“HANSISA MİNSK QRUPUNDA MƏSƏLƏLƏRİNİZİ HƏLL EDƏ BİLMƏYƏCƏKSİNİZ!” - Dumanın komitə sədri erməniləri qəzəbləndirib

Leonid Kalaşnikov: “Zəngəzur dəhlizi üçtərəfli razılaşmada nəzərdə tutulub...”

Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikovun Rusiya mətbuatına son açıqlamaları Ermənistanda böyük səs-küyə səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, yüksək ranqlı Duma təmsilçisinin həmin açıqlamalarında “Zəngəzur dəhlizi” ifadəsini işlətməsi erməni mətbuatında və siyasi dairələrində etiraz və qıcıq yaradıb.

44 günlük müharibə dövründə və ondan sonra da nisbətən obyektiv və ədalətli mövqeyilə seçilən L.Kalaşnikov son müsahibəsində Qarabağ mövzusunda danışarkən deyib: “Zəngəzur dəhlizi üçtərəfli razılaşmada nəzərdə tutulub. Lakin ermənilər də türklərə deməlidirlər ki, siz də sərhədləri açın, ticarətə başlayaq. Qoy Azərbaycan sərhədləri açsın. Onda ermənilər də dəmir yolu ilə Rusiyaya gələ biləcəklər. Məhz bu, indi ermənilər üçün vacibdir...”

Erməni tərəfi Rusiya parlamentinin komitə sədrinin bu fikirlərini üçtərəfli razılaşmanın təhrif olunması kimi dəyərləndirir. Erməni mətbuatı və siyasi şərhçiləri iddia edirlər ki, məlum razılaşmada söhbət dəhlizdən yox, komunikasiyaların və nəqliyyat xətlərinin qarşılıqlı şəkildə açılmasından gedir.

Xüsusilə Rusiya Dumasının yüksək vəzifəli şəxsinin “Zəngəzur dəhlizi” ifadəsini işlətməsi erməniləri lap özlərindən çıxarıb. Məsələn, Ermənistanın “news.am” nəşri hətta Klaşnikovu “Bakının xidmətində durmaqda” ittiham edib. “Leonid Kalaşnikov Bakının xidmətində: “komunikasiya” deyirik, “dəhliz” anlayırıq” başlıqlı məqalədə deyilir ki, üçtərəfli razılaşmada “Zəngəzur dəhlizi” ifadəsi olmadığı halda, Rusiyanın tanınmış siyasətçilərindən biri olan Kalaşnikov bu ifadəni işlətməklə rəsmi Bakının mövqeyindən çıxış edir.

Ancaq adının nə qoyulmasından asılı olmayaraq, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəhlizin istənilən halda açılacağını anlayan ermənilər Kalşnikovun digər bir fikrini də özlərinə qarşı təhdid kimi qəbul ediblər.

Belə ki, Rusiya rəsmisi Ermənistan tərəfinin Minsk Qrupuna bel bağlamasının mənasız olduğunu ifadə edib: “Mən həmişə postsovet ölkələrində məsələlərin üçtərəfli həllinə çağırmışam. Buna görə məni Ermənistanda tənqid ediblər – “niyə bizim tərəfimizdə deyilsiniz”? Mən isə cavab vermişəm ki, hansısa Minsk Qrupu ilə öz məsələlərinizi həll edə bilməyəcəksiniz. Nə amerikalılar, nə də fransızlar bunda maraqlı deyillər. Onların məqsədi Rusiyaya ziyan vurmaqdır. Onların Cənubi Qafqazı sakitləşdirmək nəyinə lazımdır?”

Məlum məsələdir ki, Klaşnikov bu açıqlamaları ilə əslində Azərbaycanın yox, Rusiyanın mövqeyini müdafiə edir. Belə ki, Moskva Cənubi Qafqazda özündən başqa kimsəni görmək istəmir, o cümlədən də Minsk Qrupundakı digər həmsədrləri. Ancaq ermənilər Rusiya siyasətçilərinin, ekspertlərinin, media orqanlarının açıq ermənipərəst mövqeyinə o qədər adət ediblər ki, hansısa yüksək ranqlı Rusiya rəsmisinin bu tip qismən də olsa obyektiv fikrinə rast gələndə bunu az qala özlərinə qarşı xəyanət kimi qəbul edirlər.

Ancaq hər halda, kimin nə deməsindən, erməni tərəfinin reaksiyasından və s. asılı olmayaraq, Azərbaycanın Zəngəzurla bağlı mövqeyi açıq və birmənalıdır. Üçtərəfli razılaşmada da nəzərdə tutulduğu kimi, qərb rayonlarımızı Naxçıvanla birləşdirəcək dəhliz mütləq açılacaq və bunu Kalşnikovun da eyham vurduğu kimi, ermənilər nə qədər tez anlayıb, qəbul etsələr, onların özləri üçün də bir o qədər yaxşı olacaq.

Cəlal Məmmədov

“AzPolitika.info”     


Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Roma 2021-07-15 12:57:29

Rusiya öz məkrli siyasətindən əl çəkmir, öz "ərköyün" küçüyü olan ermənil də tarixən byndan bu gün də belə yararlanır... Nə isə Rusiya məsələni qəlizləşdirir...

Son yazılar