Bu il Azərbaycanda 50 mindən çox şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Milli Məclisin deputatları Musa Quliyev, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Arzu Nağıyev, Aqil Məmmədov, İlham Məmmədov və Soltan Məmmədovla görüş olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Agentliyin sədri Anar Bayramov millət vəkillərinə tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər barədə məlumat verib. O, əlilliyin qiymətləndirilməsi üzrə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi üçün son aylarda tətbiq olunan yenilikləri qeyd edib. Nəticədə bu e-sistemin funksional imkanlarının xeyli genişləndiyini, tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf, obyektiv həyata keçirilməsi imkanlarının artdığını bildirib.

A.Bayramov 2021-ci ilin ötən dövründə artıq 50 mindən çox şəxsə əlillik təyin edildiyini deyib. Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparıldığını qeyd edib.

Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı işlərindən də bəhs olunub.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2019-2021-ci illərdə Agentliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.

Müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin də yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm bazadır. Agentliyin reabilitasiya müəssisələrində 1600 qaziyə, bu ilin 11 ayında əlilliyi olan şəxslər, habelə müharibə əlillərindən ibarət 7500-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib. Yaxın günlərdə Qəbələ Uşaq Reabilitasiya Mərkəzi, gələn il isə Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək.

2021-ci ilin 11 ayı ərzində Agentlik tərəfindən 8 minə yaxın əlilliyi olan şəxsə 41 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsi, o cümlədən 953 mühərrikli təkərli oturacaq verilib. O cümlədən, 1084 müharibə əlilinə 10823 reabilitasiya vasitəsi təqdim edilib. Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçi 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib.

Görüşdə millət vəkillərinin əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsi ilə bağlı rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb, müvafiq mövzuda fikir mübadiləsi aparılıb.

635x100

Şərhlər

Sahil 2021-12-02 15:07:31

50 mindən çoxuna ? Əlillik vermisiz , bəs neçə minlərlə əlili zəlil etmisiz?

Son yazılar