"TÜRKİYƏ HƏRBİ AKADEMİYALARINI BİTİRƏNLƏR ORDUDA STRATEJİ VƏZİFƏLƏRƏ TƏYİN OLUNMALIDIR" - Qüdrət Həsənquliyev

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin mövzuları barədə Gununsesi.info-nun suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy ,Müdafiə Nazirliyinin rəhbərliyinə yeni təyinatlar oldu. Necə hesab edirsiniz, bu təyinatlar nə dərəcədə uğurludur?

-İlk öncə yeni təyin olmuş şəxsləri təbrik edirəm və onlara şərəfli və çətin fəaliyyətlərində uğurlar arzu edirəm. Onlara böyük etimad göstərilib,ümid edirəm onu doğruldacaqlar. Ancaq onu da deməyi özümə borc bilirəm ki,əvvəllər də söyləmişəm, Müdafiə Nazirliyinin və Türkiyənin Hərbi Akademiyalarını bitirmiş şəxslərin də Milli Ordunun idarə olunmasında strateji vəzifələrə təyin olunması vacibdir.

– Avropa İttifaqının Ermənistan və Gürcüstana iki milyarddan çox qrant və güzəştli kredit ayırdığı halda Azərbaycana münasibətdə fərqli mövqe sərgiləyib bunu etməməsi barədə nə deyə bilərsiniz?

– Prezident İlham Əliyev bu məsələyə aydınlıq gətirdi. Onlar sadəcə utanmalıdırlar. Ermənistan işğalçı dövlət kimi Azərbaycanın yüzlərlə şəhər və kəndlərini təkcə işğal etməyib, yer üzündən silib. Bizə yüz milyardlarla ziyan vurub, bir milyon insanın 30 ildən artıq məşəqqətli qaçqın həyatı yaşamasına səbəb olub, amma ona kömək edirlər,bizə yox. Budur `ali dəyərlərə sahib` Qərblilərin ədaləti. Xristian həmrəyliyi və islamafobiya onları `kor` edib, mənəvi deqradasiyaya uğradıb.

– Sosial şəbəkələrdə yayılan bir görüntü bizi məyus etdi. Yəqin ki, xəbəriniz var, Qurban əti uğrunda vətəndaşlarımızın bir-birinin üstünə çıxması səhnələrini necə qarşıladınız?

– Bəli, böyük ürək ağrısı ilə izləmişəm. Qurban bayramı Allahı xatırlama və xeyriyyəçilik bayramıdır. Qurban əti bir-bir qapılar döyülərək evlərə paylansaydı daha yaxşı olardı, qadınlarımız o vəziyyətə salınmazdı. Hər bir halda sağ olsunlar. Həmin səhnələr bir daha göstərdi ki, insanlarımızın layiqli həyatlarını təmin edəcək əmək haqları almaları üçün iqtisadi islahatlar genişləndirilməli, yüksək maaşlı iş yerləri açılmalı, əhalinin sisial müdafiəsi gücləndirilməlidır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən 100 mindən artıq insanın əlilliyinin və pensiyasının kəsilməsi (hansı əsasla edilməsindən asılı olmayaraq) az təminatlı ailələrin vəziyyətini bir az da ağırlaşdırıb. Biz bəlkə də dünyada tək ölkəyik ki, pandemiya dövründə valyuta ehtiyatlarımız artıb.Hesab edirəm ki, təcili qaydada valyuta ehtiyatlarından aztəminatlı insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün vəsait ayrılmalı,müvafiq qərarlar qəbul olunmalıdır. İndi meyvə-tərəvəzlə insanlar bir təhər dolanır, üzü qışa vəziyyət xeyli pisləşəcək. Hökumət bunu nəzərə almalıdır.
Qurban bayramı ilə əlaqədar bir məsələyə də toxunmaq istəyirəm. İnsanlara qurban ətinin paylanması reklam xarekterli olmamalıdır. Bizim jurnalist dostlar məcbur edilməməlidir ki, mətbuatda heyvanların kəsilməsini və kəsilmiş heyvanları göstərsinlər, yaxud şəkillərini versinlər. Jurnalistlər neçə heyvanın necə kəsilməsini yox,neçə kilo ət paylanmasından danışıb,yazmalıdırlar. Ət satılan yerlərdə kəsilmiş heyvanların başı yolun kənarına qoyulub reklam olunur. Bu insanlarımızda təbiətə və heyvanlara olan sevgini azaldır,uşaqların psixikasına mənfi təsir göstərir və cəmiyyətimizi qəddarlaşdırır. Geniş müzakirələrə və hiddətə səbəb olmuş pişiyin ayağının amansızcasına,acımadan kəsilməsinin kökünü həm də burda axtarmaq lazımdır. Dövlət orqanları,din xadimləri,siyasi partiyalar,mətbuat təşkilatları, QHT-lər bu istiqamətdə böyük kompaniya başlatmalıdırlar.

635x100

Şərhlər

Sahib 2021-07-25 13:40:15

Türkiyə hərbi məktəbinin yetirmələrini orduda strateji mövqelərə yerləşdirmək yaxşı fikirdir

Niyaməddin 2021-07-24 21:56:03

t.ədalət, tamamilə doğru yazmısınız, sizinlə həmfikirəm.

Xalq 2021-07-24 17:51:20

doğru fikirlərdir. Amma bu sözdədir. Əməlləri isə göz qabağındadır. Azərbaycanda hələ belə çətin iqtisadi vəziyyət yaranmamışdı, onu da yaratdılar!

t.ədalət 2021-07-24 14:18:04

Qüdrət müəllimin fikri bütün vətənpərvərlərin arzusudur.Ərazilərimizin qorunmasında Türkiyə təhsili almışlar birinci olmalıdırlar.Rusiyanın yetişdirdiyi kadrlarla ancaq uduza bilərik.Şəhid olan balarımızın xatirinə Rusiya təhsilli zabit kadrlarından uzaq olaq!

Son yazılar