ÜÇÜNCÜ DOZA TƏLƏBİ - Dövlət qurumları və ekspertlər "qanunsuzdur" deyir, amma...

Bəzi vətəndaşlar sosial şəbəkələrdə yazırlar ki, çalışdıqları iş yerlərində müdriyyət onlardan 3-cü doza vaksin sənədi istəyir. Bu tələbi yerinə yetirməsə işini itirmək təhlükəsi ilə üzləşdiyini bildirənlər də var.

Nazirlər Kabinetinin qərarına əsasən, 1 oktyabr tarixindən bəzi xidmət sahələrində çalışanların iki doza vaksin sənədi və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb olunur. Həmin iş və xidmət sahələrinə mülkiyyət formasından asılı olmayaraq, bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, topdan və pərakəndə ticarət, ictimai iaşə, mehmanxana, turizm, nəqliyyat xidmətləri daxil olmaqla ümumilikdə 40-a yaxın fəaliyyət sahəsi aiddir.

Azərbaycanda 2021-ci il 18 yanvar tarixindən indiyə qədər 5 milyon 83 min nəfər birinci doza, 4 milyon 573 min nəfər isə ikinci doza vaksin olunub. “Buster” (3-cü doza) vaksin olunanların sayı isə 911 mindən çoxdur.

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxışova “AzPolitika.info”ya bildirib ki, vaksinasiya könüllü qaydada aparılır.

"Bu, vaksinasiya strategiyasında da öz əksini tapıb” - deyə o, qeyd edib.

Səhiyyə Nazirliyindən ictimaiyyətə verilən açıqlamada bildirib ki, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olanlar) 3-cü doza vaksin vurdurmaq tövsiyyə olunur.

Deməli, hər iki qurum vaksinasiyanın könüllü olduğunu, heç bir məcbur etmənin olmadığını vurğulayır. Əgər elədirsə, Nazirlər Kabinetinin qərarı olmadan işçilərdən 3-cü doza vaksinin tələb olunması nə dərəcədə düzgündür?

Vəkil Azər Hüseynli “AzPolitika.info”ya bildirib ki, Nazirlər Kabinetinin 3-cü doza vaksin olunmaqla bağlı qərarı yoxdur: “Ümumiyyətlə heç bir qurumun belə bir qərarı mövcud deyil. Vaksinasiya ilə bağlı işçiləri hədələmək, işçini nəyəsə məcbur etmək, sıxışdırmaq Əmək Məcəlləsinə ziddir. Hətta bu əməli törədənlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Belə qanun pozutularıyla qarşılaşan vətəndaşlar Əmək Müfəttişliyinə, həmçinin hüquq mühafizə orqanlarına müraciət etməlidirlər”.

Vəkil Elmir Murquzov da “AzPolitika.info”ya bildirdi ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş yerlərində çalışanlardan 2 doza vaksin sənədi tələb olunur: “Bu qərar əsasında müdiriyyət işçilərindən peyvənd olunmalarını tələb edə bilər. Lakin Nazirlər Kabinetinin 3-cü doza peyvənd olunma ilə bağlı hasnısa qərarı olmadığından, ictimai iaşə obyektlərində işləyən işçilərin müdiriyyət tərəfindən buna məcbur edilməsi yolverilməzdir”.

E.Murquzov xatırladıb ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın əsas prinsiplərindən biri vaksinasiyanın könüllü olmasıdır.

"Yəni vətəndaş, könüllü qaydada epidemik vəziyyəti və infeksiyanın yayılma təhlükəsini dərk edərək, yanlız özü vaksinasiyada iştirak etmək qərarını verə bilər. Deməli, hazıda iş yerlərinə 3-cü doza vaksinasiya olunma tələbi qoyulmadığı üçün işçilər məcburi deyil, öz istəkləri olarsa vaskin oluna bilərlər" – deyə, vəkil qeyd edib.

Onun sözlərinə görə, 3-cü doza peyvənd olunmaq istəməyən işçinin işdən müvəqqəti kənarlaşdırılması qanunvericiliyə uyğun deyil: "Əmək Məcəlləsinin 62-ci maddəsində işçinin işdən kənar edilməsi halları qeyd olunub. Sözügedən maddədə belə hallar nəzərdə tutulmayıb”.

Həkim, infeksionist-hepatoloq Mərdan Əliyev “AzPolitika.info”ya bildirib ki, vaksinasiya könüllüdür və məcburetmə ola bilməz: “Düzdür, bəzi məcburetmələr də var. Məsələn, qapalı məkanlarda, ictimai iaşə obyektlərində, iş yerlərində çalışanlardan vaksin sertifikatı tələb olunur. Amma reallıq budur ki, bəzi qadağalar və tələblər olmasa, heç kim vaksin olunmaq istəməz”.

M.Əliyev 3-cü doza vaksin məsələsinə də aydınlıq gətirib: “Digər vaksinlərdə olduğu kimi 3-cü doza fərdilik prinsipləri əsasında aparılır. Xəstəliyi keçirməyənlərin 3-cü doza vaksin olunması vacibdir. Çünki müşahidələrimizə əsasən, ikinci dozadan 4-5 ay keçdikdən sonra xəstəliyə yoluxma və ağır keçirmə halları olur. Kimin immuniteti zəifdirsə, yaşlıdırsa, yanaşı xəstəlikləri varsa, bu şəxslər risk qrupuna daxildir. Bu şəxslərində 3-cü doza vaksin olunması tövsiyyə edilir. Düşünürəm ki, “Sinovac” dan 4 ay keçibsə artıq “Buster” dozanı vurdurmaq olar. Amma xəstəliyə yoluxub sağalanların 3-cü dozanı qəbul etməsinə ehtiyac yoxdur”.

Ekspertlərin şərhindən, dövlət qurumlarının məlumatından aydın olur ki, çalışanlardan 3-cü doza vaksin sertifikatının tələb olunması tamamilə qanuna ziddir və heç bir əsası yoxdur. Cəmiyyətimiz bu məsələdə diqqətli olmalı, qanunsuz tələblərlə qarşılaşan zaman müvafiq qurumlara şikayət etməlidir.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

turan 2021-12-08 15:36:44

gündəlik vaksin statistikasına baxın, birinci və ikinci doza 3000 kemir,üçüncü doza hər gün 30 mini keçir deməli qeyri -rəsmi əmr var ki, üçüncü doza mütləqdir

Hekim 2021-12-08 11:44:13

Utanmirlar, qizarmirlar, vaksinasiya konulludur deyib, durublar. Yalansa. Butun ishlerde teleb olunur artiq 3-cu doza. Kendlerde gundelik 1-2 nefere vaksin vurdururlar. Norma qoyulub. Hansi "konullukden " danishirlar, utanmazlar. Resmen toylara, restoranlara ve s insanlar buraxilmir vaksinsiz. Bunun neyi konulludur? Bu qerarlar bash nazir seviyyesinde verilir, bunlar konullukden dem vurur.

Son yazılar