SOÇİ GÖRÜŞÜ HƏRBİ TOQQUŞMA RİSKİNİ AZALTDIMI? – “Bu prosesdə yalnız Rusiya vasitəçilik etsə...”

Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçi şəhərində keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşü gərginlik mərhələsini geridə qoya biləcəkmi? Qarşıda nələr gözlənilir, sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması prosesi necə gedəcək? Avropa Birliyinin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə keçiriləcək İlham Əliyev-Nikol Paşinyan görüşündən nə gözləmək olar?

Bu suallar ətrafında xarici və yerli ekspertlər gözləntilərini açıqlayıblar.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza bildirib ki, Soçidə keçirilən üçtərəfli görüş və imzalanan bəyanat gələcək addımlar üçün olduqca mühüm hadisədir. Brayzanın sözlərinə görə, bu sənəd sərhədlərin dəqiqləşdirilməsi üçün komissiyanın yaradılmasını, kommunikasiya xətlərinin açılmasını sürətləndirə bilər: "Sərhədlər müəyyənləşdiriləndən sonra o ərazilərdə hərbi toqquşmalara son veriləcək. Komissiyaların yaradılmasından sonra isə sabitlik yaranacaq və gərginlik səngiyəcək. Proseslərin gedişindən ümidsiz idim, amma indi daha pozitivəm ki, maneələr aradan qalxacaq".

Keçmiş səfir hesab edir ki, sərhəd məsələsi yoluna qoyulduqdan sonra Qarabağın statusu məsələsi Ermənistan tərəfindən yenidən gündəmə gətirilə bilər. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında gərginlik bir də həmin proseslər zamanı yenidən arta bilər.

Brayza hesab edir ki, ATƏT-in digər həmsədrləri - ABŞ və Fransa da prosesdə yaxından iştirak etməlidir: "Bir neçə həftə sonra Brüsseldə keçiriləcək görüşdə Avropa Birliyi önə çıxacaq və öz vasitəçiliyini təklif edəcək. Necə ki, Türkiyə Rusiya ilə bərabər Ağdamda öz hərbçilərini yerləşdirməklə sülhməramlıların fəaliyyətinə nəzarətdə balans yaradıblar. Düşünürəm ki, sərhədlərin müəyyənləşdirilməsinə Qərb dövlətlərinin də qoşulması prosesi sürətləndirə bilər. Ona görə də Azərbaycan və Ermənistan liderlərinin Brüsselə səfərlərində Avropa Birliyi fəal olmalıdır". 

ABŞ-da yaşayan siyasi təhlilçi Ramiz Yunus isə əksini düşünür. Onun sözlərinə görə, Putin, Əliyev və Paşinyan arasında Soçidə keçirilən görüş açıq şəkildə göstərdi ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra  Qarabağdakı ermənilərin qondarma statusu mövzusu gündəmdən tamamilə çıxarılır. "Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyi məsələsi və bu təhlükəsizliyi təmin edən "Rusiya sülhməramlıları" mövzusu yalnız Azərbaycan, Türkiyə və Rusiya formatında müzakirə mövzusudur. Kiminsə xoşuna gəlsə də, gəlməsə də... ATƏT-in Minsk Qrupunun və Ermənistanın özünün prosesdə iştirakına gəlincə, onlar müstəsna hal olaraq, müharibədən sonrakı dövrün yalnız humanitar məsələləri ilə məşğul olacaqlar”.

Məşhur amerikalı politoloq Pol Qobl isə bildirib ki, Putinin vasitəçiliyi ilə keçirilmiş Soçi görüşü proseslərdə kiçik irəliləyişi olan, amma böyük təbliğat kimi dəyərləndirilməlidir. O, hesab edir ki, tərəflər sərhədlərin qısa zamanda dəqiqləşdirilməsini istəyirlərsə, prosesə qərb ekspertlərini qoşmalıdırlar. "Bu məsələyə təkcə Rusiya vasitəçilik eləsə, problem bitib-tükənməyən sərhəd mübahisəsinə çevrilə bilər", - Pol Qobl vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar