi kimi Rusiyanın energetika naziri Aleksandr Novak və onun ukraynalı həmkarı Yuri Prodan Brüsseldə görüşüblər.
Görüşün məqsədi qışa qədər təbii qaz təchizatı mübahisəsini həll etmək, həmçinin 2009-cu ilin yanvarında Qərbi Balkan və bəzi Aİ ölkələrini soyuqda qoyan təbii qaz böhranının təkrarlanmasının qarşısını almaq olub. Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Öttinger Ukrayna və Rusiya nümayəndələri arasındakı həmin danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib.
Öttinger deyib ki, ilkin razılığa əsasən, Ukrayna ilin sonunadək Rusiyadan 4 milyard kub metrə yaxın təbii qaz almağı planlaşdırır. Ukrayna indiyədək aldığı təbii qaza görə oktyabrın sonuna qədər Rusiyaya olan borcunun 1,4 milyard dollarını, ilin sonunadək isə daha 1,6 milyard dollarını ödəyəcək.
Rusiya nümayəndə heyətinin rəhbəri, energetika naziri Aleksandr Novak bildirib ki, Ukrayna üçün təbii qazın qiyməti hər 1000 kub metr üçün 385 dollar olacaq. Bu isə Rusiyanın bir neçə həftə əvvəlki təklifindən 100 dollar azdır. Novakın sözlərinə görə, yeni qiymət 2014-cü ilin oktyabrından 2015-ci il mart ayının sonunadək qüvvədə olacaq. O deyib ki, 2014-cü ilini sonunadək Ukraynanın Rusiyadan aldığı təbii qaza görə 5,3 milyard dollarlıq borcunu ödəməsinə Aİ cavabdehlik daşıyacaq.
Bundan əlavə, Öttinger oktyabrın 29-da Brüsseldə növbəti görüşün keçiriləcəyini bildirib. /eunews.az/


Şərhlər