Menu

QHT rəhbərləri Prezidentə müraciət etdilər – “Saleh Rüstəmlinin həyatı təhlükə altındadır...”

19.11.2021, 14:29
QHT rəhbərləri Prezidentə müraciət etdilər – “Saleh Rüstəmlinin həyatı təhlükə altındadır...”

Bir qrup QHT və media rəhbərləri, hüquq müdafiəçiləri hazırda həbsdə olan, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi proseslərinin və Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş, Başkəndin azad edilməsində müstəsna rol oynamış Saleh Rüstəmovla bağlı Prezidentə müraciət edib.

Xatırladaq ki, Saleh Rüstəmov 2019-cu il fevralın 27-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və müxalif AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib. S. Rüstəmli özünü təqsirsiz bilir və saxlanıldığı həbsxanada 14 gündür aclıq aksiyası keçirir. QHT rəhbərləri və hüquq müdafiəçilərinin ölkə başçısına ünvanladığı məktubda qeyd olunur ki, Saleh Rüstəmovun səhhətində ciddi problemlər yaranıb: "Proseslərin bu cür gedişi onun həyatının real təhlükə altında olduğunu və həyatını itirəcəyi ehtimalını artırır”. Müəlliflər Saleh Rüstəmovun Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə - Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində böyük rol oynadığını, uğurlu Başkənd əməliyyatında igidliklə iştirak etdiyini, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi proseslərinin fəal iştirakçılarından biri olduğunu vurğulayıblar.

Bundan başqa müəlliflər S. Rüstəmlinin 20 ilə yaxındır, böyrək çatışmazlığından əziyyət çəkən övladının olduğu qeyd ediblər. "İnsanların öz dövlətindən humanizm gözləntiləri həmişə böyük olub və Zəfər Günü münasibətilə Sizin təşəbbüsünüzlə verilən Amnistiya aktı da bu gözləntilərin bariz nümunələrindəndir. Bütün bunlara görə Sizə böyük inam və ehtiramla müraciətlə xahiş edirik ki, Rüstəmov Saleh Məhərrəm oğlunun cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi ilə bağlı öz səlahiyyətləriniz daxilində müvafiq göstəriş verəsiniz. Belə bir addım həm də, yaşadığımız hazırkı zəfər günlərində Sizin ictimai fikirdə yüksək minnətdarlıqla qarşılanan tədbirləriniz içərisində xeyirxah nümunələrdən biri olardı",- müəlliflər bildiriblər.

Müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadə, Əliməmməd Nuriyev, Hafiz Həsənov, Osman Gündüz, Əvəz Həsənov, Sahib Məmmədov, Eldar Zeynalov, Bahəddin Həziyev, Mehriban Zeynalova, Qulu Məhərrəmli, Arif Əliyev, Elşad Eyvazlı, Xanoğlan Əhmədov, Mehman Əliyev, Qorxmaz İbrahimli, Mirvari Qəhrəmanlı, Sabit Bağırov və Mirəli Hüseynov imzalayıblar.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol