Menu

“Ermənistan sentyabrın 16-na hazırlaşır...” – İrəvanın KTMT-yə ümidləri niyə suya düşdü?

11.08.2021, 15:30
“Ermənistan sentyabrın 16-na hazırlaşır...” – İrəvanın KTMT-yə ümidləri niyə suya düşdü?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas İrəvana səfərində xeyli irad və giley-güzarla qarşılaşıb. Bununla belə o Ermənistana yenə də gözlədiyi ümidverici vədlər verməyib. Konkret olaraq sərhəddə baş verən gərginlikdən qorxuya düşən erməni cəmiyyəti KTMT rəhbərindən dəstək bəyanatları gözləsə də, S.Zas ümumi cümlələrlə səfərini yola verdi.

Təşkilat rəhbərinin İrəvana səfərini şərh edən politoloq Elxan Şahinoğlu bildirir ki, Ermənistan hakimiyyətinin və cəmiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ümidi özünü doğrutlmur. Onun sözlərinə görə, KTMT Ermənistan-Azərbaycan qarşdurmasında tərəf olmaq istəmir. Politoloq xatırladır ki, hərbi təşkilat nə müharibə, nə də ondan sonrakı dövrdə Ermənistana arxa olmadı. "Çünki təşkilat yaxşı anlayır ki, birincisi, Ermənistan haqsızdır, uzun illər qonşu ölkənin torpaqlarını işğal altında saxlayıb, ikincisi, Ermənistan Azərbaycanla sərhədi müəyyənləşdirmək və sülh sazişi imzalamaq istəmir", - E.Şahinoğlu vurğulayıb.

Politoloq xatırladır ki, KTMT-nin baş katibi Stanislav Zas İrəvandakı görüşlərində ehtiyatlı açıqlamalar səsləndirib: "Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan Zası “biz Sizi may ayından İrəvanda gözləyirdik” sözləriylə sancmağı da unutmadı. Erməni jurnalistlər isə nə qədər baş katibdən Azərbaycan əleyhinə açıqlama almaq istəsələr də, alınmadı. Ermənistanda anlamaq istəmirlər ki, Ermənistanı çıxmaq şərtilə təşkilatın üzvləri Azərbaycanla münasibətləri pozmaq istəmirlər. Elə təşkilatın baş katibi bir müddət əvvəl ona zəng edən erməni rəsmisinə açıq dedi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhəd məsələsinə qarışmayacaq. Yəni faktiki baş katib ermənilərə deyib ki, “bizdən əl çəkin və gedin Azərbaycanla razılaşın”".

Ekspertin fikrincə, buna baxmayaraq, İrəvan təşkilatdan əl çəkənə oxşamır. "Bu da ondan irəli gəlir ki, Ermənistan təkbaşına Azərbaycanla bacarmayacağını anlayır. İrəvan sentyabrın 16-na hazırlaşır. Bu tarixdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrlik Ermənistana keçəcək", - deyə politoloq qeyd edib.

Elxan Şahinoğlu düşünür ki, Ermənistan hakimiyyəti həmin tarixdən başlayaraq təşkilatı Azərbaycana qarşı yönəltməyə çalışacaq: "Bu siyasət Azərbaycana deyil, Ermənistana əlavə problemlər yaradacaq. Çünki təşkilat üzvləri Ermənistanın haqsız tələblərinə görə Azərbaycanla üz-üzə qalmaq istəməyəcəklər. Əgər İrəvan dediyində israrlı olarsa, təşkilat daxilində gərginlik artacaq. Digər tərəfdən təşkilatın Ermənistandan başqa dərdi var, Əfqanıstanda gərginlik artır, terrorçuların bu ölkədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərə keçmə ehtimalı artıb. Təşkilat üzvləri buna qarşı birgə mübarizə haqqında düşünmək məcburiyyətindədirlər. Əfqanıstan təhlükəsi Ermənistanın bağırtılarından daha ağır gəlir. Ancaq hər halda rəsmi Bakı KTMT-yə bir daha mövqeyini xatırlatmalıdır ki, imkanları varsa, Ermənistan hakimiyyətini ağıllandırsınlar və sərhədlərin delimitasiya və demarkasiyası məqsədilə ikitərəfli danışıqlar başlansın".

"AzPolitika.info"

Şərhlər

Xalq 2021-08-11 19:13:30

Elxan müəllimin fikirləri ilə razılaşmaq olar! Yaşayarıq görərik!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol