Naxçıvan sakinləri TƏBİB-dən immun sertifikatı ala bilmirlər – MR ümumi statistikadan kənarda qalıb?

"Naxçıvan Muxtar Respublikasında (NMR) koronavirus infeksiyasına yoluxan vətəndaşlarla bağlı məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumat bazasına daxil edilmir".

Bu barədə "AzPolitika.info" saytına yerli sakinlər məlumat verib. Məlumatda qeyd olunur ki, bu səbəbdən virusa yoluxub-sağalan şəxslər TƏBİB-in saytından immun sertifikatı əldə edə bilmirlər. Nəticədə onların respublika ərazisində sərbəst hərəkətinə problemlər yaranır, COVİD-19 pasportu, yaxud immun sertifikatı tələb olunan qapalı məkanlara daxil ola bilmirlər.

Problemlə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Baxış "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirdi ki, Naxçıvan Muxtar Respublikasında TƏBİB-in tabeliyində olan tibb müəssisələri mövcud deyil. O, bu barədə suallarımızı Səhiyyə Nazirliyinə, eyni zamanda Nazirlər Kabinetinə (NK) ünvanlamağı tövsiyə etdi.

E.Baxışın dediklərindən belə məlum olur ki, TƏBİB-in gündəlik açıqladığı yoluxma statistikası Naxçıvanı əhatə etmir. Qurumun nümayəndəsi bu barədə suala konkret cavab verməyərək Nazirlər Kabinetinə müraciət etməyi xahiş etdi.

NK-ya ünvanladığımız sorğuya isə hələ ki, cavab verilməyib. 

Daha bir problem koronavirusa yoluxub-sağalan şəxslər barədə məlumatların bir müddət sonra TƏBİB-in informasiya bazasından silinməsi ilə bağlıdır. Qeyd olunur ki, son bir ayda virusdan sağalmış vətəndaşlar barədə məlumatların sistemdən yoxa çıxması onlara ciddi problemlər yaradıb. Çünki immunitet sertifikatı əldə edə bilmirlərsə, mütləq vaksin olunmalıdırlar. Amma Ümumdünya Səhiyyə Təşkilatının təlimatına görə, koronavirus keçirmiş şəxslər 3 aydan tez peyvənd oluna bilməzlər.

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri bildirdi ki, virusa yoluxmuş vətəndaşlar haqqında məlumatlar 6 aydan sonra informasiya bazasından silinir və həmin şəxslər vaksin olunmalıdırlar. Qeyd olunan informasiyaya gəlincə, E.Baxış fərdi müraciətlərin təqdim ediləcəyi təqdirdə araşdırma aparılacağını əlavə etdi. 

"AzPolitika.info"

635x100

Şərhlər

Həkim 2021-10-12 17:12:41

TƏBİB yanlış orty atılmış yararsız və səhiyyəni parçalayan qurumdur.Bu ləğv edilməlidir.Yox,əgər edilmirsə,o zaman səhiyyə nazirliyi ortadan götürülməlidir

Son yazılar