“Televiziyalar sanki bilərəkdən parlamentin nüfuzunu aşağı salmağa çalışırlar” – Deputat “AzTV” və “İTV”-ni tənqid etdi

Milli Məclisin üzvü Fazil Mustafa televiziyaları parlamentin nüfuzunu aşağı salmaqda, parlamentin iclaslarından verilən reportajlarda obyektivliyə riayət etməməkdə günahlandırıb.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı özünün “feysbuk” səhifəsində paylaşım edən deputat televiziyaların ayrıseçkiliyə yol verdiyini və ölkədə plüralizmin inkişafına xidmət etmədiyini vurğulayıb: “”AzTV Xəbər”in Milli Məclisin bugünkü iclasından hazırlanan reportajına baxıram. Müzakirə olunan məsələlərin ardıcıllığı pozulub. Hamımızın şəklini göstərirlər. Çıxışçıların isə hamısı Yeni Azərbaycan Partiyasından olan deputatlardır. Digər partiya təmsilçilərinin bircə çıxışını da vermirlər. Hətta müstəqil deputatların da çıxışını nümunə üçün göstərmirlər.

İTV xəbərlərində daha qısa süjet hazırlanıb və əhəmiyyətli çıxışlardan heç biri yox. Bir yandan da siyasi partiyalar yığışıb Şuşaya gedirik ki, ölkədə siyasi mədəniyyətin inkişafını camaata göstərək. Ölkə Prezidenti siyasi partiyaların rolunu qaldırmağa, siyasi plüralizmin inkişafına çağırış edir, televiziya dəyirmanı da öz ənənəvi dənini üyüdür. Sanki bilərəkdən parlamentin nüfuzunu aşağı salmağa çalışırlar. Demək istəyirlər ki, burada hansısa ciddi məsələ müzakirə olunmur. Halbuki, buradakı müzakirələri nümayiş etdirmək həm dövlətin, həm də xalqın marağına uyğundur.”

Deputatın bu mövzuyla bağlı söylədiklərində həqiqət yükü az deyil. Doğrudan da televiziyaların rəhbərliklərində edilən dəyişikliklərə, yeni, gənc kadrların təyinatına baxmayaraq, onların siyasi proseslərə mühafizəkar baxışı, yanaşması dəyişməyib. Sanki parlamentdəki pis-yaxşı, 3-5 müxalif mövqeli deputatın tənqidi çıxışını efirə verməkdən qorxur, çəkinirlər. Yəqin bunun üçün də “yuxarıdan” göstəriş gözləyirlər. Hansı ki, hər bir televiziya rəhbəri ölkədəki siyasi mühitə, burada müşahidə olunan tendensiyalara diqqət verməli, ən azından öz efir siyasətlərini bu reallıqlara uyğun qurmalıdır.

Deputatın da dediyi kimi, ölkə rəhbərliyi səviyyəsində siyasi partiyaların rolunun artırılması, siyasi plüralizmin inkişafına yönələn müəyyən addımlar atılmaqdadır. Lakin göründüyü kimi, televizyaların siyasi hazırlıq səviyyəsi hələ də qənaətbəxş deyil, onlar bu proseslərin ardınca yürüyə bilmir, “axsayır” və baş verənləri görməkdə çətinlik çəkirlər. 

“AzPolitika.info”

635x100

Şərhlər

Niyaməddin 2021-10-17 00:16:47

Qardaş, sən demə bizdə parlament var imiş, o parlamentin də nüfuzu var imiş. Allah, Allah Allah, Allah.

Fazil Qəzənfəroğluna 2021-10-16 13:59:32

Parlamentdə hansı nüfuzdan söhbət gedə biər? Orada 2-3 nüfuzlu şəxs ya ola.ya olmaya! Siyahi il yazlan deputatkar nüfuz barədə necə düşünə bilər?Xalqın süçib təklif etmədiyi.əksəriyyət tərəfindən (65-80 faizi ) seçilməyən şəxs hansı haqla özünü Millət vəkili sayır.Məgər hətta fiktiv olaraq 25-30 faizin iştirakı ilə Millətə vəkil seçilərmi? İna görə Fazil bəy günahı özlərnizdə arayın.fikusü

Son yazılar