"Üçüncü doza vacibdir..." - Yaşlılar və risk qrupunda olanların immun sistemi tez zəifləyir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vaksinlər üzrə ekspertlər qrupu yaşlılara və immun sistemi zəif olanlara COVID-19-a qarşı vaksinin əlavə dozasını vurmağı tövsiyə edib. 

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, ÜST-nin vaksinlər üzrə direktoru Keyt Obrayan üçüncü doza ikincidən bir-üç ay sonra vurulmalı olduğunu deyib. O əlavə edib ki, bu tədbir xəstəliyin ağırlaşmasından, hospitalizasiya və ölümdən qoruya biləcək. Obrayan qeyd edib ki, bu doza buster sayılmır, ardıcıl vaksinasiya qrafikinin tərkib hissəsi kimi tövsiyə olunur. Yəni, vaksinasiyaya qarşı normal immun reaksiyası göstərən, xüsusi xəstəliyi olmayan sağlam, daha gənc əhaliyə aid deyil.

Araşdırmalar yaşı 65-dən yuxarı şəxslərdə vaksinasiyanın yaratdığı qorumanın gənclərdən daha sürətlə azaldığını göstərib. Britaniya, Fransa və Birləşmiş Ştatlar daxil bir çox zəngin ölkələr yaşlılar və immun sistemi zəiflərə üçüncü dozanı təklif edir.

Üçüncü doza fərqli istehsalçıdan da ola bilər. Ancaq ekspert qrupu ilkin dozalarla eyni vaksinin vurulmasını tövsiyə edib. ÜST çoxlu vaksin ehtiyatı olanları yaşı 65-dən az, immun sistemi güclü olanlara buster dozanı təklif etməməyə çağırıb. Onlardan həmin dozaları vaksin çatışmazlığı yaşayan ölkələrə göndərmək istənilir.

BMT-nin Baş katibi Antonio Quterres vaksin bərabərsizliyini mənəviyyatın təhqiri adlandırıb. O deyib ki, bu, milyonlarla insanın ölümünə səbəb olur, ən çox yoxsul ölkələrə ziyan vuran iqtisadi azalmanı uzadır.

"Pandemiya 100 milyondan çox insanı yoxsulluğa sürükləyib, 4 milyarddan çox insanı sosial dəstəksiz, tibbi xidmətsiz qoyub, onların maaşların ödənməməsinə qarşı sığortası yoxdur", - Quterres vurğulayıb.

O, oktyabrın 11-də Beynəlxalq Valyuta Fondunda müzakirədə deyib ki, qlobal həmrəylik yoxa çıxıb, münaqişələrin ziyan vurduğu və yoxsul ölkələrdə yaşayanlar daha çox əziyyət çəkirlər.

Bu arada Britaniya parlamenti yaydığı hesabatda belə bir qənaətə gəlib ki, Mühafizəkar hökumət COVID-19 pandemiyasının ilkin dövründə lokdaun tətbiq etməyə gecikib. Hesabata görə, ölkə buna görə xəstəliyin qarşısını almaq şansını buraxıb, COVID-19-dan minlərlə insan lüzumsuz yerə həyatını itirib.

Birləşmiş Ştatlarda Texasın qubernatoru Qreq Abbot isə oktyabrın 11-də imzaladığı sərəncamla özəl biznes daxil olmaqla istənilən qurumun işçiləri üçün vaksini məcburi etməsini yasaqlayıb.

Abbot qeyd edir ki, vaksin onu vurdura bilənlərə güclü şəkildə tövsiyə olunur, amma texaslılar üçün həmişə könüllü olmalıdır.

Bayden administrasiyası isə ölkə boyunca 100-dən artıq işçisi olan qurumlar üçün vaksini məcburi etmək, yaxud hər həftə test vermək qaydalarını açıqlamaq üzrədir. İndiyədək Montana ştatı da işəgötürənlərin vaksin qaydası qoymasını qadağan edib. Bir sıra ştatlar isə məktəblərdə belə bir tələbin qoyulmasını istisna ediblər.

Abbot daha öncə ştat və yerli hökumət agentliklərinin vaksin tələbi qoymasını yasaqlamışdı, amma özəl şirkətlər buna özləri qərar verməliydilər. Sərəncama qarşı məhkəmə iddiaları qaldırıla bilər.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar