"KİMLƏRSƏ MARAĞINDADIR Kİ, BU UŞAQLAR YERİNDƏCƏ MƏHV EDİLSİN" - Ekspertdən DİM-ə ağır ittihamlar

"Bu il təxminən 5000 nəfər İnformasiya Texnologiyaları (İT) və kompüter ixtisası üzrə ali məktəblərə qəbul olub. Yəni, 5000 şagird son iki ildə informatikanı bir kənara ataraq məcburən kimya öyrənib ki, İT ixtisasa qəbul ola bilsin. Çünki bizim qəbul qaydalarına görə İT və kompüter ixtisasını seçənlər İnformatika əvəzinə Kimyadan imtahan vermək məcburiyyətindədir".

"AzPolitika.info" xəbər verir ki, bunu Azərbaycan internet Forumunun prezidenti Osman Gündüz bildirib. Ekspert qeyd edib ki, zorən kimyaçılar artıq arzularına çatıblar. Onun sözlərinə görə, bu gündən etibarən 5000 nəfər İT yönümlü tələbəmizə kimya lazım olmayacaq.

"Necə ki, iki il ərzində “İnformatika”nı kənara atmışdılar, indi də “Kimya”nı birdəfəlik kənara atacaqlar", - deyə o vurğulayıb.

Ekspert vurğulayıb ki, son iki ildə “İnformatika”nı da öyrənmədiklərindən universitetlərdə bu sahə üzrə bilik və bacarıqları mənimsəmək onlar üçün ciddi problemə çevriləcək: "Qonşu ölkələrdə şagirdlərə aşağı siniflərdən başlayaraq “İnformatika” sahəsində əsas anlayışlar, alqoritmlər və kodlaşdırma öyrədilir. Rəqəmsal bacarıqlar aşılanır. İT və kompüter ixtisası seçənlər qabaqcadan bu istiqamətdə təmayülləşir. Ali məktəblərə qəbul üçün bu sahə üzrə bilik və bacarıqlar əsas götürülür. Yəni digər ölkələrlə müqayisədə, bizdə İT və kompüter sahəsində ali məktəblərə qəbul olunan tələbələrin start vəziyyətləri “İnformatika, yoxsa Kimya” problemi ucbatından kəskin dərəcədə fərqlənir".

O.Gündüz qeyd edir ki, biz İT sahəsi üzrə irəli getmək istəyən uşaqları sanki tutub saxlayırıq, onun belinə əlavə “Kimya” yükü də yükləyirik.

“Məktəbin və valideynin resurslarını fərqli istiqamətə yönləndiririk ki, uşaq İT üzrə irəli gedə, üstün mövqe qazana bilməsin. Hansı ki, “Kimya” üzrə biliklər bir də heç vaxt ona lazım olmayacaq. Nəticədə universitetlərdə İT sahəsi üzrə ali təhsilin keyfiyyətində ciddi problemlər yaranır. Universitetlərdə İT sahəsi üzrə təhsilin keyfiyyətində problemlər həm də məhz bu səbəblə bağlıdır",- deyə ekspert vurğulayıb.

Problem nə vaxtadək davam edəcək?

Osman Gündüz bu suala cavabında bildirib ki, "Dövlət İmtahan Mərkəzi (DİM) İnformatikadan imtahan olsa, hamı kəsiləcək, odur ki, gərək Təhsil Nazirliyi (TN) məktəblərdə İnfromatikanın tədrisini qaydaya salmalıdır" deyir.

Ekspert vurğualayır ki, son illərdə “İnformatika” sahəsində əldə olunan uğurlar, TN-nin MİQ sahəsindəki uğurlu addımları DİM-in bu arqumentinin elə də ciddi olmadığını göstərir: "DİM-in bu problemin həlli istiqamətindəki səylərini heç bir halda yetərli hesab etmək olmaz. Yalnız bir halda bu məsələ müzakirə mövzusu ola bilər ki, qəbulda mövcud status-kvonun dəyişməsi üçün böyük resurslar gərək olsun, hansı ki, hökumət də bu resursları DİM-ə ayırmaqdan imtina etsin.

TN də deyir ki, DİM gərək İnformatikadan imtahan salsın ki, məktəblərdə, valideynlərdə və uşaqlarda “İnformatika”ya diqqət daha da artsın. Son zamanlar hiss olundu ki, TN bu istiqamətdə nəsə etmək istəyir. Lakin görünən odur ki, onun da mövcud qaydaları dəyişdirməyə hələlik gücü çatmayıb".

Osman Gündüz əlavə edir ki, bu istqiamətdəki araşdrımaları onu deməyə əsas verir ki, problemin daha dərin kökləri var.

"Hətta, bəzən belə fikirlər səslənir ki, son illərdə ölkədə aparılan islahatlar, innovasiyalara diqqət, rəqəmsal transformasiya, dördüncü sənaye inqilabının çağırışlarına cavab verən müəyyən addımların atılmasına baxmayaraq, bu problemin həllinə diqqət yetirilməməsində maraqlı olanlar da var. Buradan şübhələnmək üşün əsaslar da yaranır ki, kimlərsə maraqlı olub, ölkədə güclü İT təbəqə formalaşmasın, bu sahədə bacarığı və marağı olan uşaqlar elə yerindəcə məhv edilsin",- deyə kespert qeyd edib.

O. Gündüz hesab edir ki, problemin uzun illər həll olunmaması hökumətin bu sahəyə yetərincə laqeyd münasibətinin nəticəsidir: "Artıq DİM-ə və TN-ə bu istiqamətdə müraciət etməkdən yorularaq innovasiya və rəqəmsal sektorun inkişafına cavabdeh olan qurumlara- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) və ASAN-a, İT təhsil verən universitet rəhbərlərinə, Prezident Administrasiyasının müvafiq bölmələrinə müraciət edirəm ki, indidən bu problemin həlli istiqamətində birgə səylər gücləndirilsin ki, növbəti ildən təhsil qurumları, məktəblər, valideynlər və uşaqlar öz işlərini bilsinlər".

"AzPolitika.info"

635x100

Şərhlər

Garachanta 2021-09-11 08:40:25

Ümumiyyətlə DİM Azərabyacan Elmi və Təhsilini Genosidə Məruz Qoyub. Səsi Tarix Boyu Çıxacaq!!

Ekspertə 2021-09-10 12:01:11

Hörmətli ekspert bir detalı unudub.Bu uşaqlar 4 ildənsonra universiteti informatika ixtisası üzrə birtəhər (məlumdur) diplom alaraq həyata atılmalıdırlar Bəs bu 5000 nəfərin bu ixtisası almasına ölkədə ehtiyac varmı və bunlar haralarda işlə təmin olunacaqlar?Qəbul pıanı ölkənin tələbatına uyğun tərtib olunmalı,universitetlərdə mükəmməl təhsil təşkil edilməli və universitet bitirən gən həyatını yaşamaq üçün iş yeri ilə təmin olunmalıdr.Nə qədər diplomlu qarpız,kartof satan olmalıdır? İndiki halda təhsil təşkili təhsil möhtəkirvə alverçilərinə xidmət etdiyini hamı bilir.Bəs nə zaman ölkədə təhsillə maraqlananqurum dürüst işləyəcək? Bax,bu məsələ ciddi olduğu qədər də vacib həll olunmalıdr.Yoxsa narkoman,tüfeyli sayını artıracağıq.d

t.ədalət 2021-09-10 09:45:00

Bu məs\ələnin kökündə Azərbaycanda yüksək səviyyəli kadrların hazırlanmasını əngəlləmək dayanır.....

Son yazılar