“44 GÜNLÜK SAVAŞ MÜXALİFƏTİN DƏ SƏRHƏDLƏRİNİ MÜƏYYƏNLƏŞDİRDİ” - Elxan Şükürlü ilə MÜSAHİBƏ

Ədalət Partiyasının sədr müavini: “Bu düşərgə 27 ilin uğursuz və məğlub “komandan”larının qisasçı hisslərinin girovuna çevrilməməlidir”

“Xalq tərəziyə qoyur, çəkir, müqayisə aparır və görür ki, hakimiyyət pisdirsə, ədalətsizdirsə, onu əvəzləmək istəyənlər ondan daha pisdirlər”

“Gec-tez, həm iqtidar, həm də müxalifət içdən dəyişəcək, yeniləşəcək. Bu, elə bir axındır və elə bir təzyiq yaradacaq ki, o paslanmış tıxacları vurub kənara tullayacaq və yenilənməyi, dəyişməyi bacarmayanları, zamanın çağırışlarına adekvat cavab verə bilməyənləri altına alıb əzəcək”

“Hürriyyət” qəzeti  Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü ilə son vaxtlar geniş müzakirə olunan müxalifətin yeniləşməsi mövzusunda söhbətləşib. Həmin müsahibəni təqdim edirik: 

- Elxan bəy, son vaxtlar Azərbaycan müxalifətində ciddi yenilənmənin həyata keçirilməli olduğu haqda fikirlər səslənir. Sizin də bu haqda çıxışlarınıza rast gəlmişik. Maraqlıdır, niyə bu qənaətdəsiniz ki, müxalifət mütləq yenilənməlidir?

- Tək müxalifətin yox, elə hakimiyyətin də çox ciddi yenilənməyə, kompüter terminiylə desək, formatlanmaya ehtiyacı var. Bu yenilənmə ehtiyacı isə bizim arzu və istəklərimizdən yox, dəyişən reallıqlardan qaynaqlanır. Reallıq da odur ki, dünyada, bölgədə və ölkəmizdə artıq fundamental dəyişikliklər baş verib, yeni situasiya və çağırışlar yaranıb, hədəflər, maraqlar dəyişib. Ölkəmizin siyasi sistemi və onu təşkil edən elementlər də mütləq bu yeni dəyişikliklərə uyğunlaşmalı, çağırışlara cavab verməlidir. Bunun üçünsə, hər şeydən əvvəl, 30 il ərzində formalaşmış ənənəvi siyasi münasibətlər sistemi dəyişməlidir. Çünki tarixi təcrübə göstərir ki, yeni münasibətlərə keçid yeni adamlarla, təzə sifət və simalarla daha tez, sürətlə və ağrısız başa gəlir, cəmiyyət də bu dəyişikliyi daha anlayışla qarşılayır, asan həzm edir.

Bu baxımdan, mən ölkənin siyasi sistemini təşkil edən bütün elementlərin, o cümlədən də hakimiyyətin və müxalifətin yenilənməsinin, yeni çağırışlara cavab verən şəkildə dəyişməsinin tərəfdarıyam. Burada söhbət həm fiziki - sima olaraq yenilənmədən, həm də xüsusən düşüncə olaraq yenilənmədən gedir. Qədim Romanın filosof imperatoru Mark Avrelinin çox xoşladığım və tez-tez də təkrarladığım bir fikri var: “Düşüncələriniz necədirsə, həyatınız da elədir. Həyatınızı dəyişmək istəyirsinizsə, öncə düşüncələrinizi dəyişin”. Bizdə - həm iqtidar, həm də müxalifətdə, təəssüf ki, hələ də köhnə düşüncə hakimdir. Əslində, hər kəs başa düşür ki, öncə siyasi həyat dəyişməlidir, ancaq köhnə düşüncə qəlibindən çıxa və dəyişə bilmirlər...

- Səbəb? Nədir iqtidarımızdakı və müxalifətimizdəki düşüncə dəyişikliyinə əngəl olan, qəlibdən çıxmağa qoymayan?

- Düşüncəni dəyişmək üçün güclü iradəyə, bilik və savada, zəngin təcrübəyə malik olmalısan, bundan da əvvəl, dəyişikliyin gətirəcəyi yeniliklərdən qorxmamalısan, cəsarətli və təşəbbüskar olmalısan. Təəssüf ki, bizdə həm iqtidar, həm də müxalifət düşərgəsində belə keyfiyyətli insanlarımız çox azdır, bir çox problemlərimiz də bundan qaynaqlanır. Hər iki düşərgədə iddiaları özlərindən və qabiliyyətlərindən, şəxsi maraq və tamahları isə iddialarından da böyük yarımçıq şəxslər üstünlük təşkil edirlər, mövqe sahibidirlər ki, belə adamlar da heç vaxt sağlam münasibətlər qura və ölkəni inkişafa apara bilməzlər. Ölkənin inkişafının önünü açmaq üçün əvvəlcə bu tıxac adamlardan qurtulmaq gərəkdir...

Hər iki düşərgədə yenilikçilərsə çox azdır və prosesi tamamilə öz əllərinə götürməyə hələlik gücləri çatmır. Ancaq belə çox davam edə bilməz və bu qənaətdəyəm ki, gec-tez, həm iqtidar, həm də müxalifət içdən dəyişəcək, yeniləşəcək. Bu, elə bir axındır və elə bir təzyiq yaradacaq ki, o paslanmış tıxacları vurub kənara tullayacaq və yenilənməyi, dəyişməyi bacarmayanları, zamanın çağırışlarına adekvat cavab verə bilməyənləri altına alıb əzəcək.

- Söhbət hansı axından, hansı təzyidən, gücdən gedir? “Zamanın yeni çağırışları” dedikdə, konkret olaraq, nəyi nəzərdə tutursunuz?

- Hər şeydən əvvəl, elə zaman anlayışının özünü. Zaman çox sürətlənib. Yeni texnoloji inqilab zamanın müddətini qısaldıb – əvvəllər aylarla, həftələrlə vaxt sərf etdiyimiz işləri indi müasir texnologiyanın tətbiqiylə 2-3 saniyə ərzində yerinə yetirə bilirik. Xüsusən də informasiyanın əldə edilməsi və yayımındakı sürət, bu texnoloji inqilab ölkələri, onları idarə edən hakimiyyətləri təkcə öz hədəflərini deyil, idarəetmə üsul və vasitələrini də dəyişməyə məcbur edir. Məsələn, tutaq ki, əvvələr hakimiyyətlər əsas ictimai nəzarət və ictimai rəy formalaşdırma vasitəsi olan mətbuata total nəzarəti təmin eməklə cəmiyyəti daha asan və rahatca idarə edə, öz istəyinə uyğunlaşdıra bilirdisə, indi getdikcə bu imkandan məhrum olurlar. İndi mobil telefonu və internet imkanı olan hər kəs özü informasiya istehsalçısı və yayımçısı, ictimai rəyin yönləndiricisi, istənilən bir prosesin fəal iştirakçısıdır. Sosial şəbəkələrə baxın. Faktiki olaraq, hakimiyyətlər üzərində ictimai nəzarət mexanizmləri görünməmiş dərəcədə artıb və hakimiyyətlərə dürüst, şəffaf işləməkdən başqa yol qalmayıb. Corc Ourelin “1984-c il” romanında olduğu kimi, sanki, hər kəs özünü böyük bir Göz altında əyləşmiştək hiss edir...

Elə müxalifətin də işi asanlaşıb. Bizdəki kimi, ədalətsiz və qüsurlu idarəetməyə malik, korrupsiya və rüşvətxorluğun tüğyan etdiyi ökələrdə ağıllı, bacarıqlı, təmiz və iradəli bir müxalifət lideri çox məharətlə, böyük maliyyə və təşkilati güc sərf etmədən, mövcud texnoloji imkanlardan istifadə etməklə, narazı xalqla asanlıqla rabitə qurmaq, özünü təbliğ və təqdim etmək, tərəfdar toplamaq və onları hakimiyyət üzərinə qaldırmaq imkanındadır...

- Ancaq bu dediyiniz imkanlara baxmayaraq, Azərbaycan müxalifəti nə güclənə, nə də yenilənəbilir. Xalq hakimiyyətdən narazı olsa da, köhnə, ənənəvi müxalifətin də arxasınca getmir... Yeni qüvvələrsə ortaya çıxmır, yeni simalar görünmür. Sizcə, müxalifətin yenilənməsinə nə mane olur?

- “Azərbaycan müxalifəti” ümumi anlayışdır. Əvəlcə, onu aydınlaşdırmaq gərəkdir ki, “Azərbaycan müxalifəti” anlayışına kimlər daxildir? Ölkədə olan 50-yə yaxın partiyanın yarıdan çoxu iddia edir ki, müxalifətdir. İki-üç partiya isə heç birini qəbul etmir və yalnız özlərini müxalifət sayırlar.

Gerçəkilk də odur ki, ölkədə 27 ildir iki siyasi xətt, iki siyasi düşərgə mövcuddur: biri 1993-cü ildə ölkədəki bütün hərbi-siyasi rəqiblərini yenərək və xalqın da mütləq əksəriyyətinin dəstəyini qazanaraq qalib gəlmiş Heydər Əliyev və onun davamçılarının idarə etdiyi xəttdir – hakimiyyət düşərgəsidir, ikincisi isə, əsas nüvəsini Heydər Əliyev və tərəfdarlarına uduzmuşların təşkil etdiyi və revanş, qisas məqsədiylə müxtəlif siyasi partiyalarda birləşmiş və müxalifət adına iddia edən təşkilatlardır, dağınıq bir düşərgədir.

  • Bu gün bu 27 illik ənənəvi müxalifət düşərgəsindən prezidentliyə iddia edən elə bir lider yoxdur ki, ya Heydər Əliyevin, ya da İlham Əliyevin hakimiyyətə gəlməsində rolları olmasın...”

Əsas problem də ondadır ki, müxalifət adına iddia edən bu təşkilatlar 27 ildir birləşib hakimiyyətə qarşı mübarizə aparmaq əvəzinə, ən kritik dövrlərdə öz şəxsi və siyasi maraqları naminə hakimiyyətlə separat sövdələşmələrə gedərək, onun maddi-siyasi dəstəyindən yararlanmaqla Əliyevlərdən daha çox bir-birinə qarşı mübarizə aparıblar, bir-birini zəiflədiblər və düşərgəni indiki bərbad halına salıblar. Bu gün bu 27 illik ənənəvi müxalifət düşərgəsindən prezidentliyə iddia edən elə bir lider yoxdur ki, ya Heydər Əliyevin, ya da oğlu İlham Əliyevin hakimiyyətə gəlməsində və ya hakimiyyətlərinin möhkəmləndirilməsində rolları olmasın...

Təbii ki, siyasi baxımdan ayıq xalq da bunu görür, bilir. Xalq hakimiyyətin alternativlərinə baxır və dərhal qiymətləndirmə aparır. O görür ki, hakimiyyətə alternativ olaraq meydana düşənlərin çoxu öz şəxsi və siyasi maraqlarını ümumxalq maraqlarından üstün tutan adamlardı, xalqla səmimi deyillər, yalan danışırlar, ədalətli deyillər, qərəzlidirlər, qisasçıdırlar, bəziləri vəzifədə olan vaxtı indikilərdən betər, quldur olublar və s. Belə olan halda xalq onlara dəstək verərəmi?! Əlbəttə, yox. Xalq tərəziyə qoyur, çəkir, müqayisə aparır və görür ki, hakimiyyət pisdirsə, ədalətsizdirsə, onu əvəzləmək istəyənlər ondan daha pisdirlər. Mənim qənaətimcə, Azərbaycan xalqı iki pisdən daha yaxşısını seçib və daha yaxşısını görənədək də bu proses hələ beləcə davam edəcək.

Baxın, sosial-iqtisadi zəmində hakimiyyətdən narazı qalan, məmur özbaşınalığından, qanunsuzluqdan bezən ən narazı və radikal insanlar belə, gəlib müxalifətə qoşulmurlar, hələ də hakimiyyətdən kimlərinsə onların səsini eşidəcəyinə inanır, ümid bəsləyirlər. Bu inam və ümidlər tükənməyənədək, hakimiyyətdən gözləntilər tamamilə kəsilməyənədək, müxalifətə axın olmayacaq.

Müxalif düşərgədə hamını birləşdirib ortaya çıxaracaq elə bir güclü lider də yoxdur ki, xalqda inam yarada bilsin və xalq onun gəlişi üçün səfərbər olunsun. Hamısı rahatca oturub evlərində, bir-iki müsahibəylə işlərini bitmiş sayır və gözləyirlər ki, görək, kim onları hakimiyyətə gətirəcək.

Təkrar edirəm, indi xalqın əksəriyyətinin, böyük çoxluğun gözləntisi müxalifətdən yox, hakimiyyətdəndir. Hakimiyyət də bunu yaxşı görürü, bilir, ona görə də əvvəlki vaxtlardan fərqli olaraq, indi tez-tez səhvlərini etirf edir, xalqa dəyişiklik vədi verir, islahatlara gedəcəyini bildirir, buna inam yaratmaq üçün addımlar da atır, cəmiyyətin gözünü yağır etmiş çoxillik kadrlardan təmizlənməyə çalışır və s.

  • "Hakimiyyətin güclü olması üçünsə müxalifətlə münasibətlər dəyişməli, yeni müstəviyə keçilməli, eyni masa ətrafında müzakirə aparılmalı və ölkə üçün hədsiz vacib olan islahatların yükü bərabər çəkilməlidir"


- Doğrudanmı, Siz hesab edirsiniz ki, hakimiyyət hansısa islahatlara gedəcək və əhalidə də bu islahatlara inam qalıb?

- Hakimiyyətin islahatlara getməkdən başqa çarəsi, yolu qalmayıb. Bayaq söhbətimizin əvvəlində dedim ki, yeni reallıqlar yaranıb və bu reallıqlar hakimiyyəti sürətlə içdən yenilənməyə, dəyişikliyə məcbur edəcək. Artıq hakimiyyətin də hədəfləri dəyişib və bu, aydın görünür. Bir tərəfdən, 44 günlük Qarabağ zəfərinin gətirdiyi geosiyasi şərtlər, o biri tərəfdən də ölkənin içərisində bu savaşsonrası yaranan yeni atmosfer hakimiyyəti vadar edəcək ki, qazandığımız uğurları qoruyub saxlaya və inkişaf etdirə bilmək üçün hamını, bütün xalqı səfərbər etsin, içdə milli birlik olsun. Müharibənin ölkəyə vurduğu iqtisadi zərəri aradan qaldırmaq və ölkəyə xaricdən olacaq çox böyük basqı qarşısında duruş gətirmək üçün mütləq hakimiyyət içdə çox güclü olmalı, onun diqqəti daxili çəkişmələrə və qarşıdurmalara yönəlməməlidir. Hakimiyyətin güclü olması üçünsə müxalifətlə münasibətlər dəyişməli, yeni müstəviyə keçilməli, eyni masa ətrafında müzakirə aparılmalı və ölkə üçün hədsiz vacib olan islahatların yükü bərabər çəkilməlidir. Məsuliyyət paylaşılmalı və hamının üzərində olmalıdır ki, fürsətcilliyə, sui-istifadələrə və bəhanələrə yer qalmasın.

- Hakimiyyətin ənənəvi müxalifətə münasibəti bəllidir: AXC-Müsavat cütlüyünü özünə düşmən bilir, bu cinah hətta birbaşa Prezident İlham Əliyevin də sərt tənqid hədəfində olub. Digər partiyalarla dialoqu isə AXCP və Müsavat Partiyası qəbul etmir. Belə ziddiyyətli, düşmən münasibətlər çərçivəsində iqtidar və müxalifəti bir araya gətirəcək yeni müstəvi necə yaradıla bilər ki?

- 44 günlük Qarabağ savaşı təkcə ölkənin zəif və güclü yerlərini yox, elə müxalifətin də sərhədlərini cızıb dəqiqləşdirdi, müəyyənləşdirdi. Üzə çıxdı ki, bu savaşda kimi, hansı partiya sədrini səmimi şəkildə ölkənin taleyi düşündürür, kimi də yalnız hakimiyyət maraqlandırır. Dərdi-azarı nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək olanlar ilk vaxtlar ictimai qınaqdan çəkinib hakimiyyətə dəstək verdikləri görüntüsünü yaratsalar da, azacıq büdrəmə olan kimi, dərhal ardıcıl zərbələr endirməyə başladılar. Həmin qüvvələr üçün “rus sülhməramlıları” mövzusu bir dirçəliş idisə, daha sonra şəhid və qazi ailələrinin problemləri, ardınca da “Tərtər işi” hakimiyyətin uğurlarını gözdənsalma vasitəsinə çevrildi... Əlbəttə, mən demirəm ki, onlar bu problemləri qabartmamalı idilər. Yox, qabartmalı idilər. Ancaq elə etdilər ki, bu, canıyananlıqdan və vətənpərvərlikdən daha çox, fürsətcillik və fitnəkarlığa çevrildi. Böyük Həzrəti Əli isə qarışıq vaxtı məmləkətində fitnə salanları həmişə lənətləyərdi. Yeri gəlmişkən, onun hakimiyyəti də sonda məhz Müaviyənin qisasçılıq hissindən, xəlifəlik iddiasından və fitnəkarlığından yıxıldı...

Məncə, 44 günlük savaş və ondan sonra yaşananlar hakimiyyətin də süzgəcindən keçdi və onlar qarşıdakı mərhələdə müxalif düşərgədən kimlərlə münasibəti necə quracaqlarını artıq tam dəqiqləşdirə bildilər. Son test isə Şuşa Bəyannaməsi ilə bağlı məlum bəyanat oldu. Elə bilirəm, Şuşa Bəyannaməsini dəstəkləyən bəyanata imza atan bəzi müxalif partiyalarla hakimiyyət münasibətlərini daha yeni və fərqli mərhələyə, müstəviyə keçirə və çox səmimi bir dialoq mühiti yarada bilər. O bəyanatı imzalayanlar arasında vaxtilə Elçibəy komandasının çox hörmətli simaları olan partiya sədrləri də var və müxalifət adından danışmağa da çoxlarından daha çox mənəvi haqları çatır. Doğrudur, bəziləri abırlarına qısılıb hələlik susur, bəziləri də keçmiş komanda yoldaşlarının şantaj və təzyiqlərindən çəkinirlər. Ancaq çəkinmək lazım deyil və hakimiyyətlə yeni münasibətlərdə də cəsarətli olmalıdırlar. Çünki yalnız cəsarət insanı uğura, zəfərə apara bilər. Bu 27 ilin uğursuzluq zolağından çıxmaq və yeni münasibətlər sisteminin qurucu avanqardları olmaq istəyirlərsə, müxalif düşərgənin bu məğlub “komandan”larının qisasçı hisslərinin, kininin və əsassız iddialarının girovuna çevrilməməli, onların təsirindən xilas olmalıdırlar. Yeni siyasi münasibətlərə keçid nə qədər tez olarsa, bu, bir o qədər ölkənin xeyrinə olar.

635x100

Şərhlər

Türk 2021-07-11 09:03:29

deyəsən sizin partiya da nə vaxtsa özünü müxaliufət hesab edirdi

Mənciyəz 2021-07-10 17:47:04

Bəli, Qurbağa gölümüzə otuz il ağırlığında məhəng daşı atıldı! Amma, tarixi hərbi terror cəzasını almayıb?

Son yazılar