Menu

Naxçıvan klubunda böhran: futbolçular qovuldu, məşqçilərə şərt qoyuldu

26.10.2014, 21:53
Naxçıvan klubunda böhran: futbolçular qovuldu, məşqçilərə şərt qoyuldu

Naxçıvanın “Araz-Naxçıvan” futbol klubunda gərginlik hökm sürür. Belə ki, klubun bir neçə oyunçusu qovulub, məşqçilər heyətinin qarşısına isə şərt qoyulub.Virtualaz.org saytı xəbər verir ki, Topaz Premyer Liqasının son turunda “Simurq”a böyük hesabla (0:4) məğlub olan “Araz-Naxçıvan”da klubdaxili iclas keçirilib.

Başda klub rəhbərliyi və Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov olmaqla məşqçi heyəti və futbolçularla keçirilən görüşdə komandanın indiki vəziyyəti müzakirə olunub.

Klubun rəsmi saytında da yer alan məlumata görə, iclasda çıxış edən Azad Cabbarov ilk olaraq komandanın son 7 turda qələbə qazana bilməməsinin səbəblərini məşqçilər korpusu ilə müzakirə edib. Eyni zamanda görüşdə futbolçuların fərdi, həmçinin kollektiv hazırlıq və oyun səviyyəsinin çox aşağı olduğu diqqətə çatdırılıb və məşqçilərin qarşısında şərt qoyulub.

Klubun icraçı direktoru başda olmaqla digər işçilərə də ciddi xəbərdarlıq edilib. Komanda ümumi şəkildə cərimələnib və bir neçə futbolçunun qovulmasına qərar verilib. Komandanın növbəti turlarda da bu nəticəni göstərəcəyi təqdirdə isə daha ciddi addımların atılacağı bildirilib.

Qeyd edək ki, “Araz-Naxçıvan” oynadığı 8 oyundan 4 xal toplayıb və turnir cədvəlində sonuncu pillədədir.

Topaz Premyer Liqasına bu il çıxan Naxçıvan klubu yeganə qələbəsini ilk turda “Neftçi” ilə oyunda qazanıb. Naxçıvanda keçirilən oyunda “Neftçi” meydana əsas heyətlə çıxmamışdı. Oyun 3:0 hesabı ilə Naxçıvan klubunun qələbəsi ilə başa çatmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol