Menu

“Özbəkistanda prezident seçkiləri üçün hər cür şərait yaradılıb” - Şamil Ayrım

24.10.2021, 11:03
“Özbəkistanda prezident seçkiləri üçün hər cür şərait yaradılıb” - Şamil Ayrım

“Özbəkistana bu gün səhər gəldim. Bu ölkədə keçirilən müşahidəçi olduğum ikinci prezident seçkiləridir”.

“Report” xəbər verir ki, bu sözləri Özbəkistanda keçirilən prezident seçkilərini müşahidə edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.

Seçkiləri beynəlxalq, AKP-nin İstanbuldan olan millət vəkili, habelə digər statusda müşahidə etdiyini bildirən Şamil Ayrım Özbəkistanla bağlı təəssüratlarını da bölüşüb:

“Özbəkistanda çox böyük dəyişikliklər görürəm. Bunlar önəmli dəyişikliklərdir. Özbəkistanın Türkiyə ilə əlaqələri əhəmiyyətlidir”.

Şamil Ayrım qeyd edib ki, son illər Özbəkistanın türkdilli ölkələrlə əlaqələri inkişaf edib: “Əslində pandemiya şəraitində keçirilən bu seçkilər heç də asan deyil. Hər birimiz qoruyucu maskadan istifadə edirik”.

TBMM-in deputatı bir sıra seçki məntəqələrində olduğunu vurğulayıb: “Bu, bizim müşahidə apardığımız 4-cü seçki məntəqəsidir. Gördüyümüz mənzərə budur – Özbəkistan rəsmiləri pandemiya şəraitinə uyğun tədbirləri həyata keçiriblər, məntəqələrin girişində dezinfeksiya işləri, seçicilərin hərarətinin ölçülməsi, növbəlilik, sıra qaydasına əməl olunması. Bunlar təqdir olunası tədbirləridir.

Diqqətimi cəlb edən əsas məsələlərdən biri də seçici siyahısında adı çıxmayan seçicilərin qısa zamanda elektron qaydada səs verə bilməsidir. Bu önəmlidir. Yəni seçici siyahısında adı olmayan seçici səs verə bilir”.

Şamil Ayrım müşahidə kameralarının fəaliyyətinə də diqqət çəkib: “Kimsə kiməsə təzyiq göstərmir. Bu, əladır. Məntəqədə 5 siyasi partiyanın namizədlərinin nümayəndələri, digər təmsilçilər var”.

Onun sözlərinə görə, Özbəkistan türk dünyası üçün önəmli mərkəzlərdəndir. Seçki prosesi normal davam edir. Şamil Ayrım seçici aktivliyinin yüksək olduğunu, məntəqələrin axşam saat 20-dək fəaliyyət göstərəcəyini bildirib: “Bəzi seçki məntəqələrində seçici fəallığının 90 faizə çatacağı bildirilir. Önəmli olan seçki prosesinin şəffaf keçirilməsidir, seçicilərin dinc şəraitdə səs vermələridir. İnşallah belə davam etsə, seçkilərin nəticəsi yaxşı olacaq. Seçkilərin özbək xalqı üçün faydalı olmasını arzulayıram”.

Şərhlər

Baba 2021-10-24 11:21:05

Elə ilk gündən saxtakarlığı ortaya qoydu. Bu gün gəlib və Özbəkistan ən bütün seçki məntəqələrinin gəzib, tanış olub və görüb ki, seçki keçirilməsi üçün hər şey hazırdı. Bu qədər.....Olsun ki, bu Ayrım kardeşimiz demək istəyir ki, yəni nətəhər istəsən seçki keçirmək üçün hər şey hazırdır və mən yanlış anlamışam. Bu başqa məsələ. Yəni keyfini çək bildiyini elə, topa- topa bülleten at seçki keçir özbək iqtidarı.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol