Nurəddin İSMAYIL

Şeyxülislam Allahşükür Paşazadə dini istilahlara söykənən bir mətbu açıqlaması vermiş və demiş ki, 44 günlük savaşda əldə edilən qələbə İranın dini rəhbəri ayətullah Əli Xamenei ağanın “Qarabağ islam torpağıdır” fətvası ilə qazanılmış.

Əcaba, Azərbaycanda şeyxdən çox monopolist, nəzir qutularının baş yığımçısı olaraq tanınan, pirlərdə, məscidlərdə, yas mərasimlərində qalaqlanan pulları dədə malı kimi mənimsəyən şeyx həzrətləri nədən yenə üzünü molla rejimi İrana tutub?

Erməni hamisi Tehran yönətiminə bu qədər məlhəm münasibətin arxasında onun özərinə götürdüyü öhdəlikmi, yoxsa məzhəb təəssübkeşliyi durur?

Əgər doğrudan da ayətulla bu gücə malik idisə, nə üçün bu fətvanı 30 il əvvəl deyil, orada islamın irzi namusu ayaqlar altına atılandan, məscidlərə donuz bağlanandan, tarixi ərazilərimiz yerlə yeksan ediləndən sonra verilmiş.

Başqa bir dövlət qarşısında nə qədər yenik düşməlisən ki, başda Ali Baş Komandan olmaqla qalib ordumuzun, xalq gücünə, milli həmrəyliyə söykənərək, şəhidlərimizin qanı bahasına əldə etdiyi qələbəni təcavüzkar Ermənistana nəfəs verən bir ölkənin dini rəhbərinin verdiyi fətvaya bağlayasan.

Deyəsən şeyx həzrətləri bir vaxtlar mərhum ölkə başçısı H.Əliyevin İrana səfəri zamanı rəsmi görüşdə Azərbaycan dilinə xor baxan rəhbərə necə siyasi dərs verdiyini yaddan çıxarıb.

Fikrimizcə, dünyanın 44 gün savaşda birmənalı şəkildə qəbul etdiyi hərbi nailiyyətimizi şübhə altına alan bu cür yersiz çıxışdan sonra şeyx təhlükəsizlik orqanlarının sorğu obyektinə çevrilməli, peşəkar, soyuqqanlı dindirilməyə cəlb edilməlidir!