Menu

"Kobudluğa yol vermiş əməkdaşı cəzalandırın!" - MŞ sədrindən Elçin Quliyevə çağırış

02.12.2021, 11:06
"Kobudluğa yol vermiş əməkdaşı cəzalandırın!" - MŞ sədrindən Elçin Quliyevə çağırış

"Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən Baku TV-nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir". 

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov "Facebook" hesabında yazıb.

MŞ sədri bildirir ki, media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır: "Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşayiət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır".

Ə.Amaşov vurğulayıb ki, Azərbaycan Mətbuat Şurası Baku TV-nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. "Şura Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır",- o qeyd edib.

Onun sözlərinə görə, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün Baku TV əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. "Şura ümüd edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcəkdir", - Əflatun Amaşov bildirib.

"AzPolitika.info"

Şərhlər

Mubariz 2021-12-02 13:21:43

o Elnarənin əridir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol