TƏXİRƏ SALINMIŞ SEÇİM - Milli Məclisə boş qalan yerlərə seçkilər niyə keçirilmir?

Son növbədənkənar parlament seçkilərindən 1 ildən çox keçməsinə baxmayaraq, 5 deputat yeri boş qalır.

2020-ci il fevralın 9-da keçirilən seçkilərdən sonra 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib. Beşinci deputat mandatı isə deputat Fəttah Heydərovun vəfatından sonra boş qalıb.

Qanunvericiliyə görə, belə olan halda həmin dairələr üzrə təkrar seçkilər keçirilməlidir. 2015-ci ilin noyabrında da Milli Məclisə seçkilərdə 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələri ləğv edilmişdi. Lakin növbəti il iyunun 18-də dairə üzrə təkrar seçkilər keçirilmişdi.

Bəs bu dəfə belə uzun müddət keçməsinə baxmayaraq, seçkilər niyə keçirilmir?

Mərkəzi Seçki Komissiyasından Turan-a bildirilib ki, seçki qanunvericiliyində təkrar seçkilərin keçirilmə müddəti ilə bağlı konkret müddəa yoxdur. Təkrar seçkilərin vaxtı ölkə prezidentin sərəncamı ilə təyin edilir. Mövcud qanunvericiliyə əsasən parlament seçkilərinin təyin olunması səlahiyyəti prezidentə, keçirilməsi vəzifəsi isə Mərkəzi Seçki Komissiyasına məxsusdur. Sözügedən səlahiyyət və vəzifə müvafiq olaraq, Konstitusiyanın 109-cu və Seçki Məcəlləsinin 25-ci maddələri ilə müəyyənləşdirilib.

Qurumdan qeyd olunub ki, Milli Məclisə təkrar seçkilər Seçki Məcəlləsinin 172-ci maddəsi ilə müəyyənləşdirilib. Həmin maddəyə əsasən, Dairə Seçki Komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayarsa və ya Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq etməzsə Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Məmməd Məmmədzadə də bildirib ki, seçki nəticələri etibarsız sayılırsa, həmin dairələr üzrə təkrar seçki keçirilməlidir: «Bir də əlavə seçki deyilən bir prosedur var. Bu prosedur deputat cinayət törətdiyinə, ya da ki ölkə vətəndaşlığından çıxdığına görə mandatından məhrum ediləndə və ya özü mandatdan imtina edəndə həyata keçirilir. Vəfat edən deputat Fəttah Heydərovun yerinə əlavə seçkilər keçirilməlidir. Qanunvericiliyə görə, prezident 1 ay müddətində əlavə seçkiləri təyin etməlidir".

Milli Məclisə təkrar seçkilərə gəlincə, ekspert qeyd edib ki, Seçki Məcəlləsində həmin seçkilərin müddəti ilə bağlı konkret müddəa yoxdur: «Hökümət təkrar və əlavə seçkilərin keçirilməməsini koronavirusla və müharibəyə görə hərbi vəziyyətlə izah edə bilər. Amma qanunvericiliyə görə, hərbi vəziyyət ləğv olunandan 3 ay sonra seçki keçirilə bilər. Koronavirusa görə isə fövqəladə vəziyyət elan olunmayıbsa, o halda da seçkilərin keçirilməsi mümkündür".

Politoloq Azər Qasımlı bildirib ki, kuluarlarda referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi ilə bağlı söhbətlər gedir: «Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm, dəqiq bilirəm ki, hökümət bu seçkilərə ehtiyac görmür. Nəyisə dəyişməyə ehtiyac görsəydi, bu seçkilər çoxdan keçirilmişdi. 44 günlük müharibədən sonra hakimiyyətin belə məsələlərə, ümumiyyətlə, marağı yoxdur».

Onun fikrincə, ola bilsin ki, boş qalan dairələrdən təyin ediləcək bir neçə namizəd var: «Yəqin ki, bu namizədlərlə bağlı hələlik qərar vermədilər».

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2021-10-16 08:37:45

Şünki, yaxın zamanda, Milli Məclisdə bütün yerlər boş qalacaq və yeni seçgilərə gediləcək də ondan. çünki, indiki yarımçıq doğulmuş Parlamenti Ölkə Başçısı tezliklə buraxacaq.

Şəkidən 2021-10-15 22:38:53

Demokratik seçki istəyiriksə, Milli Məclis buraxılmalı, yenidən demokratik seçki keçirilməlidir... İndi təyin olunan deputatlar yalnız özlərini düşünürlər !

Xalq 2021-10-15 20:03:03

Seçilənlərin kimlər olduğu və necöə siyahı deputatlarıolsuğu jamıua bəllidir.Məzahirin texnologiyası isə seçilənlərdən xalqa bir xeyir varmı? İna görə elə indi ÇÇ-də oturanlar da xalqa lazım olmayanlardır.Millətin vəziyyətini bir dəf də olsun müzakirə edib uyğun qərarla ortaya çıxıblar? Ona görə 10 milyonun da orada vəkili yoxdir.o

esger 2021-10-15 17:11:13

Çünki MSK Seçki məcələsini vəöz səlahiyyətlərini bilmir Gözləyir yuxardan göstərişi Bu tarixdə artıq necə dəfə təkrər olurduı

Son yazılar