Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb. "Report"un məlumatına görə, olimpiada proqramına ilk dəfə salınan karate növündə Rafael Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.
36 yaşlı idmançı finalda italiyalı Luici Busaya uduzub. Bununla da Ağayev ikinci yeri tutub.
Qeyd edək ki, daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb. Bundan başqa sərbəst güləşçi Hacı Əliyev (65 kq) finala yüksəlib, qadın güləşçi Mariya Stadnik (50 kq) və daha bir sərbəst güləşçi Şərif Şərifov (97 kq) bürünc medal uğrunda döyüşəcək. Hər 3 görüş avqustun 7-də olacaq.
***

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 75 kq-da mübarizə aparan idmançı macarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.
Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.
Ağayevin həlledici qarşılaşmadakı rəqibi italiyalı Luici Busa olacaq.
***

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"Report"un məlumatına görə, 75 kq-da mübarizə aparan idmançı B qrupundakı sonuncu - dördüncü döyüşündə italiyalı Luici Busa ilə üz-üzə gəlib.
5 qat dünya və 11 qat Avropa çempionu görüşün bitməsinə 56 saniyə qalmış zədələnsə də, döyüşü sonadək davam etdirib. Qarşılaşma Ağayevin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
O, yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə görüşəcək.
***
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"Report"un məlumatına görə, 75 kq-dakı idmançı B qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Nurkanat Ajiqanovla qarşılaşıb.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Ağayev vaxtından əvvəl yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib. O, qrupdakı sonuncu görüşünü italiyalı Luici Busaya qarşı keçirəcək.
13:33
***
Rafael Ağayev çıxış etdiyi qrupda ikinci qələbəsini qazanıb. Oxu.Az xəbər verir ki, o, Avstraliyanı təmsil edən yapon əsilli Suneri Yahiroya 5:0 hesabı ilə qalib gəlib.
Hazırda Rafael Ağayev və italiyalı Luici Buza qrupda ilk iki sırada qərarlaşıb və yarımfinala yüksəlmək üçün yaxşı şans əldə ediblər.
12:34
Azərbaycan karateçisi Rafael Ağayev Tokio Olimpiadasında mübarizəyə başlayıb.
Oxu.Az-ın xəbərinə görə, 75 kq çəki dərəcəsində yarışan Rafael Noa Biçlə (Almaniya) qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, onun növbəti rəqibi Suneari Yahiro (Avstraliya) olacaq. Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.


Şərhlər