“2018-ci il 15 sentyabrda Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən qardaşlıq paradında ölkə Prezidenti 4 dəfə Nuri Paşanın adını çəkdi və xidmətlərini vurğuladı. Demək ki, bu siyasi iradə ilə bağlı məsələ deyil. Orta səviyyəli səlahiyyətlilər bu işə bacardıqları qədər mane ola bildilər və Nuri Paşanın adını unutdurmağa çalışdılar”.

“AzPolitika.info” xəbər verir ki, bunları Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa 15 sentyabr 1918-ci ildə Bakını bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı maneələr haqda “Feysbuk” paylaşımında yazıb.

Bakıda Nuri Paşanın xatirəsinin əbədiləşdirilməsini “namus borcu” adlandıran millət vəkili daha sonra yazır: “Türkiyə-Azərbaycan qardaşılığının simvolu olaraq iki şəxsiyyətin üzərində xüsusi olaraq dayanmaq lazımdır. Bunlardan birincisi Əhməd bəy Ağaoğludur. Yeri gəlmişkən o, Nuri Paşanın siyasi müşaviri olmuşdur. Azərbaycan tarixinin ən böyük mütəfəkkirlərindən biridir. Yeganə şəxsdir ki, həm Osmanlı dövlətinin, həm Azərbaycan, həm də Türkiyə Cumhuriyyəti parlamentlərinin üzvü olmuşdur. Diqqət yetirin, onun doğulduğu, yetişdiyi məkan da Şuşadır, dədə-baba evi də oradadır, ancaq nədənsə Şuşa üzərindən də onun adını qabartmağı unuduruq...

İkinci böyük şəxsiyyət isə Nuri Paşadır. Ona bizim millət olaraq bir namus borcumuz var, söhbət onun xatirəsini əbədiləşdirməkdən getmir, öz namus borcumuzu yerinə yetirməkdən gedir. Mart soyqırımından sonra zəlil, pərişan bir gündə olan bir milləti 15 sentyabrda yenidən başını qürurla qaldıran bir millətə çevirən bir şəxsiyyətdir Nuri Paşa. Ona görə də bu məsələdə israr edirəm və bundan sonra da Zorgenin gözlərini sevənlərin qulaqları deşilsin deyə, bu təklifləri dönə-dönə təkrarlayacağam”.

“AzPolitika”