Türkmənistanın avtoritar lideri Qurbanqulu Berdıməhəmmədov ölkədə COVID-19-a bircə yoluxmanın belə qeydə alınmadığını bildirib.
Amma səhiyyə sistemindəki mənbənin "Azadlıq" radiosunun türkmən xidmətinə dediyinə görə, artıq bu xəstəlikdən 25 min nəfərin vəfatı gizli şəkildə rəsmiləşdirilib. “Koronavirusdan ölüm ictimaiyyətə açıqlanmasa da, hər gün vilayətlərdən Səhiyyə Nazirliyinə bu haqda məlumat verilir”, – mənbə qeyd edib.
Keçmiş sovet respublikası olan Türkmənistan əhalisi 6 milyona yaxındır və dünyada koronavirusa yoluxmaların olmadığını bildirən azı 5 ölkədən biridir. Onlardan üçü Sakit Okeanda təcrid olunmuş adalar, dördüncüsü sərt nəzarət altında olan Şimali Koreyadır.
Türkmənistanı 2006-cı ildən idarə edən Prezident Qurbanqulu Berdıməhəmmədov ölkədə COVID-19-un olmasıyla bağlı xəbərləri saxta adlandırıb. O, sentyabrda BMT-də çıxışında deyib ki, pandemiya siyasiləşdirilməməlidir.

Mənbə isə koronavirusdan real ölümün 25 mindən çox olduğunu, tibb işçilərinin pandemiyanın miqyasını kiçiltməyə çalışdığını söyləyib. “Regional rəsmilər qorxurlar və mərkəzə ötürdükləri məlumatlarda ölü sayını azaldırlar”, – məlumatda qeyd olunur.
Türkmənistan xəstəliyi inkar etsə də, adamların sıx olduğu yerlərdə sərt qadağalar tətbiq edib. Üstəlik, Aşqabad iyuldan yaşı 18-dən yuxarı olanlar üçün vaksini məcburi edib, Rusiya və Çindən vaksin tədarükü görüb.
"AzPolitika.info"


Şərhlər