“Müharibədən sonra yeni Azərbaycan yaranıb”. Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasında keçirilən “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masada deyib.
O, Qarabağ qələbəsindən 1 il keçdiyini bildirib, qeyd edib ki, Qarabağdakı quruculuq müharibədən öncə başlanmış islahatları unutdurmamalıdır: “Bu gün əhalinin böyük qələbə sevincinə, inamına kölgə salan hallar var. Bu hallar aradan qaldırılmalıdır. Biz qələbədən sonra yeni dövr başlayacağını arzulayırdıq. Müharibədən sonra bu belə idi. Ancaq sonra yenə məmur otaqları xalqın üzünə bağlandı. Prezidentin arxasında dayanmalı olan vəzifəli sahiblərinin çoxu öz məsuliyyətini unudub. Prezidentin ortada tək olduğunu görürük. Yeni kadrların çoxu təcrübəsizdir. Rayon yerlərinə gedənlərə Harvard Universitetindən daha çox “torpaq universiteti” də oxumaq lazımdır. Biz düşmənə qalib gəldik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür, bunun üçün də 44 günlük savaş lazımdır. Məmur boşboğaz təriflərdən, riyakar yaltaqlıqlardan kənarda qalmalıdır. Qul psixologiyası bizim uşaqlarımıza heç nə verə bilməz. Digər tərəfdən, siyasi partiyalar arasında bu birlik qorunmalıdır. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir. Dialoq görüntü və toplantı xarakteri daşımamalı, sistemli fəaliyyətə çevrilməlidir. İqtidar və müxalifət arasında şər-böhtan aradan qaldırılmalıdır. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin qaldırdığı məsələləri diqqətlə dinləməlidir, müxalifətin çıxışlarına daha ciddi yanaşmalıdır. Müxalifət Qarabağ məsələsində, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməlidir”. (Bakupost.az)


Şərhlər
Bu antimilli ünsürlər hər yerdə kök salıblar.....
azpolitika.info saytına və Sabir Rüstəmxanlıya dərin təşəkkürümüzü bildiririk, minnətdarıq. Belə mövzuların davamını arzulayırıq. İqtidar və müxalifət bütün vicdansızlıqlara qarşı birgə mübarizə aparmalıdır. Biz cənab prezident İlham Əliyevin siyasətini tamamilə doğru hesab edirik və onun daim bu xalqın prezidenti kimi qalmasını istəyirik. Lakin rüşvətxor məmurlara, dövlət içərisində dövlət yaradanlara, bu xalqın qanını içənlər nifrət edirik. Onların ermənilərdən heç bir fərqi yoxdur, hətta daha əclafdırlar. Bu antimilli insanabənzərlərin rədd olunmasını tələb edirik.
rsşvəti Saakaşvili kimi ləğv edərlər.
Sabir müəllim,rüşvətdən də dəhşətli olan regionçuluq azarına tutulanlardan xilas olmalıyıq.İş o yerə gəlib ki,hətta müharibə əlilləri və şəhid ailələrinə mənzil paylanan zaman regionçuluq baş verir.Regionçuluq xəstələri məlum regiondan olanlara şəhərdə,yerli camaata isə Abşeronun ucqar və qurudulmuş bataqlıq ərazilərində ev verirlər.Allah,regionçuluğu Azərbaycana gətirənlərə və regionçulara lənət eləsin!
Məmur qaplarını aça bilməyən deputatlar əvvəla özləri onların açılmasına nail olsun Xalq sizi seçib xalqı siz təmsil edirsiniz xalq adından siz danışırsınız