ŞEYXİN YETMİŞ YEDDİNCİ YANLIŞ ANLAŞILMASI

Zamin HACI

Uca və həşəmətli şeyx həzrətlərimiz Allahşükür müəllim Şuşa məscidində namaz qılanda iranlı həmkarı haqda nəsə tərif söyləmişdir, bu da cəmaətimiz arasında nifrət və nifaqa səbəb olmuşdur. Şeyxin çıxışından təxminən o nəticə hasil olurmuş ki, guya həmin iranlı molla fətva verməsə donuz darıdan çıxmaz, yəni, ermənilər Qarabağdan rədd olub getməzmiş. Qələbəmizin memarı məhz o fətva imiş.

İndi bir sıra müşahidəçilər qeyd edir ki, bəlkə də siyasət və geopolitika baxımından, İranı tərəfimizə dartmaq sarıdan şeyx düz eləyibdir, sadəcə barıtı çox qoyubdur. Həmişəki kimi. Zatən bizim din xadimlərinin barıtla münasibətləri tarixən problematik olmuşdur, örnək üçün, 19-cu əsrdə irandan Qarabağa gələn dərviş Məstəli şah da barıtı çox qoyduğundan Paris şəhrinin altı üstünə çevrilmiş, o boyda şəhər neçə küllən-kuf vəziyyətinə düşmüşsə, hələ 200 il keçir, lakin oradan bir abırlı, qanacaqlı adam çıxmır, eyzən Makron-zad dünyaya gəlir. Lakin tema bu deyil.

İndi şeyx həzrətləri ərz edir ki, məni düzgün qanmayıblar, çıxışımı təhrif ediblər, hətta utanmazlar məni “türkün düşməni” adlandırır, bu necə düşmənçilikdir, mənim gəlinim türkdür və sairə.

Doğrudan da, güclü arqumentdir. Adam düşmən saydığını gəlin gətirməz. Bizim camaat yenə tarixən ancaq dost-aşnaları ilə qohum olmuş, qız alıb, qız vermişdir. Bunun təcrübəsini də saymaqla qurtarmaz.

Mən bilmirəm şeyxin çıxışı hansı istiqamətdə - leksik ya orfoqrafik, sintaktik ya metodoloji, qnoseoloji ya ortopedik – təhriflərə məruz qalmışdır, hazırda bunu araşdırmağa imkanımız da yoxdur. Çünki şeyx Şuşaya gedəndə yanında jurnalist tayfasından bircə “Ay Zaur”, ya da “Təhminə və Zaur” – mən bunları həmişə qarışdırıram, üzrlü sayın - verilişinin aparıcısını aparmışdı, o da bizə nə məlumat verəcəkdir? Onun işi uzağı manısları efirə çağırıb dalaşdırmaq və ağlatmaqdır. Bəlkə ağlatma istiqamətində şeyxlə həmkarlıq səbəbindən yol yoldaşı olublar. Nəsə, bu mövzu getdikcə tamamən zay olur, geri qayıdıram.

Bizim jurnalistlərdə, ictimai-siyasi aktivlərdə paxıllıq, xainlik o səviyyəyə yüksəlib ki, sabah şeyx həzrətlərini “Azərbaycanla Çexiya arasında düşmənçilik toxumları səpməkdə” suçlayarlar. Ancaq hamı bilir, şeyximizin orda çoxlu halal müəssisələri vardır, Karlovı Varının bəlkə yarısı onun sayəsində müqəddəs ziyarətgaha dönübdür

Elə şeyx iranpərəst olsa obyekti Tehranda, Məşhəddə, nə bilim, Qumda, Mazandaranda açardı da bə!? O isə Avropanın göbəyində yaradıb. Niyə? Çünki bizim şeyx həzrətləri kökündən avropapərəstdir, ölkəmizin sivil dəyərlər üzərində inkişaf eləməsini arzulayır. Vallah, səmimi sözümdür. Onun yerində o qazilər şurasındakılardan bəziləri olsa bəlkə Talibana şükür eləyərdiniz. 

Bizim şeyx əsl müsəlmandır. Klassikimiz demişkən, “istinni müsülmanin”. Əlinizə bir fağır şeyx düşüb, sağdan da döşəyirsiniz, soldan da. Halbuki, rəhmətliyin oğlu indiyəcən bir toyuğun başını kəsməyib, adi zırpaket partdatmayıb. Gedin dünyanın başqa nöqtələrindəki şeyxlərin də əməllərinə baxın.

Hər dəfə bu cür “yanlış anlaşılma”, “təhrif” söhbətləri ortaya çıxmasın deyə, mən uca şeyximizdən xahiş edirəm indən belə ümumiyyətlə azərbaycanca bir kəlmə də qırıldatmasın. Nəyinə lazımdır, a kişi? Axı sənin gül kimi peşə dilin var! Ərəbcə, bəd ayaqda farsca danış, qoy bu avamlar da ağızlarını ayırıb baxsınlar, heç zad qanmasınlar. Azərbaycanca danışırsan, başa düşürlər, başlayırlar mız qoymağa.

Yenə ötən əyyamları yada salaq. Görkəmli din xadimlərimizdən Şeyx Nəsrullah müəllim də vaxtilə xalqın bisavadlığını anlayıb onunla başqa dildə danışardı: “Sudməndtər daruyi ki, cərəb xarxari-şahidan gülüzarra füru minişanəd, əmri-təzvic nikahi-mitəəst. Tədbirist mətin dər mühafizəti-şəhristani-iman əz taraci-türkan, qəmzəhayi canistan hisnisti-hәsini dәr tәqlidi-xuni-fasid”. 

Xalq da çox razı idi, ta Mirzə Cəlil adında bir cəhənnəm əhli ortaya çıxıb onu sinxron tərcümə eləyənəcən. Tərcümə elədi, millət də bildi ki, şeyx deyir siğə eləmək qoturluğun ən yaxşı dərmanıdır, vəssalam.

Bu tərcümənin bizə yüz ildə heç bir xeyri olmadı(musavat.com).

635x100

Şərhlər

Müəllim 2021-07-27 22:28:39

İstefa mədəniyyətdir Simasız adamda tərbiyə mədəniyyət axtarırsınız Onun pirləndiyi fars şovinistləri Azərbaycan torpaqlarının işğaldan azad olunmasında erməni ilə "qardaş" olublar.

Veteran 2021-07-27 00:06:19

Molla sadıx sənin gəlinin türkdür, bəs sən nəsən?

Xalx 2021-07-26 09:03:18

Fətva : ... Bu “qlavnıy mollalıqdan” yerli PUA-lar ( nəyisə qovan adlanır) vasitəsilə qovulsun

RR 2021-07-26 06:25:42

Heeeeeee

Kamal 2021-07-25 23:28:46

Buadamda azca şəxsinə hörməti qalıbsa gərək ortaya çıxmasın.....İstefa ən doğru nəticədir....

Niyaməddin 2021-07-25 22:48:23

Zamin bəyə və azpolitiko.az saytına təşəkkür edirik, minnətdarıq ki, vətənimizin, vətəndaşlarımızın haqqını müdafiə edirlər. Allahdan və cənab prezidentdən ən böyük diləyimiz tezliklə belələrinin cəzasını verməsi və haqqlarımızın bizə qaytarılmasıdır.

Xalq 2021-07-25 21:48:07

Düppədüz.

Esger 2021-07-25 20:53:14

Tecili bu molla ishden cixardilmalidi. Bele satginlar aramizda olmamalidi.

Son yazılar