“Deputat həmkarım hörmətli Vahid Əhmədovun Qarabağ qazisi, keçmiş icra başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması xahişi ilə ölkə Prezidenti İlham Əliyevə müraciətinə qoşulmağıma dair öz “Facebook” səhifəmdən paylaşdığım status bəzi dairələr tərəfindən məqsədli şəkildə təhrif olunaraq mahiyyətindən fərqli formada təqdim olunmağa cəhd edilir”.
Bu fikirləri deputat Etibar Əliyev "AzPolitika.info"-ya açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, həbsdə aclıq aksiyası keçirən Saleh Rüstəmli ilə bağlı kampaniyanın təsiri altında çox da məsələnin mahiyyətinə varmadan belə bir addım atıb: “Həmkarım Vahid Əhmədovun Saleh Rüstəmlinin azadlığa buraxılması xahişi ilə ölkə Prezidenti İlham Əliyevə müraciətindən sonra mətbuatda və sosial şəbəkələrdə aparılan kampaniyanın təsiri altında mən də analoji addımı atdım. Ancaq “Facebook” səhifəmdə belə bir status paylaşmağım mənim heç də Saleh Rüstəmlinin günahsız həbs olunduğunu iddia etməyim anlamına gəlmir. Çox təəssüf ki, bəzi dairələr müraciətimi bu formada təqdim etməyə çalışırlar. Lakin bildiyimiz kimi, bu adam ağır cinayətlərdə ittiham olunur və buna görə 2019-cu ildə məhkum olunub. Təbii olaraq cəzasının az hissəsini çəkib. Düşünürəm ki, məsələyə ancaq hüquqi prosedurlar çərçivəsində baxılmalıdır”.
"AzPolitika.info"


Şərhlər