Vətən Müharibəsi şəhidlərinin Anım Günü ərəfəsində bütün ölkədə şəhid ailələri, onların məzarları ziyarət olunur. Belə tədbirlər Bakının Nərimanov rayonunda da davam etdirilir.
Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, İH başçısı Abdin Fərzəliyev və İH-nin kollektivi 27 sentyabr – Anım Günü ərəfəsində şəhid ailələrini ziyarət ediblər. “Səmimi keçən görüşlərdə Abdin Fərzəliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən Müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib, belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlığını bildirərək qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin, xalqın və sakini olduqları rayon icra hakimiyyətinin hər bir əməkdaşının daim onların yanında olduğunu bildirmişdir. Şəhid ailələri işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla və sürətlə aparılan quruculuq işlərindən fəxr hissi keçirdiklərini, keçmiş köçkün rayon sakinləri olan şəhid ailələri isə tezliklə dədə-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirmişlər”, - xəbərdə deyilir.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə, o cümlədən Vətən Müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğu, onların sosial məsələlərinə daim diqqət və həssaslıqla yanaşıldığı, bu qayğının hər zaman davam edəcəyi qeyd edilmişdir. Artıq rayon icra hakimiyyətinin hər bir əməkdaşı üçün əzizləşmiş şəhid ailələrinin üzvləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən qayğı və diqqətə görə növbəti dəfə onlara öz minnətdarlıqlarını bildiriblər.









Şərhlər