Qvineyada qiyamçıların lideri polkovnik Mamadi Dumbuya Prezident Alfa Kondenin həbs olunduğunu elan edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, M. Dumbuya çıxışında bildirib ki, ölkədə sosial, siyasi və iqtisadi vəziyyət həddən artıq ağır olduğu üçün hərbçilər Qvineyanın gələcəyi üçün məsuliyyəti öz üzərlərinə götürmək barədə qərar qəbul ediblər.

Polkovnik ölkədə Konstitusiyanın qüvvəsini dayandırdığını, parlamentin buraxıldığını, sərhədlərin bağlanıldığını bəyan edib və hərbçiləri kazarmalarda qalmağa çağırıb. M. Dumbuya Milli Birlik və İnkişaf Komitəsinin lideri postunu tutduğunu bildirib. Qeyd edib ki, bu Komitənin məqsədi dövlətin qarşısında duran problemlərin həlli üçün ölkənin bütün vətəndaşlarını birləşdirməkdir.

***
Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib. "Report" xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb.
"Reuters" agentliyi isə xəbər verib ki, hərbçilər Qvineyanın paytaxtı Konakridə prezident sarayının qarşısındadır. Konakrinin şimalından hökumət sarayına, prezident sarayının yerləşdiyi yerə gedən yeganə avtomobil yolu əsgərlər tərəfindən blokadaya alınıb.
Çevriliş cəhdinin arxasında xüsusi təyinatlılar qrupunun nümayəndələri dayanır. Qrupa əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.
Bundan əvvəl Konakrinin hökumət məhəlləsində atışma səslərinin eşidildiyi barədə məlumat yayılmışdı.


Şərhlər