AZƏRBAYCANDA İRAN BAZARLARI – Siyasi qarşıdurma fonunda ticarət necə gedir?

Azərbaycanda İranda istehsal olunan ərzaq və gündəlik tələbat mallarının satışı ilə məşğul olan xüsusi mağazalar fəaliyyət göstərir. Bakıda onların sayı daha çoxdur. Dünən onlardan birinə baş çəkdik, həmçinin paytaxt sakinləri arasında kiçik sorğu aparıb reportaj hazırladıq.

Mövzunu aktuallaşdıran əsas hadisə isə son aylar Azərbaycanla İran arasında yaranan gərginlikdir.

Maraqlıdır, siyasi, diplomatik müstəvidə münasibətlərin qarşıdurma həddinə çatması ölkələrarası ticarətə necə təsir göstərib?

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi böyükdür. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2020-ci ildə iki ölkə arasında 339 milyon dollar dəyərində ticarət olub. Bunun 38 milyonu ixrac, yerdə qalan 301 milyonu isə idxaldır. Son iki ilə olan statistikaya nəzər saldıqda aydın olur ki, Azərbaycanla İranın ticarət əlaqələri zəifləyib. Belə ki, 2019-cu ildə bu ölkədən Azərbaycana 452 milyon dollarlıq məhsul idxal olunubsa, 2020-ci ildə bu həcm 32 faiz azalaraq 339 milyona enib. Bu azalma tempi 2021-ci ildə də davam edib. Bu ilin 8 ayının nəticələrinə görə, ticarət dövriyyəsinin həcmi 279 milyon dollara düşüb ki, onun da 19 milyonunu Azərbaycanın qonşu ölkəyə ixracı təşkil edir.

Azərbaycanın İrana satdığı mallar geniş çeşiddə olsa da, ölkənin strateji məhsulları deyil. İrandan bizə daha çox gündəlik istifadə olunan mallar, yeyinti və kənd təsərrüfatı məhsulları gətirilir. Həmçinin qonşu ölkədə istehsal olunan ədviyyat və çərəzlər yerli bazarlarda önəmli paya malikdir. Azərbaycandan isə bu ölkəyə əsasən meyvə-tərəvəz konservaları və neft-kimya sənayesi məhsulları ixrac olunur. Hazırda paytaxtda və cənub bölgəsində yerləşən ticarət mərkəzlərində geniş çeşiddə İran məhsulları satılır. Bakıda tez-tez rastlaşdığımız "Nə alsan 1 manat" kampaniyaları keçirilən mağazalardakı məhsulların bu qədər ucuz olmasının səbəbi məhz İran mallarının satışı ilə əlaqədardır. Son zamanlar belə mağazaların sayı artmaqdadır.

Paytaxtda İran məhsulları satan mağazaların birinin satıcısı Rəşad Eyyubov “AzPolotika.info”nun əməkdaşına bildirib ki, İran məhsullarına maraq böyükdür, bunun əsas səbəbi qiymətlərin aşağı, keyfiyyətin yaxşı olmasıdır. Satıcı deyir ki, ölkəyə əsasən Təbriz, Rza, Məşhəd, Qum, Ərdəbil bazarlarından məhsullar gətirirlər: "Həmçinin sifarişlər əsasında da məhsullar alıb gətirə bilirik. İran bazarlarında Azərbaycan manatı ilə də ticarət etmək mümkündür".

Həmsöhbətimiz əlavə etdi ki, hazırda ticarət əlaqələrinə heç bir əngəl yoxdur və lazım olan məhsulları rahat şəkildə ölkəyə gətirə bilirlər.

Paytaxtda apardığımız sorğu zamanı aydın oldu ki, vətəndaşlar arasında İran məhsullarından istifadə edənlər olsa da, keyfiyyət heç də hamını qane etmir.

Bakı sakini Aytən Səfiyeva dedi ki, İranda istehsal edilən yuyucu və təmizlik vasitələrindən tez-tez istifadə edir və indiyə qədər hansısa narazılığı olmayıb.

Vüsalə Mehrablı isə bildirir ki, İran məhsulları çox ucuz olsa da, keyfiyyəti yaxşı deyil: "Bu səbəbdən Türkiyə məhsullarına daha çox üstünlük veririk".

Rəsul Əliyev qeyd edir ki, qida məhsullarından başqa digər İran məhsullarından istifadə edib və razı qalıb: "Qiymət və keyfiyyət baxımından bu ölkədən gətirilən mallar heç də pis deyil".

Diqqət ediləsi bir məqam isə bəzi işbazların vətəndaşları aldadaraq yerli mal adı altında İran məhsulları satmasıdır. Bu hallara Bakıda “Ordubad nemətləri”, “Naxçıvan nemətləri” kimi mağazalarda rast gəlmək mümkündür.

İqtisadçı Rəşad Həsənov bildirir ki, son illərdə İranda istehsal olunan məhsulların dəyəri aşağı düşüb. Bu səbəbdən Azərbaycanda İran mənşəli məhsulların satışı üçün daha əlverişli vəziyyət yaranır. Bu isə öz növbəsində, Azərbaycanda yerli istehsala ciddi problemlər yaradır: "Pandemiya dövründə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, bu zaman, əlbəttə, daha ucuz məhsullara tələb artıb. Nəticədə Azərbaycan istehsalı bəzi yerli məhsullar bazarda sıxışdırılır". R.Həsənovun sözlərinə görə, İranla ticarət dövriyyəsi artır, amma bu, İrandan idxalın hesabına baş verir. "Azərbaycandan İrana ixrac isə azalır, çünki bizim mallarımız orda baha təklif olunur”, - ekspert əlavə edib.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar