Azərbaycan Minatəmizləmə Agentliyi Şuşada mülki şəxslərin minaya düşməsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: "Şuşa şəhərinin Daşaltı kəndindən 1 300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki nəfər - 1999-cu il təvəllüdlü Xanatov Orxan Norim oğlu və 1992-ci il Qəndiyev Vüsal Firuddin oğlu mina partlayışından həlak olub. Hadisə 9 dekabr tarixində saat 08:30 radələrində baş verib. Agentliyin təmizləmə qrupu tərəfindən hər iki şəxsin cəsədi minalı ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

ANAMA-nın İctimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsi məlumat üçün bildirir ki, partlayış nəticəsində həlak olan şəxslər Daşaltı kəndində bərpa və quruculuq işlərini həyata keçirən tikinti şirkətinin əməkdaşları olub.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılmış ilkin araşdırmalara görə hadisə düşmənin basdırdığı sürpriz mina partlayışı nəticəsində baş verib. Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması daha güclü partlayışa və öz növbəsində minaya düşənin ölümünə səbəb olur. Bu tip sürprizlər bir daha Ermənistan tərəfinin terrorçu niyyətinin baris nümunəsidir.

ANAMA tərəfindən azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərə növbəti dəfə müraciət olunur ki, təhlükəli və şübhəli ərazilərə daxil olmasınlar, rastlaşdıqları naməlum əşyalara toxunmasınlar".

***

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub. Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 9-da səhər saat 09:00 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Baş Prokurorluq  da Şuşanın Daşaltı kəndində iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:

"Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazirda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək".