Fransa paytaxtında konkret sənəd imzalanacağı haqda iddialar ciddiləşir
Diplomatik mənbə: “Vaşinqton və Paris Bakının üzərinə rəsmən separatçı rejimə öz müqəddəratını təyinetmə haqqı tanımaq öhdəliyi qoymaq niyyətindədir...”
Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə sayılı günlər qaldı. Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə, oktyabrın 27-də reallaşacağı gözlənilən yüksək səviyyəli təmasla bağlı son günlər müxtəlif təxminlər və versiyalar səslənməkdədir. Onların arasında informasiya xarakterli olanlar təbii ki, daha çox diqqət çəkir.“Əsas odur ki, Paris görüşü hesabına Qarabağ münaqişəsi tərəfləri arasında etimad yaransın”.
Musavat.com-un erməni KİV-lərə istinadən verdiyi xəbərə görə, bunu dünən İrəvandakı mətbuat konfransında Fransanın bu ölkədəki səfiri Anri Reno Paris görüşündən dolayı gözləntiləri şərh edərkən deyib.
“Yaxın günlərdə Parisdə İlham Əliyev-Serj Sərkisyan görüşü olacaq. Diplomatik təfərrüatlara varmadan qeyd edim ki, görüş nizamlama prosesinə konfliktin həllinə yönəlik yeni impuls verəcək. Vacib olan odur ki, hər iki tərəf etimad atmosferi yarada bilsin”, - deyə diplomat qeyd edib diplomat.
Onun sözlərinə görə, Paris zirvəsi həmçinin problemin dinc yolla həllinə alternativ olmadığının təsdiqi olacaq. Ardınca diplomat danışıqların “şifrələrini” açacaq maraqlı bir cümlə işlədib. Əlavə edib ki, müzakirələrin əsasında üç prinsip duracaq: “Ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə haqqı və güc tətbiqindən imtina”.

“Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə Parisdə baş tutacaq danışıqlarında Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatın imzalanması gözlənilir”. Bunu isə virtualaz.org-un məlumatına görə, erməni mətbuatı yazıb. “Aykakan Jamanax” qəzetinin diplomatik qaynaqlara istinadən yaydığı xəbərdə bildirilir ki, Fransa prezidenti İlham Əliyevlə Serj Sərkisyanın birgə bəyannamə imzalamasına nail olmağa çalışır.
Lakin birgə bəyanatın imzalanması məsələsinin hələ ki, açıq qaldığı da deyilir. Bildirilir ki, Fransua Olland əvvəlcə İlham Əliyevlə və Serj Sərkisyanla ayrılıqda görüşəcək. Daha sonra görüşlər üçtərəfli formatda davam edəcək. Minsk Qrupu həmsədrlərinin də prezidentlərin görüşü ilə bağlı Parisə çağırıldığı xəbərlər sırasındadır.

Fransalı səfir Renonun açıqlamasından isə aydın olur ki, indi də ABŞ və Fransanın timsalında Qərb sülh prosesinin hazırkı mərhələsini konkret sənədlə yekunlaşdırmaq üçün ciddi çabalar içindədir. O da bəlli olur ki, həmin sənəd diplomatın qeyd elədiyi 3 prinsip əsasında təsəvvür edilir. Bu isə əslində Azərbaycanın köklü maraqları ilə uzlaşmır, çünki ən azı, işğal faktını arxa plana keçirir, problemin Ermənistanın ərazi iddiasından deyil, Dağlıq Qarabağ əhalisinin “öz müqəddəratını təyinetmə” mübarizəsindən qaynaqlandığı haqda dünyada yanlış rəy formalaşdırır.

Bəzi siyasi şərhçilər də 3 prinsipin “şotland variantı”nın hüquqi təməli üçün kifayət etdiyini düşünürlər. Qərb isə bu prinsiplərin Parisdə legitimləşdirilməsində ən əvvəl ona görə israrlıdır ki, bəlli səbəblərdən gərgin münasibətlərdə olduğu Rusiyanı münaqişə tərəflərinə, regiona olduqca mühüm təsir və şantaj rıçaqlarından birindən məhrum eləsin. Söhbət Kreml tərəfindən özünə əlverişli məqamda münaqişə tərəflərindən birini savaşa qızışdırmaqdan gedir. Ancaq məntiqlə Azərbaycanla Ermənistan arasında güc tətbiq eləməmək öhdəliyi varsa (3-cü prinsip), o zaman belə təhdid avtomatik aradan qalxmış olur.
Azərbaycan və onun suverenliyi, ərazi bütövlüyü üçün ən təhlükəlisi isə əlbəttə ki, ölkəmizə sırınmağa çalışılan ikinci - öz müqəddəratı təyinetmə prinsipidir. Çünki nizamlamanın yekun mərhələsində həmin hüquqi prinsip Azərbaycanın ərazi bütövlüyünü alver predmetinə çevirə bilər.
Əminik ki, Azərbaycan rəhbərliyi təhlükənin fərqindədir və Paris görüşündə o, ölkəmiz üçün “qırmızı xətləri” bir daha vasitəçi ölkələrim nəzər-diqqətinə çatdıracaq, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına kiçicik belə hüquqi əsas yaradacaq istənilən məkrli sənədi imzalamaqdan vaz keçəcək.


Şərhlər