YAP-dakı KADR DƏYİŞİKLİKLƏRİ NƏ VƏD EDİR? - Hakim partiya iqtidar üçün kadr bankı rolunu oynaya bilmir

Yeni Azərbaycan Partiyasında(YAP) bu il martın 5-də keçirilən növbədənkənar qurultayından sonra ilk səs-küylü dəyişikliklərə imza atılıb. Belə ki, hakim partiyanın 9 rayon şöbəsinin sədri dəyişdirilib.

Onların 3-ü millət vəkilidir: Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı, Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov, Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva.

Səbail rayon təşkilatının artıq keçmiş sədri Şəmsəddin Hacıyev və Yasamal rayon təşkilatının sabiq sədri Tağı Əhmədov da yüksək vəzifə tutmuş tanınmış simalardır. Onların hansı səbəbdən əvəzlənməsi barədə məlumat verilməyib. Yalnız o məlumdur ki, Tağı Əhmədovun səhhətində ciddi problemlər var. Sabiq Metropoliten rəisi ötən ay ağır vəziyyətdə klinikaların birinə yerləşdirilmişdi. Bundan başqa, T.Əhmədovun adı bir sıra cinayətlərə qarışıb, bu haqda mediada çoxsaylı materiallar dərc olunub.

Son vaxtlara qədər cəmiyyətdə çox az adamın tanıdığı və məlum video ilə gündəmə gələn Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovla bağlı məsələ isə aydındır, onun istefaya göndərilməsinin səbəbi üzərində çox dayanmağa dəymir.

Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevanın da əvəzlənməsinin səbəbi rəsmən açıqlanmayıb. Baxmayaraq ki, hər üç şəxs uzun müddət hakim partiya elitasında yer alıblar.

Qeyd edək ki, 5 martda keçirilən növbədənkənar qurultayda qəbul edilmiş yeni nizamnamədə rayon-şəhər təşkilatları sədrlərinin konfransda seçilməsi qaydası ləğv olunub. Sədrlər YAP Mərkəzi İcra Aparatı tərəfindən təyin edilirlər və sözügedən qurumun əməkdaşı hesab olunurlar. Müşahidəçilər bu dəyişikliyi tənqid edərək bunun təşkilatdaxili demokratiyaya, rəqabətə, siyasi inkişafa ciddi zərbə vurduğunu qeyd edirlər.

Hər halda bu, hakim siyasi partiyanın daxili işidir, ola bilsin ki, rəhbərlik bu tip idarəçiliyi daha məqbul hesab edir. Bəs qurultaydan sonra təşkilatın ənənəvi monoton idarəçilikdən siyasi rəqabətə hazırlıqlı siyasi qüvvəyə çevrilməsi istiqamətində nəzərəçarpan addımlar atılıbmı? Martın 5-dən keçən yarım ildə YAP-la bağlı mediada trend olan hadisələrdən biri rayon-şəhər təşkilatlarında Hesablama Palatası tərəfindən aparılan audit yoxlamasıdır. 

Məlumata görə, Palata əməkdaşları əksər rayon təşkilatlarında yoxlama aparıb və bu zaman məlum olub ki, üzvlük haqlarının toplanması, xərclənməsi, mərkəzi aparatdan verilən maliyyənin idarə olunmasında ciddi problemlər var. Doğrudur, Mərkəzi Aparat heç də bütün şöbələrə pul verməyib, əksinə, yerli təşkilatlar yığdıqları vəsaitin bir hissəsini yuxarı quruma ötürüb. Amma 82 rayon şöbəsinin azı üçdə biri YAP-ın illik 12 milyon manata çatan büdcəsindən iri məbləğlər alıb.

Qeyd edək ki, bu yoxlamalar partiya strukturlarında ciddi narazılıqlara səbəb olub. Xüsusən, Mərkəzi İcra Aparatından vəsait almayan təşkilat sədrləri bu auditin qanunvericiliyə zidd olduğunu bildiriblər.

Qurultayda qəbul edilən başqa bir dəyişikliyə görə millət vəkilləri, partiyanın başqa seçkili orqanlarında vəzifə tutan şəxslər yerli ərazi təşkilatlarına rəhbərlik edə bilməzlər.

Beləliklə, şöbə sədrlərinin dəyişməsi əsasən təşkilati məsələdir, amma əsas sual budur ki, yeni təyinatlar YAP-da inkişafa səbəb olacaqmı? Uzun illərdir bəzi istiqamətlərdə yerində sayan, siyasi rəqabət qabiliyyətini yüksəldə bilməyən hakim partiya yaxşıya doğru dəyişəcəkmi?

Rayon təşkilatlarına gətirilən şəxslərdən biri cəmiyyətdə tanınan şəxsdir – Xətai rayon təşkilatına “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəhbərlik edəcək. Nərimanov rayon təşkilatının rəhbərliyinə “Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyev gətirilib. Digər kadrlar isə sadəcə, istefaya göndərilən sədrlərin müavinləri olub.

Görünən budur ki, partiya rəhbərliyindən bəzi korrupsioner, odioz fiqurlar gedib, amma bir çox hallarda onları cəmiyyətin inam bəslədiyi şəxslərin əvəzləməsi müşahidə olunmur

Görünən həm də odur ki, YAP siyasi hakimiyyətdə aparılan gəncləşmə prosesində kadr bankı rolunu oynaya bilmir. Artıq uzun müddətdir ki, hökumətdə, dövlət qurumlarında baş tutan yeni təyinatlarda bu partiyanın rəhbərliyində, seçkili orqanlarında təmsil olunan şəxslərə yer verilmir. Hakimiyyət istədiyi meyarlara cavab verən kadrları hakim partiyada tapa bilmir, onları kənardan gətirir. Nəticədə belə təəssürat yaranır ki, YAP-ın adı iqtidar partiyası olsa da, özü çoxdandır iqtidarda təmsil oluna bilmir və bəzi qurumlar kimi sadəcə, hökumətə yük olub…

E. Rüstəmli

“AzPolitika.info”

635x100

Şərhlər

Vətəndaş 2021-09-20 15:39:20

Səsləri həbsxana və təcridxanalardan gələn,işlərində korrupsiya.Rüşvət,yqrlbazlıq və qohumbazlıq halları olan üzvləri hmayə edən,başına toplayan partiyadan nə gözlənilə bilər? Bu partiya qapanmalıdır.Pespublikanı babır ediblər.m

Xalq 2021-09-14 14:17:08

məncə YAP buraxılmalıdır.

t.ədalət 2021-09-14 13:25:16

Tağı Əhmədovun şairliyini,həm də görkəmli milli şair və ictimai xadimimiz Hüseyn Cavidin qohumu olduğunu nəzərə alıb,bəlkə də bağışlamaq olar.

Son yazılar