"Azərbaycanda yeni hazırlanan “Media haqqında” qanun layihəsinin hazırlanmasının məqsədi informasiya təhlükəsizliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır".
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İnsan hüquqları komitəsinin birgə iclasında qanun layihəsinin müzakirəsi zaman deyib.
Onun sözlərinə görə, media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir: “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək".
Ə.İsmayılov qanun layihəsinə əsasən Media Reyestrinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına dəstək verməyə imkan verəcək. Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin verilməsi nəzərdə tutulur. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək".
Qeyd edək ki, layihəyə əsasən, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyacaq. Reyestrə daxil edildikdən sonra vahid jurnalist vəsiqəsi almadan da hər hansı şəxs jurnalist fəaliyyəti göstərə bilər.
Media subyektləri isə onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsinə xidmət edir.
Qanun layihəsi qəbul olunacağı təqdirdə, onun predmeti media subyektləri və jurnalistlərin media sahəsində fəaliyyətləri ilə bağlı münasibətlərin qurulmasını şərtləndirəcək.
“Vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu qanun layihəsinin təsir dairəsinə daxil deyil. Necə ki hər hüquqşünas vəkil, hər mühazirəçi müəllim deyil.
Reyestrə daxil edildikdən sonra müvafiq vəsiqəni alan jurnalistlər üçün bir neçə imtiyaz da nəzərdə tutulur.
Belə ki, jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olacaq.
Bu vəsiqələri alan jurnalistlər dövlət orqanları, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq imtiyazı da qazanacaq.
Media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı da nəzərdə tutulur.
İndiyədək bir sıra sahədə çalışan şəxslər üçün güzəştli kreditlər (sosial ipoteka və s.) nəzərdə tutulsa da, jurnalistlər daim bu məsələdən kənarda qalıb. Yeni qanunla isə jurnalistlərin maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadəsi də nəzərdə tutulur.
Layihədə qeyd olunur ki, həmin jurnalistlər özünün sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanacaq.
Bütün bunlar isə medianın nüfuzunun artmasına şərait yaradacaq.
Vaqif
"AzPolitika.info"


Şərhlər