“Dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün ən böyük əhəmiyyəti ondan ibarət ola bilər ki, Paşinyan Qarabağın erməni torpağı olmadığını elan etsin”.
“AzPolitika” xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev “pravda.az” saytına açıqlamasında deyib.
R.Quliyevin fikrincə, Ermənistan rəhbərliyi həmçinin Xankəndindəki ermənilərin Azərbaycan vətəndaşları olduğu gerçəkliyini də qəbul etməlidir. Eks-spiker vurğulayıb ki, Paşinyan Dağlıq Qarabağ mövzusu ilə öz əl-qolunu bağlamaq istəmir: “O, bu məsələnin müzakirəsini istəmir, ancaq erməni revanşistlərin ağızlarını yummaq üçün belə bəyanatlar verir, Araik Arutyunyanla görüşür, heç bir mənası olmayan söhbətlər aparır”.
R.Quliyev dünyada, Ermənistan istisna olmaqla, bütün ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladıb: “Ermənistanın Baş naziri də Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını bəyan etməlidir. Avropa İttifaqına üzv dövlətlərin başçıları da regionda əmin-amanlığın Ermənistanın atacağı addımdan asılı olduğunu qəbul etməli və Paşinyanı buna sövq etməlidirlər. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərini açıb ticarətə başlaması ölkəyə azı 5 milyard dollar qazanc gətirə bilər və onun müstəqilliyinə heç bir xələl gətirməz. Rusiyadan ildə 1 milyard dollara qədər pul qoparıb, boynu bükülü gəzməkdənsə, bu variant daha yaxşıdır. Ermənistan, nəhayət, real müstəqil ola bilər. Əminəm ki, Prezident İlham Əliyev təkbətək görüşdə Paşinyanı başa salacaq...”
Elvin
"AzPolitika.info"


Şərhlər
Rəsul müəllim,Paşinyan kimdir ki,onu başa salmaq lazım gəlsin?Bu danışıqların arxasında genetik düşmənimiz Rusiya dayanıb.