Böyük Britaniyanın yüksək rütbəli hərbi rəsmiləri, “İslam Dövləti”nin (İŞİD) Kabil hava limanında təxliyəyə kömək edən İngilis və ABŞ əsgərlərini hədəf ala biləcəyini düşünürlər.
Bu barədə “The Times” qəzeti öz mənbəsinə istinadla məlumat yayıb: “Bilirik ki, izdihamın arasına intihar bombası atmaq və bəzi britaniyalıları və ya amerikalıları öldürmək istəyirlər. İŞİD-dən kamikadze ilə bağlı ciddi təhlükə var. Əsgərlər bir əlində körpə tutarkən, digər əlinin barmaqlarını tətikdə tutmalı olurlar”.
“Taliban” üzvlərindən biri öz növbəsində qəzetə verdiyi açıqlamada deyib ki, üzvlərinə hava limanında təhlükəsizliyi təmin etmək və “İslam Dövləti” tərəfindən mümkün hücumların qarşısını almaq üçün göstəriş verilib: “Təhlükəsizlik riski var və İŞİD istənilən vaxt hücum edə bilər. Bizimkilər hər bir şəxsi və avtomobili yoxlayır. Əfqanıstan xalqına problem yaratmaq niyyətində deyilik”.
İngiltərə qəzetləri 900 əsgərin Əfqanıstana, ABŞ əsgərlərinin Əfqanıstan və digər ölkələrin vətəndaşlarını Kabildən köçürməsinə kömək etmək üçün göndərildiyini yazıb. Rəsmi London, son uçuşun bu həftənin sonuna planlaşdırılması ilə təxliyə müddətini uzatmağa qərar verib. Bu həftə Böyük Britaniya Əfqanıstandan təxminən 6000 adamı təxliyə etməyi planlaşdırır. Britaniya indiyədək 3100 Əfqanıstan vətəndaşı olmaqla, təxminən, 5725 nəfəri Kabildən təxliyə edib.
Şənbə günü ehtimal olunan təhlükəsizlik təhdidinin ardınca ABŞ-ın Kabildəki Səfirliyi açıqlama verib: “Kabil hava limanının qapıları xaricində potensial təhlükəsizlik təhdidləri səbəbiylə, ABŞ vətəndaşlarına hava limanına səyahət etməməyi və bu anda hava limanının qapılarından çəkinməyi məsləhət görürük”.
Xatırladaq ki, “Taliban” ötən həftə hakimiyyəti ələ keçirdikdən sonra insanlar ölkəni tərk etməyə tələsdikcə Əfqanıstanda vəziyyət daha da pisləşir. Avqustun 15 -də Prezident Əşrəf Qani ölkəni tərk etdikdən qısa müddət sonra hökumət çöküb.
Ölkələr vətəndaşlarını sürətlə müharibənin qurbanı olan Əfqanıstandan çıxarır. Hazırda Kabil hava limanı bölgədəki qeyri-sabitlik səbəbindən ciddi xaos yaşayır.
L.SƏMLA
AzPolitika.info


Şərhlər